Məhkəmə qərarları › İş №2(076)-1732/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1732/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1732/2023 21.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində borc pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, sosial şəbəkədə tanış olduğu Cavabdeh iddiaçıdan 1300 manat borc pul istəmiş, iddiaçı da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində cavabdehlə görüşmüşdür. İddiaçı həmin gün Neftçilər adlanan yerdə (Bakı şəhəri, Nizami rayonu 8-ci km qəsəbəsi, Q.Qarayev pr 29, Qarayev filialı) bankomatdan 416973 1604 nömrəli kartından 800 manat pul çıxarıb cavabdehə vermişdir. 2-ci dəfə İmişlidən xx.xx.2023-cü il tarixdə ********* nömrəli qəbzlə 416973 1604 nömrəli kartından onun 526163 0784 nömrəli kartına 500 manat pul köçürmüşdür. Cavabdeh borcunu 1 ay müddətinə qaytaracağına söz versə də, hələ də borcunu ödəməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı cavabdehə 1300 manat məbləğində pul verdiyini iddia etsə də, bunu sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normaların tələbi baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. İddiaçı isə cavabdehlə aralarında yazılı və ya şifahi borc müqaviləsinin olmasını sübuta yetirə bilməmişdir. Buna görə də iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar