Məhkəmə qərarları › İş №2(076)-1818/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1818/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1818/2023 21.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Şəmkir rayonu ərazisində Cavabdeh 5000 (beş min) manata torpaq sahəsi almışdır. Təxminən altı aydan sonra o həmin torpaq sahəsini Şahid1 adlı şəxsə satmışdır. 2022-ci ilin mart ayında Şahid1 həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsindən öz adına çıxarış almaq istəyərkən məlum olub ki, həmin torpaq sahəsi X3 mülkiyyətindədir. Torpağın mülkiyyətçisi Vüsal Zamanov Şahid1 onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxmasını tələb edən zaman, Şahid1 onun yanına gələrək həmin torpağın qarşılığında vermiş olduğu pulu geri tələb etmişdir. O, işi dərindən araşdırandan sonra məlum olmuşdur ki, Cavabdeh onu aldatmışdır. Onu da qeyd etmişdir ki, torpaq sahəsini alan vaxt Şəmkir Bələdiyyəsinin sədri Cavabdeh qardaşı X5 olmuş və o maraqlananda məlum olmuşdur ki, Cavabdeh çox adamları aldatmışdır. Bir torpaq sahəsini bir neçə adama satmışdır. Bundan sonra o, Cavabdehlə dəfələrlə danışmış, ondan pulunu verməsini xahiş etmiş, lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, Cavabdeh ondan şikayət edəcəyini bildirmiş və Fizuli heç kimdən qorxmadığını bildirmişdir. O, bu işlə bağlı Şəmkir rayon Polis Şöbəsinə müraciət etmiş, lakin işə düzgün baxılmamış və ona heç bir köməklik edilməmişdir. Hal hazıra kimi onun pulu ödənilməmişdir. Bundan sonra Şahid1 məhkəməyə müraciət edərək torpağın müqabilində ona vermiş olduğu 5000 (beş min) manat pul tələbinə dair iddia qaldırmış, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-484/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və ondan 5000 (beş min) manat məbləğində pul alınaraq iddiaçı Şahid1 verilməsi qət edilmişdir. O, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 484/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, Cavabdeh 5000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o sözügedən torpaq sahəsini mərhum yeznəsi Sahiblə birlikdə Fizulinin evinə gedərək aralarında olan razılaşmaya əsasən Cavabdeh 4750 manata pul verərək almışdır. Cavabdeh torpağı ona satarkən torpağın onun adına sənədləşməsini özü yəni Cavabdeh edəcəyini bildirmişdir. Təxminən 6 ay sonra həmin torpaq sahəsini Fatma adlı bir şəxsə satmışdır. Fatma torpaq sahəsini sənədləşdirə bilmədikdə onu polisə vermişdir. O, Fatma adlı şəxsin pulunu qaytarıb verdikdən sonra Nurlanla Cavabdeh yanına gedərək pulunu qaytarmasını bildirdikdə, Fizuli ona yalvararaq məhkəməyə onu verməməsini xahiş etmiş və daha sonra Fizuli ilə Şəmkir rayonunda “Dörd Yol” adlanan ərazidə görüşəndə həmin vaxt Fizuli ona ya torpağı, ya da pulu qaytaracağını bildirmişdir. Bu günə kimi cavabdeh ona borclu olduğu pulu qaytarmamışdır. Ona görə də, Cavabdeh 5000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddiaçıya torpaq sahəsi satmamış, sadəcə arada vasitəçilik etmişdir. Beləki İddiaçı qohumu Sahib adlı şəxs onunla söhbət edərkən torpaq sahəsi almaq istədiyini bildirdiyi zaman o, İsrail adlı şəxsin torpaq sahəsi satdığını bildiyini söyləmiş, Sahib həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və o, mobil telefon vasitəsi ilə İsrail adlı şəxslə əlaqə saxlayaraq məlumat vermiş və İsrailin mobil telefon nömrəsini Sahibə vermiş, onlar arasında vasitəkilik etmişdir. O xatırladığı qədər İddiaçı torpaq sahəsini 3000 (üç) manata razılaşıb mərhum İsrail adlı şəxsdən satın almışdır. O, torpağın alınmasında və pulun verilməsində iştirak etməmişdir. İddiaçı onun yanına gələrək onu polisə verəcəyini və ona kömək etməsini bildirmişdir. O, həmin vaxt torpaq sahəsinin İsrail adlı şəxs satdığını və ona əlindən gələn köməyi edəcəyini bildirmişdir. Bundan sonra İddiaçı satılmış torpaq sahəsinin harada yerləşməsini öyrənmək üçün Sahibin oğlu Nurlana demiş, Nurlan da ona həmin torpaq sahəsinin harada yerləşməsini göstərmişdir. O, həmin əraziyə baxmış və həmin torpaq sahəsinin kimə məxsus olmasını xatırlamamışdır. İddiaçı torpaq alması barədə ona hər hansı məbləğdə pul verməmişdir. O sadəcə vastəçilik etmişdir. Ona görə də, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, 2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Məhsud mübahisəli torpaq sahəsini alarkən orada olmamışdır. Məhsud torpaq sahəsini 2013-cü ildə satarkən orada olmuşdur. Məhsud torpaq sahəsini 5000 (beş min) manata Fatma adlı şəxsə satmışdır. Məhsud onlara gələrək onu Fizulinin evinə aparmasını xahiş etmişdir. O, Məsudu Fizulinin evinə aparmışdır. Bundan 1-2 gün sonra Fizuli ona zəng edərək həmin torpaq sahəsinin yerini tanıyıb-tanımadığını soruşmuş və ona həmin yeri göstərməsini demişdir. O, da həmin torpaq sahəsini Fizuliyə göstərmiş, həmin yer onlardan 50-60 metr aşağıda yerləşir. Onlar torpaq sahəsindən qayıdarkən Məhsud Fizulinin torpağının həmin yerdə olmadığını deyərək araşdırmaq lazım olduğunu demişdir. Lakin, Məhsudun həmin torpaq sahəsini hansı qiymətə aldığını bilməmişdir. Atası Sahib vəfat etdikdən sonra torpaqla bağlı gedən söhbətləri eşitmişdir. Atası 20 fevral 2022-ci ildə vəfat etmişdir. Mərhum atası ona Fizulinin torpaq sahəsini Məhsuda satması ilə bağlı heç bir söz deməmişdir. O, Məhsudla Fizuligilə gedəndə Fizuli Məhsudu razı salmağa çalışmış, lakin həmin vaxt onların arasında nə söhbət olduğundan məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlar torpağı 2013-cü ildə Cavabdeh 4700 manat satın almışlar. Lakin imkanları olmadığı üçün həmin torpaq sahəsini 1-2 ay sonra satmışlar. Torpaq sahəsini alarkən torpağa baxmağa Fizulinin avtomobili ilə əri Məhsud, Sahib və o getmişlər. Torpaq sahəsinin ətrafı boş olmuş və hasara alınmamış olmuşdur. Əri Məhsud pulu orada Fizuliyə vermişdir. Sahib də yanlarında olmuşdur. Əri pulu saymış və 4700 manat pulu Fizuliyə vermişdir. Fizuli mübahisəli torpaqla bağlı sənədləri onun ərinə vermişdir. Lakin həmin sənədləri harada verdiyini dəqiq bilməmişdir. Sonradan torpaqla bağlı mübahisə olduğu üçün əri Məhsudla Cavabdeh 2022-ci ilin aprel ayının sonlarında telefonla zəngləşərək, Şəmkir rayonu ərazisində “Dörd Yol” adlanan deyilən ərazidə oturub çay içmişlər. Həmin vaxt Fizuli əri Məhsuda onun pulunu düzəldib verəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2013-cü ildə 5000 (beş min) manata İddiaçı sözü gedən torpaq sahəsini satın almışdır. Torpaq sahəsi Şəmkir rayonu “Qaryağdı” adlanan yaşayış massivində yerləşir. O, torpaq sahəsini öz adına sənədləşdirmək istəyərkən dövlət idarələrinə müraciət etmişdir. Bu zaman ona torpaq sahəsinin onun adına olmadığı üçün sənədləşmənin mümkün olmadığını bildirmişlər. Torpağın sənədi olmadığına görə torpaq sahəsini qaytarmaq istəmişdir. Həmin vaxt o, torpaq alması üçün İddiaçı vermiş olduğu pulu geri tələb etmişdir. Məhsud torpağın pulunu ona verməmişdir. Bundan sonra o, Gədəbəy Rayon Məhkəməsində İddiaçı qarşı pul tələbinə dair iddia qaldırmış və Gədəbəy Rayon Məhkəməsi onun iddia tələbini təmin etmişdir. Lakin İddiaçı hal-hazıra kimi onun pulunu qaytarmamışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş 21 yanvar 2013-cü il tarixli etibarnamədən görünür ki, Şəmkir şəhəri, R.Rəhimov küçəsi, ev 9-da yaşayan X4 13 may 2060-cı il tarixə kimi İddiaçı İlyas oğluna Şəmkir rayonu, N.Nərimanov adında sov. 30 dekabr 1990-cı il tarixli, 109 nömrəli qərara əsasən verilmiş 0,06 ha torpaq sahəsinin alqı-satqısını, sənədlərin hazırlanmasını, imza edilməsini, Şəmkir rayon ərazi idarəsində arayış, çıxarışı Saməddin Bayramovun əvəzindən ərizə və sərəncam verməyi, DƏDRX-dən çıxarış və məhdud arayışını almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 2022-ci il tarixli arxiv arayışından görünür ki, Şəmkir rayonu, N.Nərimanov adına sov. 30 dekabr 1990-cı il tarixli, 109 nömrəli əmri ilə X2 adına 0,06 ha həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş qətnamənin surətindən görünür ki, iddiaçı Şahid1 cavabdeh İddiaçı qarşı 5000 (beş min) manat pul tələbinə dair iddiası Gədəbəy Rayon Məhkəməsinin 2(042)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilərək, İddiaçı 5000 (beş min) manat məbləğində pulun alınaraq iddiaçı Şahid1 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş HK-1/2270 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə materialda olan Cavabdeh izahatından görünür ki, o həmin izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir tanıyır və aralarında normal münasibətləri vardır. 2010-cu il tarixdə İddiaçı qohumu Sahib adlı şəxs onunla söhbət edərkən torpaq sahəsi almaq istədiyini bildirdiyi zaman o, İsrail adlı şəxsin torpaq sahəsi satdığını bildiyini söyləmiş, Sahib həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və o, mobil telefon vasitəsi ilə İsrail adlı şəxslə əlaqə saxlayaraq məlumat vermiş və İsrailin mobil telefon nömrəsini Sahibə vermişdir. Təxminən 3 ay sonra Məhsud onun yaşadığı evə gələrək torpaq sahəsinə dair verilən sənədlərin saxta olduğunu bildirmişdir. Həmin vaxt o, Məhsuda heç bir torpaq sahəsi satmadığını bildirmiş və ondan bir neçə gün sonra Məhsud onun barəsində qərəzli olaraq şikayət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 şikayəti əsasında araşdırma aparılmış və Şahid1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş HK-1/526 cinayət işinin başlanmasının rədd edilməsi barədə materialda olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, Şəmkir rayonu Qaryağdı massivində ona məxsus torpaq sahəsi var. O həmin torpaq sahəsini tanışı Sahib vasitəsi ilə təxminən 12 il əvvəl almışdır. Hazırda Sahib rəhmətə getmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün həmin torpaq sahəsini 2013-cü ildə Şahid1 5000 manat müqabilində satmışdır. Bunun üçün notarial qaydada ona etibarnamə vermişdir. Təxminən bir həftə əvvəl Fatma onun mobil telefonuma zəng edib qeyd olunan torpaq sahəsinin başqa şəxs tərəfindən yiyələnməsini bildirmişdir. O, da ona torpağı 10 il əvvəl satdığını, xəbəri olmadığını bildirmişdir. O torpaq sahəsini bacısının kürəkəni Sahibin vasitəsi ilə almışdır. Həmin şəxsi tanımır. Hazırda Sahib rəhmətə getmişdir. Torpağın qeydiyyatı olmamışdır. İzahatıma başqa əlavəm yoxdur, sözlərimlə doğru yazılıb, mənə ucadan oxundu, imzamla doğruluğunu təsdiq edirəm. İş materiallarına əlavə edilmiş 28 iyul 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində yaşayan İddiaçı müraciəti əsasında xx.xx.2022-ci il tarixdə eyni məzmunlu müraciət Şəmkir RPŞ-nə daxil olmuş, müraciət əsasında araşdırma aparılaraq Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh 2013-cü ildə ona 5000 (beş min) manat müqabilində Şəmkir rayonu ərazisində torpaq sahəsi satdığını, həmin pulu Cavabdeh ödədiyini, qeyd olunan torpaq sahəsinin başqa şəxs məxsus olduğunu qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı Cavabdeh 2013-cü ildə ona Şəmkir rayonu ərazisində 5000 manata torpaq sahəsi satdığını qeyd etsə də, iddiaçı həmin halları təsdiqləyəcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, həmçinin iddiaçının izahatı və onun vəsatəti əsasında dindirilmiş şahid ifadələri bir-birilə ziddiyyət təşkil etmişdir. Belə ki, iddiaçı cavabdehə torpaq sahəsinin alqı-satqısına görə 5000 manat pulu qızı və yeznəsi Sahiblə cavabdehin evinə gedərək ödədiyini qeyd etmiş olsa da, Şəmkir rayon Polis Şöbəsində şikayət əsasında araşdırma aparılarkən İddiaçı verdiyi izahatında torpaq sahəsini bacısının kürəkəni Sahibin vasitəsi ilə aldığını, həmin şəxsi tanımadığını bildirmiş, lakin məhkəmə iclasında verdiyi izahatında pulu şəxsən verdiyini bildirmişdir. Həmçinin, məhkəmə iddiaçının təqdim etdiyi şahidlərdən Şahid2 başqa digərlərinin iddiaçının ifadəsinə uyğun olmayan ifadələrini, məhz Şahid2 iddiaçının arvadı olmaqla onun izahatına uyğun ifadə verməsini iddiaçını müdafiə etməsi kimi qiymətləndirir, sübut kimi qəbul etmir. Göründüyü kimi iddiaçının qeyd etdiyi kimi torpaq alqı-satqısına görə cavabdehə pulun verildiyi tarix, məbləğ, həmin pulun harada və kimin iştirakı ilə verilməsinə dəqiqlik gətirə bilməməsi, iş üzrə şahidlərdən Şahid2 başqa digər şahidlərin ifadələrində torpaq alqı-satqısına görə iddiaçı tərəfindən cavabdehə pul ödənilməsi və ya onların həmin pulun verilməsində hər hansı formada iştirakının müəyyən edilməməsi, şahid ifadələri ilə iddiaçının gətirdiyi dəlillərin üst-üstə düşməməsi, iddiaçıya verilmiş torpağın satılması ilə bağlı verilmiş sənədlərdə cavabdehin adının qeyd edilməməsi, tərəflər arasında torpaq alqı-satqısı ilə bağlı hər hansı bir əqd-razılaşma olmamasına dəlalət edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh İddiaçı hesabına heç bir hüquqi əsas olmadan əmlak əldə etməsi, onun hesabına əsassız varlanması öz təsdiqini tapmamış, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edəbilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq olunması üçün iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir, əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Vəliyev İsaq oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar