Məhkəmə qərarları › İş №2(076)-1886/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1886/2023

30.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1886/2023 30.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi X5 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair (JN- 653B, KOD ********) Şəhadətnaməyə əsasən Şəmkir rayonu, Abbaslı kəndində yerləșən 0.23 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçının mərhum həyat yoldaşı X3 məxsusdur. Həmin torpaq sahəsi üzərində olan tikili iddiaçı və onun mərhum həyat yoldașı X4 tərəfindən 1962-ci il tarixdə inşa edilmiş və həmin tarixdən etibarən iddiaçı orada yașamaqdadır. X4 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və vərəsəlik işi açılaraq əmlakın sənədləşdirilməsi zərurəti yaranmışdır. Şəmkir rayon Notariat ofisinin notariusu Siyavuş Qurbanov tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X1 miras qalmış əmlaka çıxarış və ya forma 1 verilməsi barədə məktub ünvanlanmışdır. Həmin məktub əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları sözügedən Şəmkir rayonu, Abbasli kəndində yerləșən 0.23 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində ölçü işlərinin aparılması üçün həmin əraziyə getdikdə onlara lazımı şərait yaradılmamış, hətta müvafiq ölçü işlərinin aparılmasına qəsdən maneə törədilmişdir. Belə ki, həmin əmlak mülkiyyət hüququ əsasında hazırki iddiaçıın mərhum həyat yoldașı X3 məxsus olmuş, onun vəfatından sonra İddiaçı tərəfindən qəbul edilməklə idarə olunmuşdur. Bundan başqa həmin tiki sənəd üzərində iddiaçının mərhum ərinə məxsus olsa da, əslində sözügedən tikili iddiaçı ilə mərhum əri tərəfindən birgə inşa etdilmişdir. İddiaçı mərhumun həyat yoldaşı olmaqla 1-ci növbə vərəsəsidir və bu vərəsəliyini Şəmkir rayon Notariat ofisində xx.xx.2019-cu il tarixdə tanıtmışdır. Və hazırda Notariusdan vərəsəlik məktubu alaraq ərinə məxsus əmlakın sənədləşməyini istəyir. Təbii ki, bu hal vərəsənin hüququdur və həmin hüququn həyata keçirilməsinə süni şəkildə maneə yaradılması bir sıra məcburiyyət tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Şəmkir rayon Notariat ofisinin notariusu Siyavuş Qurbanovun məktubu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları sözügedən əmlaka ölçü işlərinin aparılması məqsədi ilə getsələr də həmin əmlakda yaşayan iddiaçının gəlini, yəni Cavabdeh buna icazə verməyərək ölçü işlərinin aparılmasına qəsdən maneə yaratmışdır. Hazırki iddia tələbinin zəruriliyi ona görə meydana gəlmişdir ki, əgər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dașınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları miras kimi qalmış Şəmkir rayonu, Abbaslı kəndində yerləşən 0.23 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində ölçü işləri aparmazsa mərhumun adına çıxarış vermək mümkün olmayacaq və vərəsələr bu çıxarışı digər formada əldə edə bilməyəcəklər. Notarius isə vərəsələrə imtina barədə qərar təqdim edəcəkdir ki, həmin qərar əsasında mirasda payın müəyyən edilməsi mümkün olsada, vəfat etmiş șəxsin adına çıxarışın verilməsi demək olar ki qeyri-mümkün bir hala çevriləcəkdir. Həmçinin hazırki iddia tələbinin mühüm əhəmiyyəti ondan ibarətdir ki, iddia təmin olunarsa mərhum X1 miras qalmış əmlaka çıxarış əldə edilər və vərəsələrin məhkəmədə payının müəyyən olunması asanlaşar. Əks təqdirdə illərlə çəkən məhkəmə çəkişmələri başlayar və sonda miras kütləsi mövcud olmadığı üçün, yəni ölmüş şəxsin adına çıxarış verilmədiyi üçün miras kütləsi mövcud olmaz və vərəsələrə şəhadətnamə vermək mümkün olmaz. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə etdi və iddianın məzmununa uyğun izahat verərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddianı qismən qəbul edərək bildirdi ki, əslində ölçmə işlərinin aparılmasına etiraz etmir, lakin bir şərtlə razı olar ki, ölçmə işləri aparılarkən torpağın koordinatları müəyyən edilsin. Ona görə də qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə verdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişr və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpağın mülkiyyətə verilməsinə dair (JN-653B, KOD ********) Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləșən 0.23 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı ilə X4 xx.xx.2014-cü ildə nikaha daxil olmuşlar. X4 xx.xx.2014-cü ildə vəfat etmişdir. xx.xx.2019-cu ildə vərərəslik işi açılmış və mərhum X2 vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşdirilmişdir. Hazırda iddiaçı ərindən qalan mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. 6 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-sü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair (JN-653B, KOD ********) Şəhadətnaməyə əsasən Şəmkir rayonu, Abbaslı kəndində yerləșən 0.23 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə çıxarış verilməsi üçün zəruri olan ölçmə işlərinin aparılmasına qoyulan maneə Cavabdeh tərəfindən aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar