Məhkəmə qərarları › İş №2(076)-1763/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1763/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1763/2025 19.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı Əfsal oğlunun cavabdeh "xxxx" ASC-nin baş idarəsinin rəhbərliyinə qarşı pozulmuş hüquqların bərpası tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Əfsal oğlunun cavabdeh "xxxx" ASC-nin baş idarəsinin rəhbərliyinə qarşı pozulmuş hüquqların bərpası tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin Müllki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2-ci maddəsində qeyd edilmişdir ki, ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı ərizənin xahiş etdim hissəsində cavabdehlərin hər birinə qarşı yönələn tələbini dəqiqləşdirilməmiş, belə ki, "xxxx" ASC-nin baş idarəsinin rəhbərliyi cavabdeh kimi göstərilsə də, ərizənin adıçəkilən hissəsində həmin cavabdeh qarşısında hansı tələb irəli sürdüyünü qeyd etməmişdir. Həmçinin, göründüyü kimi "xxxx" ASC-nin baş idarəsinin rəhbərliyi hüquqi şəxs olmayan təşkilatdır və belə olan halda iddia ərizəsinin aidiyyəti hissəsində tələb cavabdeh olaraq "xxxx" ASC-nə qarşı yönəlməli idi, hazırki ərizədə isə iddiaçı cavabdeh şəxsi düzgün göstərməmişdir. Həmçinin iddiaçı tələbini düzgün və aydın qeyd etməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla iddiaçı iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanununda qeyd edilən müddəalara riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDİM: İddiaçı Əfsal oğlunun cavabdeh "xxxx" ASC-nin baş idarəsinin rəhbərliyinə qarşı pozulmuş hüquqların bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tərəfə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar