Məhkəmə qərarları › İş №2(076)-2019/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2019/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2019/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: Yusifova–X2 iştirakı ilə İddiaçı Yusifova–X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Yusifova–X4 Cavabdeh oğluna qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1.300 manat məbləğində pulun və 34 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021–ci ilin sonlarında cavabdeh ondan 1.500 manat dəyərində nisyə paltar almış və qısa zamanda borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh ona olan borcunu qaytarmamışdır. Dəfələrlə tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmaqdan boyun qaçırmış, bu səbəbdən məcbur olub polisə şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılan zaman cavabdeh ona 200 manat pul vermiş, lakin qalan 1.300 manat borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehdən 1.300 manat məbləğində pulun və 34 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yusifova–X4 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, özü geyim əşyalarının satışı ilə məşğul olur və cavabdehi uzun illərdir tanıyır. 2021–ci ilin sonlarında cavabdeh ondan 1.500 manat dəyərində nisyə paltar almış və qısa zamanda borcunu qaytarmağı öhdəsinə götürmüşdür. O da cavabdehə inanmış və ona 1.500 manat dəyərində geyim əşyasını nisyə vermişdir. Lakin cavabdeh vəd etdiyi vaxtda 1.500 manat borcunu ödəməmişdir. Bu səbəbdən məcbur olub polisə şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılan zaman cavabdeh ona 200 manat pul vermiş, lakin qalan 1.300 manat borcunu bugünədək ödəməkdən yayınmışdır. Dəfələrlə borcunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu hal da onu göstərir ki, cavabdeh onun etibarından sui–istifadə edərək, onu əlverişsiz vəziyyətə salmış, pulunu mənimsəyərək qaytarmamışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 1.300 manat məbləğində pulun və 34 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022–ci il tarixli qərardan görünür ki, ibtidai araşdırma zamanı Cavabdeh izahat vermiş və izahatında həqiqətən iddiaçıdan 1.500 manat dəyərində nisyə paltar almasını, həmin puldan 200 manat ödəməsini etiraf etmiş və qalan borcunu hissə–hissə ödəyəcəyinə söz vermişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 1.300 manat dəyərində geyim əşyasının nisyə verilməsini, həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatının təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı 1.500 manat dəyərində geyim əşyasını cavabdehə nisyə vermiş, cavabdeh isə həmin pulu qısa zamanda qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu tam şəkildə ödəməmiş, borcundan 200 manat ödəsə də, qalan 1.300 manatı ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi dəyəri 1.500 manat olan geyim əşyasını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcundan 200 manat ödəsə də, qalan 1.300 manat borcunu ödəməmişdir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı Yusifova–X1 cəmi dəyəri 1.500 manat olan geyim əşyasını nisyə alması, həmin pulun 200 manatını qaytarsa da, qalan 1.300 manatı iddiaçıya qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh 1.300 manat məbləğində pul alınaraq iddiaçı Yusifova–X3 verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1.300 (bir min üç yüz) manat məbləğində pul alınıb iddiaçı Yusifova–X3 verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 34 (otuz dörd) manat məbləğində pul alınıb iddiaçı Yusifova–X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar