Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1899/2023 12.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına qoyulan maneənin aradan qaldırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Düyərli kəndində yerləşən və Şəmkir rayon XDS–nin Rəyasət Heyətinin xx.xx.1995–ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışa əsasən iddiaçıya verilmiş torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon XDS–nin Rəyasət Heyətinin xx.xx.1995–ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışa əsasən ona Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 125 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq istəmiş, bu səbəbdən DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları isə əmlaka baxış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra həmin idarənin əməkdaşları Şəmkir rayonu, Düyərli kəndinə getmiş, lakin cavabdeh DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarını torpaq sahəsinə buraxmaqdan imtina etmiş, ölçmə işlərini aparmağa imkan verməmişdir. Bu səbəbdən DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları ölçmə işləri apara bilməmişlər. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində onun konstitusion hüququ pozulmuşdur. Odur ki, Şəmkir rayon XDS–nin Rəyasət Heyətinin xx.xx.1995–ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışa əsasən ona verilmiş və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 125 kv.m torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddiaçı ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Şəmkir rayon XDS–nin Rəyasət Heyətinin xx.xx.1995–ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı Bakı– Qazax magistral yolunun sağ tərəfindən sahibkarlıq məqsədilə avtomobillərə texniki xidmət sexi quraşdırılması üçün 125 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2–1(114)– 2694/2022 saylı qərardaından görünür ki, iddiaçı Şəmkir Rayon Düyərli Bələdiyyəsinin cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı Şəmkir rayon XDS–nin Rəyasət Heyətinin xx.xx.1995–ci il tarixli iclasının 78 nömrəli protokolunun ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan DƏDRX–nin 11 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023–cü il tarixli rəsmi məktubdan görünür ki, ölçü işlərinin aparılması zamanı digər şəxs tərəfindən ölçü işlərinin aparılmasına maneçilik yaradılmışdır. Ölçü işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəbdən ölçü işlərinin aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayon XDS–nin Rəyasət Heyətinin xx.xx.1995–ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Bakı–Qazax magistral yolunun sağ tərəfindən sahibkarlıq məqsədilə avtomobillərə texniki xidmət sexi quraşdırılması üçün 125 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi Şəmkir rayon XDS–nin Rəyasət Heyətinin xx.xx.1995–ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Bakı–Qazax magistral yolunun sağ tərəfindən sahibkarlıq məqsədilə avtomobillərə texniki xidmət sexi quraşdırılması üçün 125 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsinin konkret olaraq hansı ərazidə yerləşməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MM–in 139.1–ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3–cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1–ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2–ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İstinad olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində sərəncam, istifadə, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildir. Cavabdehin maneə yaratdığı iddia edilən sahəyə dair faktiki olaraq iddiaçının hər hansı hüquq müəyyənedici sənədləri mövcud deyildir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadı etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik hüququnun olması, yəni həmin sahənin faktiki olaraq iddiaçının istifadəsində olmasına və cavabdehin həmin sahəyə maneə yaratmasına dair sübutedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Habelə, işin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə həmçinin, işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması, malik olduğu halda, həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılması zəruridir. Məhkəmə iddiaçının istinad etdiyi dəlillərə əsasən hesab edir ki, iddiaçının hazırkı iddianı irəli sürərəkən subyektiv hüququ olmadığına, həmçinin onun subyektiv hüququ cavabdeh tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmlak hüquqları cavabdehlər tərəfindən pozulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1899/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1899/2023
12.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver