Məhkəmə qərarları › İş №2(076)-2/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2/2024 20.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə işin üzərində dəyişiklik edilməsi ilə bağlı Müraciət İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(076)-369/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qeyd edilən mülki iş üzrə elektron məhkəmə informasiya sisteminə məhkəmə aktı yüklənmədiyindən elektron məhkəmə informasiya sistemi avtomatik qaydada mülki işi 2(076)-2/2024 saylı mülki iş kimi qeydə alaraq 2024-cü ilə keçirmiş və işin dövriyyəsi “iş icraatdadır” kimi göstərilmişdir. Bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(076)- 369/2023 nömrəli məhkəmə aktının elektron məhkəmə informasiya sisteminə həmin tarixə yüklənməsi mümkün olmadığı üçün işin dövriyyəsinin dəyişdirilməsi məqsədi ilə məhkəmə aktı sistemə hazırda yerləşdirilir. Hazırda iş hesabat bölməsində yekuna düşmədiyindən, hesabatın düzgün aparılması məqsədi ilə işin dövriyyəsinin yekunlaşdırılması zərurəti yaranmışdır. İş № 2(076)–369/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 04 may 2023–cü ildə Şəmkir şəhərində Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: "xxxx" MMC–nin nümayəndəsi X1 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2nən və Cavabdeh3 iştirakı ilə İddiaçı "xxxx" MMC–nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 18 noyabr 2014–cü il tarixli 20563 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 3.712 manat əsas kredit borcu, 1.600 manat faiz borcu, 320 manat cərimə borcu olmaqla, cəmi 5.632 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cəmiyyətlə Cavabdeh1 arasında 18 noyabr 2014–cü il tarixli 20563 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 31.8 % ödəmək şərtilə 4.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və onlar zamin durmuşlar. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 3.712 manat əsas kredit borcu, 1.600 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımı qaydada yerinə yetirmədiyinə görə cavabdehə 320 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 18 noyabr 2014–cü il tarixli 20563 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 3.712 manat əsas kredit borcu, 1.600 manat faiz borcu, 320 manat cərimə borcu olmaqla, cəmi 5.632 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi, məhkəmənin hazırlıq iclası zamanı müqavilədəki imzanın ona məxsus olmadığını, müqavilənin qızı tərəfindən imzalanmasını göstərsə də, məhkəmə baxışı iclasında izahatında göstərdi ki, həqiqətən 18 noyabr 2014–cü il tarixli 20563 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 18 ay müddətinə illik 31.8 % ödəmək şərtilə 4.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra krediti vaxtlı–vaxtında ödəmiş və iddiaçıya heç bir borcu qalmamışdır. Hazırda iddiaçı cəmiyyət ona qarşı əsassız iddia qaldırmışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclası zamanı onlara qarşı irəli sürülmüş iddianı qəbul etmədi, əsasən digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2014–cü il tarixli 20563 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 31.8 % ödəmək şərtilə 4.000 manat məbləğində kredit verilmişdir. İşdə olan 18 noyabr 2014–cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2014–cü il tarixli 20563 saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşlər. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 kredit məbləğinin xx.xx.2014–xx.xx.2016–cı il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh1 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərin banka olan borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2018–ci il tarixədək cavabdehin 3.712 manat əsas kredit borcu, 1.600 manat faiz borcu, 320 manat cərimə borcu olmaqla, cəmi 5.632 manat məbləğində borcu yaranmışdır. İşdə olan məhkəmə–xətşünaslıq ekspertizasının xx.xx.2022–ci il tarixli 4/1528 nömrəli rəyindən görünür ki, 18 noyabr 2014–cü il tarixli zaminlik müqavilələrində “Kredit alan” qrafalarındakı imza, 18 noyabr 2014–cü il tarixli kredit müqaviləsində “müştərinin imzası” qrafasındakı imza və 18 noyabr 2014–cü il tarixli ödəniş cədvəlinin aşağı sol hissəsindəki imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. İşdə olan məhkəmə–mühasibatşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixli 9/983 nömrəli rəyindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2014–cü il tarixli 20563 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 müqavilə bitən müddətə, yəni xx.xx.2016–cı il tarixə əsas borcu 3.712 manat, faiz borcu 778,61 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı cəmiyyətlə Cavabdeh1 arasında 18 noyabr 2014–cü il tarixli 20563 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 31.8 % ödəmək şərtilə 4.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 3.712 manat əsas borcu və 1.600 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımı qaydada yerinə yetirmədiyinə görə cavabdehə 320 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da zamin olaraq iddiaçı cəmiyyət qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmşi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə, iddianın əsas kredit borcu hissəsinə qiymət verərək qeyd edir ki, iddia həmin hissədə tam əsaslıdır və əsas kredit borcu 3.712 manat məbləğində müəyyən edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, faiz borcu iddiaçının tələb etdiyi miqdarda deyil, məhkəmə–mühasibatşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixli 9/983 nömrəli rəyi ilə müəyyən edilmiş miqdarda, yəni 778,61 manat məbləğində müəyyən edilməlidir. Eləcə də, hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 16 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 16 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcunu tam şəkildə ödəməsini iddia etsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizə şəklində krediti ödəməsini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, 18 noyabr 2014–cü il tarixli 20563 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas kredit borcu üzrə 3.712 manat, faiz borcu üzrə 778,61 manat, cərimə borcu üzrə 16 manat olmaqla, cəmi 4.506,61 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC–yə verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə–xətşünaslıq və məhkəmə–mühasibatşünaslıq ekspertizalarıı zamanı aparılmış tədqiqatın dəyəri olan cəmi 227 manat məhkəmə xərci Cavabdeh1 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 18 noyabr 2014–cü il tarixli 20563 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas kredit borcu üzrə 3.712 manat, faiz borcu üzrə 778,61 manat, cərimə borcu üzrə 16 manat olmaqla, cəmi 4.506,61 (dörd min beş yüz altı manat altmış bir qəpik) manat məbləğində pul müştərək qaydada alınıb "xxxx" MMC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 20 (iyirmi) manat pul müştərək qaydada alınıb iddiaçı "xxxx" MMC–yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar