Məhkəmə qərarları › İş №2(076)-2008/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2008/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2008/2025 31.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 3000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və atası Eynur ilə bir rayonda qonşu olmuşlar. Həmin vaxtdan onlar bir-birilərini tanımışlar. 2023-cü ilin dekabr ayında ona və ailə üzvlərinə məxsus ünvan 1 ünvanda fərdi yaşayış evində tam təmirli tikinti işlərinin görülməsi üçün usta Eynuru oğlu X7 ilə çağırıb, şifahi razılaşma əsasında görüləcək işləri onlara həvalə etmişdir. İlk işlərdə ata bala gördükləri işlərin pulunu almışlar. Usta Eynur çıxıb getmiş, oğlu Elmdar ona rəngsaz olduğunu, evin bütün rəngləmə, kafel və digər işlərini görəcəyini demişdir. Onunla görüləcək işlərin əmək haqqını razılaşmışlar. Elmdar işləri görməyə başlamışdır. Elmdar işə başladığı gündən onun etimadını qazanaraq, ondan hissəhissə bəhanələr gətirərək, 7.500 manat görəcəyi işlərin pulunu qabaqcadan almış və işi qurtarmamış yoxa çıxmışdır. O, Elmdarın işə gəlmədiyini görüb, onun arxasınca evlərinə getmişdir. Onun anası Elmdar olmadığını, haradasa işləməyə getdiyi demişdir. O Elmdara zəng etmiş, lakin telefona cavab verməmişdir. Belə olan halda o məcbur olub, başqa usta X1 çağırıb, tamamlanmamış Elmdarın görəcəyi işləri ona gördürmüş və əmək haqqı olaraq, ona 3.000 manat pul vermişdir. Eyni zamanda o, Şəmkir rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciat edərək, X2 onun 3.000 manat pulunun alınıb ona verilməsində köməklik etmələrini xahiş etmişdir. Orada araşdırma aparılmış və müraciətinin mülki qaydada iş olduğu üçün, məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, evi 200 kvadrametrdir, həmin evdə 2024-cü ilin yay aylarından başlayaraq təmir işləri başlamış, rəngsaz işləri, kafelin döşəməsi, sementin döşəməsi hamamın montajı işlərini cavabdehlə şifahi razılaşma əsasında cavabdeh görəcəkmiş. Lakin cavabdeh onun evində bəzi işləri görüb, daha sonra görüləcək işləri yarımçıq qoyub getmişdir.Həmçinin cavabdehin gördüyü işləri o bəyənməmişdir, ona görə də başqa usta ilə razılaşıb cavabdeh tərəfindən görülən işləri təkrarən gördürmüşdür və bunun üçün əlavə xərc çəkmişdir. Cavabdehə əvvəlcədən 7500 manat pul vermiş, işinin pulunu almış, lakin düşünür ki, cavabdeh onun evində 7500 manatlıq iş görməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı ilə onun arasında şifahi razılaşmaya əsasənin iddaçının evinin təmir işlərinin görülməsinə dair razılaşma olmuşdur. Razılaşmaya əsasən o iddiaçının evində tikinti, montaj, kafelinn döşənilməsi, divarlara suvaq vurulması, oboy vurulması və digər işlər görəcəkdi, bunun əvəzində isə iddiaçı ona yekunda əl haqqı verəcəkmiş. O, iddiaçının evində razılaşdıqları bütün işləri görmüş, və bundan sonra haqq hesab edərək 6150 manat pulu iddiaçıdan almışdır. Bundan sonra iddiaçı ona başqa işlərində görülməsini tapşırmış, o isə yenidən işlər görəcəyi təqdirdə əlavə pul verilməsini tələb etmiş, iddiaçı isə bu tələblə razılaşmamışdır.Odur ki, ona pul verilmədiyinə görə əlavə işləri görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, İddiaçı evində təxmini keçən ilin yay vaxtı təmir işləri görülmüşdür. Cavabdeh onun işçisi olmuşdur. Cavabdeh iddiaçının evində təmir işləri görmüş və üzərinə götürdüyü işləri demək olar ki, yekunlaşdırmışdır. Elmidarın gördüyü işlər keyfiyyətli olsa da, bəzi yerlərdə isti vurub tökülmələr də olmuşdu. İddiaçı Elmidara hansı məbləğdə pul verməsi barədə məlumatı olmamışdır. İddiaçı evi həyətlə birlikdə təxmini 700 kv.m olmuşdur. Cavabdeh iddiaçının sonradan bildirdiyi işləri görmədiyinə görə İddiaçı narazı qalmışdır.Elmidar Sərhəddinin evində 7 ay işləmişdir, evin daşını vurmuş, montaj işlərini aparmış, suvaq və oboy işlərini və digər işləri görmüşdür. O, özü isə Sərhəddinin evində 2 ay işləmiş və özü gördüyü təmir işlərinə görə təxminən 4000 manat pul almışdır. Cavabdeh gördüyü işlərin davam olaraq otaqda və həyətdə bəzi işləri tamamlamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, İddiaçı atasıdır. Cavabdeh isə onların evində işləmişdir. Cavabdeh onların evində işləyərkən dəfələrlə ona gördüyü işləri tamamlamasını bildirmiş, lakin o gördüyü işləri tamamlamamışdır. Atası tərəfindən Elmidara əvvəlcədən görəcəyi işlərə görə pul ödənilmiş, lakin o sonradan gəlib pulunu aldığı işləri görməmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Qardaşı Elmidar iddiaçının evində çox sayda təmir işləri görmüşdür.Hətta qiymətdə də qardaşı iddiaçıya güzəştə getmişdir. O qardaşının yanında iddiaçının evində fəhləlik işləri görmüşdür, onlar orada məhlədə xeyli təmir işləri görmüşlər, məhləni iki yerə bölmüşlər, hamam məhlə suvaq montaj olunmuş,kosmetik işlər, zamaska, döşəmə, yer, oboy vurulmuşdur. Təxmini 7 ay işlədikdən sonra, iş bitəndən sonra, iddiaçı ilə cavabdeh arasında haqq hesab aparılmış, 6150 manat pul Sərhəddin qardaşına vermişdir. Bundan sonra Sərhəddin qardaşına yeni işlər tapşırmış, lakin qardaşının vaxtı olmadığına görə həmin işləri görməmişdir. Belə ki, həmin pul qardaşının artıq gördükləri işlərə görə verilmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 Kamal oğlu verdiyi ifadəsində bildirdi ki, Cavabdeh onun oğludur, belə ki, Elmidar iddiaçının evində çox sayda təmir işləri görmüşdür. Otaqlarda montaj işlərini görmüş, hamam otağının kafelini vurmuş, beton tökmüş,söküntü işlərini görmüş, basseynin içərisini suvaq edib, otaqlara oboy vurmuşdur. Soradan iddiaçı ilə oğlu arasında haqq hesab aparılmış və 6000 manata yaxın pul iddiaçı tərəfindən gördüyü işlərin əvəzində onun oğluna verilmişdir. Bundan sonra iddiaçı yeni işlərin görülməsini istəmiş, buna isə oğlunun vaxtı olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan İddiaçı Şəmkir RPŞ-nə verdiyi izahatdan görünür ki, İddiaçı izahatında evində təmir işlərini başa çatdırması üçün Elmidara 2900 manat pul verdiyini, Elmidarın isə təmir işlərini görməyib yayınmağa başladığı, bununla əlaqədar Elmidar evinə gedib qardaşı və anası ilə görüşdüyünü göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş görüntülərdən aydın olur ki, evdə cavabdeh tərəfindən bir sıra təmir işləri görülmüşdür. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya keyfiyyət baxımından qüsurlu iş verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır Belə ki, tərəflər arasında cavabdeh tərəfindən iddiaçıya məxsus evdə təmir işləri aparmaq barədə şifahi podrat müqaviləsi bağlanması işin mübahisəsiz halıdır. İddiaçı iddia edir ki, Cavabdeh onun evində təmir işləri aparması üçün əvvəlcədən pul ödəmiş olsa da, o işini yekunlaşdırmamış, həmçinin keyfiyyətsiz işlər gördüyünə görə həmin işləri başqa ustaya həmin işləri gördürmüş və ona 3000 manat əmək haqqı ödəmişdir ki, həmin pulu Cavabdeh tələb edir. Cavabdeh isə bununla bağlı bildirir ki, o, iddiaçı Səhrəddin Abbasovun evində ona ödənilmiş zəhmət haqqı müqabilində ona həvalə olunmuş bütün işləri görmüş və iddiaçıya təhvil vermişdir. Belə olan vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinin şərtlərinə əsasən cavabdehə əvvəlcədən muzd ödədiyini, cavabdehin isə aldığı muzda görə görəcəyi işləri tamamlamadığını, icra etdiyi işlərin isə keyfiyyətsiz olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında Cavabdeh onun evində təmir işləri aparması üçün əvvəlcədən pul ödədiyini, onun isə işini yekunlaşdırmadığını, həmçinin cavabdehin keyfiyyətsiz işlər gördüyünə görə həmin işləri başqa ustaya gördürərək, 3000 manat əmək haqqı ödədiyini göstərmiş olsa da, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər isə ümumi ifadələr verməklə məhz cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə hansı təmir işlərinin icra edilməsi, cavabdehin görməli olduğu hansı işləri icra etməməsi və ya keyfiyyətsiz icra etməsi, ümumiyyətlə tərəflər arasında olan şifahi podrat müqaviləsinin həqiqətən şərtlərinin pozulub-pozulmaması barədə hallara aydınlıq gətirə bilməmişlər, yalnız onlara məlum olan hallar barədə ümumi ifadələr verməklə kifayətlənmişlər. Həmçinin izahatları alınmış digər şahidlər bildirmişlər ki, iddiaçının evində cavabdeh tərəfindən müəyyən təmir işləri aparılmış və buna görə də iddiaçı ona 6150 manat pul ödəmişdir. Həmçinin verilən suallara cavab olaraq iddiaçı özü də bildirmişdir ki, cavabdeh onun evində razılaşdırdıqları işləri görmüş, lakin iddiaçının özünün bu işləri bəyənməməsi səbəbindən yenidən usta dəvət etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı keyfiyyətcə yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Məhkəmə iclasında dindirilmiş tərəflərin izahatlarından, eləcə də şahidlərin ifadələrindən görünür ki, tərəflər arasında cavabdeh tərəfindən iddiaçıya məxsus evdə təmir işləri aparmaq barədə şifahi podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus evdə təmir işlərini icra etmiş, iddiaçı tərəfindən isə cavabdehə muzd ödənilmişdir. İddiaçı cavabdehlə aralarında olan razılaşmaya görə ona muzd ödədiyini, cavabdehin isə işini tam icra etmədiyini, icra edilmiş işlərin isə keyfiyyətsiz olduğunu və buna görə 3000 manat əlavə xərc çəkdiyini göstərmiş olsa da, məhz cavabdeh tərəfindən aralarında olan podrat müqaviləsinin şərtlərinin pozulmasını və cavabdhein hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsini təsdiqləyəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının podrat müqaviləsinin şərtlərinə əməl edilməməsinə istinad edərək cavabdehdən pul tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar