Məhkəmə qərarları › İş №2(076)-1823/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1823/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1823/2024 02.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nifatılyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında 04 oktyabr 2023-cü il tarixli 023 nömrəli müqavilə üzrə ödənilməmiş 10302 (on min üç yüz iki) manat pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında 04 oktyabr 2023-cü il tarixli 023 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən imtahanların keçirilməsi üçün ona kitabçalar verilmiş, həmin kitabçaların qiymətləri tərəflər arasında bağlanmış razılaşma protokolu ilə rəsmiləşdirilmişdir. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC-nin X2 arasında xx.xx.2023-cü il tarixli Akt tərtib edilmiş və həmin Aktda Cavabdeh xx.xx.2023-cü il tarixli Buraxılış MQT 2 imtahanına 986 ədəd kitabça verilmişdir. Bu sayda kitabça üçün ödənişin 6902 manat olduğu müəyyən edilmiş və ödənişin xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə iki hissəli olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə "xxxx" MMC-nə müraciət edərək, 6902 manat borcun xx.xx.2024-cü il tarixə qədər ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh qeyd edilən müqavilə üzrə münasibətlər davam etdirilmiş və əlavə olaraq ona imtahan keçirilməsi üçün 3400 manatlıq kitabçalar verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə "xxxx" MMC arasında 04 oktyabr 2023-cü il tarixli 023 nömrəli müqavilə üzrə ödənilməmiş 10302 (on min üç yüz iki) manat borcun 5 gün müddətində "xxxx" MMC-yə ödənilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh xəbərdarlıq məktubuna da əməl etməyərək, bugünədək öhdəliyini yerinə yetirməmişdir. "xxxx" qarşısına ölkə və bəşəriyyət üçün dəyər yaradan insanlar yetişdirməyi hədəf qoyan və Hədəf Liseyi ilə birlikdə, istedadlı, savadlı gənclərin ortaya çıxarılması, ümumilikdə dövlətin təhsil sahəsində olan siyasətinin ən yüksək səviyyədə həyata keçirilməsində mühüm rol oynayır. Kursların maddi texniki bazası, müəllimlərin əmək haqları, imtahanların mütəmadi keçirilməsinin təşkil edilə bilməsi üçün müqavilələrdən əldə edilən gəlirlərin vacib əhəmiyyəti vardır. Hədəf Kursları regionlarımızda da gəclərin imtahanlara çatımlılığının təmin edilməsi üçün Cavabdeh xahişi əsasında onu imtahan kitabçaları ilə təmin etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.6-cı bəndinə əsasən sifarişin dəyərinin sual kitabçalarının təhvil alındığı gün ödənilməsi nəzərdə tutulsa da, məhz gənclərin imtahana çatımlılığına şərait yaratmaq üçün sifarişlərin dəyəri əvvəlcədən alınmamış, hətta ödənilməsi üçün cavabdehə kifayət qədər müddət verilmişdir. Lakin, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirmək niyyətində deyildir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçı "xxxx" MMC-nin direktoru X1 məhkəməyə ərizə göndərərək, göstərmişdir ki, birinci dəfə müqavilə bağlandıqdan sonra Cavabdeh xx.xx.2023-cü il tarixli Buraxılış MQT 2 imtahanına 986 ədəd kitabça verilmişdir. Həmin kitabçaların dəyəri 6902 manat təşkil etmiş və 2 dəfəyə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, sonradan cavabdehin yazılı müraciəti əsasında həmin məbləğin ödənilməsi üçün ona xx.xx.2024-cü il tarixədək möhlət verilmişdir. Eyni zamanda buraxılış imtahanı üçün 568 ədəd və summativ imtahan üçün isə 315 ədəd əlavə kitabça verilmiş və həmin kitabçaların da qiyməti 3400 manat təşkil etmişdir. Qeyd edilən kitabçaların dəyərinin isə möhlət verilərək, xx.xx.2024-cü il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh nəz əvvəlki 6902 manat ödənişi, nə də ki sonrakı 3400 manat ödənişi etməmişdir. Bu ödənişlər barədə Whatsapp yazışmaları da vardır. Sonradan araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdehin direktoru olduğu "xxxx" MMC adına hüquqi şəxs olmasına baxmayaraq cavabdeh onunla müqaviləni hüquqi şəxsin adından deyil fiziki şəxs olaraq bağlamışdır. Daha sonra məlum olmuşdur ki, ümumiyyətlə cavabdeh barəsində cinayət işi açılmış və o, CM-nin 32.4, 308.1, 312-1.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Həmçinin, cavabdehin adına hər hansı əmək müqaviləsinin olmaması da onun qanunsuz fəaliyyət göstərdiyini təsdiq edir. Odur ki, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 023 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasən imtahanların keçirilməsi üçün icraçı-"xxxx" MMC tərəfindən sifarişçi-Cavabdeh kitabçalar verilməsi və görülmüş işlərin dəyərinin sifarişçi Cavabdeh tərəfindən icraçı "xxxx" MMC-nə “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, müqavilə tərəfləri 2023-2024-cü tədris ili üçün sınaq imtahanları tarif paketi blok sınaq imtahanı üçün kupon qiyməti 15 AZN, kitabça sayı 100-dən az olduqda 8 AZN, kitabça sayı 100-dən çox olduqda 7 AZN, buraxılış sınaq imtahanı kupon qiyməti 15 AZN, kitabça sayı 100-dən az olduqda 8 AZN, kitabça sayı 100-dən çox olduqda 7 AZN, magistr sınağı üçün kupon qiyməti 10 AZN, kitabça sayı 100-dən az olduqda 6 AZN, kitabça sayı 100-dən çox olduqda 5 AZN, müəllim sınağı kupon qiyməti 10 AZN, kitabça sayı 100-dən az olduqda 6 AZN, kitabça sayı 100-dən çox olduqda 5 AZN, summativ 1-8 kupon qiyməti 6 AZN, kitabça sayı 100-dən az olduqda 3.5 AZN, kitabça sayı 100-dən çox olduqda 3 AZN, məktəbəqədər sınaq (yazılı) kupon qiyməti 10 AZN, kitabça sayı 100-dən az olduqda 6 AZN, kitabça sayı 100-dən çox olduqda 5 AZN, YÖS kupon qiyməti 20 AZN, kitabça sayı 100-dən az olduqda 12 AZN, kitabça sayı 100-dən çox olduqda 10 AZN olması barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş təhvil verən Aqil Cəfərov və təhvil alan Cavabdeh tərəfindən imzalanmış borcların silinməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilən Buraxılış MQT2 imtahanına 986 ədəd kitabça verilmişdir. Bu sayda kitabça üçün ödəniş 6902 AZN hesablanmışdır. Ödənişin xx.xx.2023 və xx.xx.2023 tarixində ikihissəli olaraq ödəniləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixində keçirilən Buraxılış MQT2 imtahanına verilmiş 986 ədəd kitabça üçün hesablanmış 6902 AZN borcu xx.xx.2024-cü il tarixə kimi ödənilməsinə şərait yaradılmasını "xxxx" MMC-dən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, 3400 AZN borcu xx.xx.2024-cü il tarixə kimi ödənilməsinə şərait yaradılmasını "xxxx" MMC-dən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sosial şəbəkə olan Whatsapp yazışmasından görünür ki, 26 fevral 2024-cü il tarixdə Buraxılış 568, Summativ 315, Toplam 3400 AZN qeyd edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla məlum oldu ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04 oktyabr 2023-cü il tarixli, 023 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən imtahanların keçirilməsi üçün Cavabdeh kitabçalar verilmiş, həmin kitabçaların qiymətləri tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Qiymətlərin razılaşdırılması protokolu” ilə rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixində keçirilən Buraxılış MQT2 imtahanına 986 ədəd kitabça "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmiş, həmin kitabçalara görə 6902 AZN borc hesablanaraq, ödənişin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ikihissəli olaraq ödnilməsi barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Hazırda iddiaçı "xxxx" MMC Cavabdeh 04 oktyabr 2023-cü il tarixli 023 nömrəli müqavilə üzrə ödənilməmiş 10302 (on min üç yüz iki) manat pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada bağlanan 04 oktyabr 2023-cü il tarixli, 023 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilə əsasında iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli aktla xx.xx.2023-cü il tarixində keçirilən Buraxılış MQT2 imtahanına 986 ədəd kitabçanı Cavabdeh verilmiş və 6902 AZN borc hesablanmışdır. İddiaçı "xxxx" MMC 6902 manat məbləğində 986 ədəd kitabçadan əlavə onlar tərəfindən Cavabdeh buraxılış imtahanı üçün 568 ədəd və summativ imtahan üçün isə 315 ədəd kitabça verildiyini, həmin kitabçaların isə qiymətinin 3400 manat təşkil etdiyini göstərmiş olsalar da, mülki iş materiallarına əlavə edilmiş sübutlarla Cavabdeh 986 ədəd kitabçadan əlavə "xxxx" MMC-dən buraxılış imtahanı üçün 568 ədəd, summativ imtahan üçün isə 315 ədəd kitabça götürməsi və 3400 manat borcunun yaranması təkzib edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə buraxılış MQT2 imtahanına 986 ədəd kitabçanın təhvil verilməsi və cavabdehin iddiaçıya 6902 AZN borcunun yaranması xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmiş, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən də onun həmin tarixə iddiaçıya 3400 AZN borcunun olduğu müəyyən edilmişdir. İddiaçı "xxxx" MMC cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etdiyi 6902 AZN borcun MQT2 imtahanına 986 ədəd kitabça üçün, xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etdiyi 3400 AZN borcun isə buraxılış imtahanı üçün 568 ədəd, summativ imtahan üçün 315 ədəd kitabçalarla bağlı olduğunu göstərmiş olsalar da, buraxılış MQT2 imtahanına 986 ədəd kitabçadan başqa imtahanlarla bağlı kitabçaların onlar tərəfindən cavabdehə təhvil verilməsini və onun həmin kitabçalara görə borcunun yaranmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3400 (üç min dörd yüz) manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nə verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq "xxxx" MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar