Məhkəmə qərarları › İş №2(076)-1752/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1752/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1752/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 1.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh yoldaşının qohumudur. Onunla arasında olan şifahi razılaşmaya əsasən cavabdeh ondan 2024–2025–ci illər ərzində müxtəlif vaxtlarda olmaqla, cəmi 1.000 manat məbləğində borc almışdır. Həmin borcu pensiya kartının özündə olan vaxt qaytaracağına dair söz vermişdir. Lakin sonradan pulunu tələb etdikdə cavabdeh müxtəlif bəhanələr gətirməyə başlamış, pensiya kartının evində qaldığı qohumu Şəhriyar adlı şəxsdə olduğu üçün pulu qaytara bilmədiyini demişdir. Sonuncu dəfə 04 mart 2025–ci il tarixdə onu yaşadığı Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən qohumu Şəhriyarın evinə dəvət etmişdir. O, cavabdehin pulunu qaytaracağına ümid edərək həmin ünvana getmişdir. Lakin orada cavabdeh pulu qaytara bilməyəcəyini demişdir. O, cavabdehdən nəyə görə pulunu qaytarmadığı soruşduqda, Şəhriyar onun qolundan tutaraq evdən çölə çıxarmışdır. Evin həyətində isə başına və bədəninə yumruqla vuraraq oradan getməsini tələb etmişdir. Bununla bağlı polis şöbəsinə də şikayət etmişdir. Bundan sonra da dəfələrlə cavabdehdən borcunu tələb etmiş, lakin cavabdeh qaytarmadığı üçün məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 1.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh xx.xx.2025–ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, o, heç vaxt, o cümlədən 2024–2025–ci illər ərzində iddiaçıdan heç bir məbləğdə borc pul almamışdır. Özü təqaüdçüdür və aldığı təqaüdlə özünü dolandırır. Onun iddiaçıdan borc alacaq qədər yaxınlığı yoxdur, iddiaçı şər–böhtanla ona qarşı əsassız iddia qaldırmışdır. İddia tələbini qəbul etmir və işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonu, Əliyaqublu kəndində İddiaçı dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və Azərbaycan Respublikası İXM– nin 157–ci maddəsi ilə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 1.000 manat məbləğində pulun verilməsini və həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997–ci il tarixli qərarının 50– ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı 2024–2025–ci illər ərzində müxtəlif vaxtlarda cavabdehə cəmi 1.000 manat məbləğində borc pul verməsini, sonuncunun isə həmin pulu qaytarmamasını iddia etmişdir. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ona qarşı irəli sürülmüş iddianı qəbul etməmişdir. Bu səbəbdən məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim olunmuş sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, tərəflər arasında 1.000 manat məbləğində borc pulun verilməsi ilə bağlı borc müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə 1.000 manat məbləğində məbləğində borc pul verməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmiş, heç bir sübuta dayanmayan formal mülahizə əsasında iddianı əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəf isə irəli sürülmüş iddianı qəbul etməmişdir. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da iddiaçının cavabdehə 1.000 manat məbləğində borc pul verməsi iş materialları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Həmin Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar