Məhkəmə qərarları › İş №2(076)-19/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-19/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-19/2023 17.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4848 manat məbləğində kredit borcu, 37.83 manat məbləğində faiz borcu və 1953.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6839.82 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4848 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 4848 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bank bildirir ki, cavabdeh, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 280 gün üçün hesablanmış faiz borcu 37.83 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredit və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qaalığının 0,2% məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 280 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1953.99 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cərimələri tələb etmək hüququna malikdir. Göstərilənlərə kredit müqaviləsi üzrə X1 öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Daha sonra İddiaçı QSC-i iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 4848 manat məbləğində kredit borcu, 37.83 manat məbləğində faiz borcu və 1953.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6839.82 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Ruslan Məmmədov məhkəməyə teleqram ünvanlayaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit xətti müqaviləsinə əsasən bank Cavabdeh1 1 % olmaqla 60 ay müddətində 4848 manat məbləğində kredit vermişdir. İş materiallarında olan cədvəldən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən 4848 manat əsas borc, 37.83 manat məbləğində faiz borcu və 1953.99 manat məbləğində cərimə borcu, ümumilikdə 6839.82 manat borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə məbləğləri əsassız və şişirdilmiş məbləğlərdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə mübahisəli kredit müqaviləsi üzrə iddia ərizəsində göstərilən cərimənin 1953.99 manat məbləğində deyil, 200 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən və götürdüyü borcu qaytarmadığından, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı QSC-nə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat məbləğində əsas, 37.83 (otuz yeddi manat səksən üç qəpik) manat məbləğində faiz, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 5085,83 (beş min səksən beş manat səksən üç qəpik) manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar