Məhkəmə qərarları › İş №2(076)-1801/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1801/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1801/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 3500 (üç min beş yüz) manat pulun və 55 (əlli beş) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Şəmkir şəhərində yaşayır. Özü tək-tənha qadındır. Belə ki, bir qız övladı olmuş, o da 2006-cı ildə vəfat etmişdir. X1 adlı ögey bacısı da olmuşdur. X3 2004-cü ildən onunla yaşamışdır. X3 da 30 iyun 2023-cü ildə ağır xəstəlikdən vəfat etmişdir. Bacısı vəfat etmədən öncə onlar bacısı ilə birlikdə istilikxanalarda günəmuzd fəhlə işləmişlər. 2022-ci ilin dekabr ayından bacısının səhhəti pisləşməyə başlamış, getdikcə daha da ağırlaşmışdır. Bacısı evdə xəstə yatmışdır. Təxminən 7-8 il əvvəl istilikxanasında fəhlə işlədiyi Cavabdeh onların evə qonaq gəlmişdir. O, Qəribəni xəstə gördükdə onu Gəncə şəhərinə müalicəyə aparmağı təklif etmişdir. O da razı olmuşdur. Təxminən 1 ay bacısını müalicə etdirmiş, lakin onun səhhətində sağalmağa doğru irəliləyiş olmadığına görə onu Bakı şəhərinə aparmışdır. Bacısı Qəribəni Bakı şəhərində “Medeyra Hospital"da müayinə etdirmişlər. Orada bacısından analiz götürülmüş və Türkiyəyə göndərilmişdir. Onlar birlikdə rayona qayıtmışlar. Onlar əvvəldən bacısının evini onun müalicəsi üçün satmışlar. O, pulun bir hissəsini bacısının müalicəsinə xərcləmişdir. Analizlərin cavabı çıxdıqdan sonra Cavabdeh onların evə gələrək, onu aldadaraq həkimin bacısını sağaldacağını, bunun üçün 6000 manat pul istədiyini bildirmişdir. O da qalan pulundan 6000 manat pulu ona vermişdir ki, həkimə versin. Cavabdeh pulu apardıqdan bir həftə sonra onun təkidi ilə onları Bakı şəhərinə aparmışdır. X6 həkim onları qəbul edərək, bacısının müalicəsinin mümkün olmadığını bildirmişdir. O orada Ələkbərdən pulunu tələb etdikdə, Ələkbər ona səs-küy salmamağını bildirmiş və onları Şəmkir rayonuna qaytarmışdır. Bundan sonra bacısı Qəribə 3 ay yataq xəstəsi olmuş və 30 iyun 2023cü ildə ağır xəstəlikdən vəfat etmişdir. Onlar Bakı şəhərindən qayıtdıqdan sonra cavabdeh ümumiyyətlə onlar ilə maraqlanmamış və onun pulunu qaytarmamışdır. O dəfələrlə müraciət etsə də, o onu təhqir edərək, pulunu verməmişdir. O, ona görə də Şəmkir RPŞ-nə müraciət etmişdir. Şəmkir RPŞ-də araşdırma gedərkən cavabdeh onun pulundan 2500 manat qaytarmışdır. Qalan pulunu isə qaytarmaqdan imtina etmişdir. Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X5 xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda cavabdehin ona 3500 manat borcu vardır. Lakin, o, borcunu qaytarmaqdan imtina edir. O başsız, tənha qadındır. Cavabdeh nahaq yerə onun pulunu mənimsəmişdir. Ona görə də o məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə eyni ifadə verərək, iddianı tam edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir, belə ki, o İddiaçı 6000 manat deyil 3400 manat pul almışdır. Onun da 2500 manat hissəsini geri qaytarmışdır. Qalan 900 manat hissəsini isə imkanı olmadığından geri qaytara bilməmişdir. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işin başlamasında rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh öz izhatında göstərmişdir ki, Müalicə üçün Qəribə ona evini satıb 3400 manat pul vermişdir. Həkim Qəribəni müayinə edərkən başında nöqtələr olduğunu bildirmişdir. Eyni zamanda Qəribəni müalicə edə bilməyəcəyini izah etmişdir. Bundan sonra Qəribə vəfat etmişdir. Günayə ondan Qəribə tərəfindən verilən pulu geri istəmişdir. O, pulun 2500 manatını Günayəyə vermişdir. Qalan 900 manat pulunu imkanı olmadığına görə verə bilməmişdir. Günayǝyǝ 2500 manat pulu verdikdən sonra Günayəni görmədiyini, öldürəcəyi ilə hədələmədiyini və 3500 manat deyil 900 manat pul borcu olduğunu bilmişdir. Göründüyü kimi iddiaçı iddia edir ki, 2022-ci il dekabr ayında cavabdehlə aralarında əldə edilmiş razılığa əsasən, o bacısının həkiminə verməsi üçün cavabdehə 6000 manat pul vermiş, lakin daha sonra cavabdehin onu aldatdığı bildiyi üçün həmin pulu ondan tələb etmişdir. Bundan sonra cavabdeh həmin pulun 2500 manat hissəsini geri qaytamış, qalan 3500 manat pulu qaytarmaqdan isə imtina etmişdir. Cavabdeh isə iddianı qismən etiraf edərək, bildirmişdir ki, o iddiaçıdan 3400 manat pul almış, onun 2500 manat hissəsini qaytarmışdır. Hazırda isə ona 900 manat borcu qalmışdır. Məhkəmə məsələyə sübutlar və sübutetmə yükü baxımından yanaşaraq qeyd edir ki, iddiaçı 6000 manat pulun cavabdehə verilməsini, cavabdeh isə həmin pulun ona qaytarılmasını sübut etməlidir. Lakin, iddiaçının tələbinin əsası kimi məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli cinayət işin başlamasında rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh polis şöbəsində olan zaman iddiaçıdan 6000 manat deyil 3400 manat aldığını etiraf etmişdir. Cavabdeh eyni izahatı məhkəmənin hazırlıq iclasında da vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, tərəflərin polis şöbəsində verilmiş izahatlarından, həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə iddiaçı tərəfindən həqiqətən də cavabdehə pul verilməsi müəyyən olunur. Lakin, pul məbləğinin məhz iddiaçının dediyi kimi 6000 manat məbləğdə olması müəyyən edilmir. Habelə, cavabdeh tərəfindən ona verilmiş pulun 2500 manat hissəsinin iddiaçıya qaytarılması tərəflər arasında mübahisə doğurmayan haldır. Belə ki, bu hal tərəflərin hər ikisinin ifadələri ilə təsdiq olunur ki, 3400 manat pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında təqdim edilmiş sübutlar və tərəflərin izahatları ilə iddiaçı tərəfindən 3400 manat pulun cavabdehə verilməsi və həmin pulun 2500 manat hissəsinin iddiaçıya geri qaytarılması tam sübut olunur. Odur ki, geri qalan 900 manat pul məbləği cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hisssəsinə mütənasib olaraq 30 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul və iddianın təmin olunmuş hisssəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar