Məhkəmə qərarları › İş №2(076)-1730/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1730/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1730/2023 08.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (anası) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfinə 28 mart 2008-ci ildə doğulmuş Sənan, 08 oktyabr 2010-cu ildə doğulmuş Gülay və 24 yanvar 2013-cü ildə doğulmuş Rüfan adlı uşaqların saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(076)-3332/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş 130 (bir yüz otuz) manat sabit pul formasında alimentin artırılmasına, hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində tutulmasına, 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 3332 saylı qətnaməsi ilə 28 mart 2008-ci ildə doğulmuş Sənan, 08 oktyabr 2010-cu ildə doğulmuş Gülay və 24 yanvar 2013-cü ildə doğulmuş Rüfan adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün cavabdehin hesabından onun nəfinə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment müəyyən olunub. Lakin hesab edir ki, həmin məbləğ bu gün üçün yetərli deyil. Belə ki, uşaqlar böyüyüb və xərcləri çoxalıb. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti artırsın və hər ay bir uşaq üçün 220 manat məbləğində sabit pul formasında müəyyən etsin. Çünki cavabdehin qazancı sabit deyil. O, Rusiyada fərdi əməklə məşğul olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, alimentin miqdarı müəyyən olunduqdan sonra onun və cavabdehdin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair heç bir halı müəyyən etməmiş, buna dair heç bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (anası) X2 ifadəsində bildirdi ki, oğlu Rasim əvvəllər sürücü işləsə də, 3 aydır heç bir yerdə işləmir. Alimenti oğlunun əvəzinə o öz vəsaiti hesabına ödəyir. İddiaçı ilə birlikdə özlərinə məxsus evdə yaşayırlar və evin komunal xərclərini o özü ödəyir. O, 500 manat əmək haqqı alır və hər ay 190 manat kredit ödəyir. Təyin edilmiş alimenti çox çətinliklə ödəyir və aliment təyin edildikdən sonra onların maddi vəziyyəti pisləşmiş, oğlu işini itirmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. İşdə olan AZ-İİ 121397 saylı, AZ-İİ 571000 saylı və AZ-İİİ 016197 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 28 mart 2008-ci il təvəllüdlü Sənan, 08 oktyabr 2010-cu il təvəllüdlü Gülay və 24 yanvar 2013-cü il təvəllüdlü Rüfan adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-3332/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 27 oktyabr 2022-ci il tarixdən başlayaraq, 28 mart 2008ci il tarixdə doğulmuş Sənan, 08 oktyabr 2010-cu il tarixdə doğulmuş Gülay və 24 yanvar 2013-cü il tarixdə doğulmuş Rufan adlı uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3332/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul olunduğu vaxt 06 ay müddət keçmiş, bu müddət ərzində uşağın zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, aliment miqdarı müəyyən edildikdən sonra, yəni son 06 ay müddətində iddiaçının və cavabdehin maddi və ailə vəziyyətində də dəyişiklik olmamış və iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını və alimentin artırılmasının aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, 28 mart 2008-ci il təvəllüdlü Sənan, 08 oktyabr 2010-cu il təvəllüdlü Gülay və 24 yanvar 2013-cü il təvəllüdlü Rüfan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar