Məhkəmə qərarları › İş №2(076)-1731/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1731/2023

04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1731/2023 04.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1.200 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə şərikli olaraq xırdabuynuzlu heyvanların satışı ilə məşğul olmuş, bu səbəbdən yaxın münasibətləri yaranmışdır. Təxminən 2 il əvvəl cavabdehə şərikli alver etmək üçün 1.500 manat pul vermiş, lakin cavabdeh onu şəriklikdən azad etmiş və ona 1.200 manat borcu qalmışdır. Dəfələrlə tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehdən 1.200 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə şərikli olaraq xırdabuynuzlu heyvanların satışı ilə məşğul olmuş, bu səbəbdən yaxın münasibətləri yaranmışdır. Təxminən 2 il əvvəl cavabdehə şərikli alver etmək üçün 1.500 manat pul vermişdir. Lakin 4–5 ay sonra cavabdeh onu şəriklikdən azad etmiş və ona 1.200 manat borcu qalmışdır. Bundan sonra dəfələrlə borcunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu hal da onu göstərir ki, cavabdeh onun etibarından sui–istifadə edərək, onu əlverişsiz vəziyyətə salmış, pulunu mənimsəyərək qaytarmamışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 1.200 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək və bu barədə məhkəməyə etiraz ərizəsi təqdim edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə şərikli olaraq xırdabuynuzlu heyvanların satışı ilə məşğul olmuşdur. Belə ki, hər ikisi birlikdə pul qoyaraq heyvan alıb–satmış, qazancı da yarı bölmüşlər. İddiaçı heç vaxt ona heyvan almaq üçün pul verməmişdir. Son vaxtlar heyvan alverindən əldə etdikləri puldan iddiaçıya çatası 300 manat pulu ona verməmiş, öz maddi ehtiyacları üçün xərcləmişdir. Sonradan maddi vəziyyəti daha da pisləşdiyi üçün iddiaçının 300 manat pulunu qaytara bilməmişdir. Hazırda onun iddiaçıya 300 manat borcu qalmışdır. Maddi imkanı olmadığından borcunu tam şəkildə birdəfəyə ödəyə bilməmişdir. Bununla belə iddiaçıya olan 300 manat borcunu qaytarmaqdan boyun qaçırmır və qısa zamanda borcunu qaytaracağını öhdəsinə götürür. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh ibtidai araşdırma zamanı İddiaçı 300 manat borcu qalmasını etiraf etmiş, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 1.500 manat məbləğində borc pul verməsini, həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Bunun əksinə olaraq, iddiaçıya 300 manat borcunun qalmasını sübutetmə yükü cavabdehin üzərinə düşür Beləliklə, məhkəmə tərəflərin izahatının təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehə borc pul vermiş, cavabdeh isə həmin pulu qısa zamanda qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu tam şəkildə ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə deyil, cavabdehin etiraf etdiyi həcmdə, yəni 300 manat məbləğində təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclası zamanı cavabdehin 1.200 manat borcunun qalması faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 1.200 manat deyil, yalnız cavabdehin etiraf etdiyi və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 300 manat miqdarda qismən əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 300 manat borclu qalması, həmin pulu iddiaçıya qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli, Cavabdeh 300 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar