Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2020/2024 24.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün xərclənmiş 20.000 manat məbləğində pulun cavabdehdən alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun mərhum həyat yoldaşının qardaşıdır. Cavabdeh ailəsi ilə birlikdə Rusiyada yaşayır. İddia ərizəsində göstərilən ünvanda cavabdehin qardaşının ailəsi yaşayır. Onların cavabdehlə əlaqəsi vardır. Cavabdeh onu ailəsi ilə həmin həyətdən çıxarmışdır. Cavabdehin yaşadığı ev həyat yoldaşının ata mülkidir. Həmin mülkdən paylarını da verməmişlər. Həyat yoldaşı vəfat etdiyindən məcburiyyət qarşısında qalıb bu iddianı qaldırmışdır. Öz vəsaitləri hesabına tikdirdikləri evə cavabdeh yiyələnmişdir. Bu səbəbdən həmin evin tikintisinə çəkdikləri xərc kimi 20.000 manat pulu cavabdehdən tələb edir. Odur ki, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün xərclənmiş 20.000 manat məbləğində pulun cavabdehdən alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.1975–ci il tarixdə cavabdehin qardaşı X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Mərhum əri xx.xx.2017–ci il tarixdə vəfat etmişdir. Hazırda o, faktiki olaraq mərhum ərindən miras qalmış evdə, cavabdeh isə Rusiya Federasiyasında yaşayır. İşin halları ilə bağlı qeyd edir ki, 1975–ci il tarixdə Məhərrəm Qasımovla evlənərək onun ata yurduna gəlin köçmüşdür. 1976–cı il tarixdə əri Rusiya Federasiyasına getmiş, o isə Azərbaycanda qalmışdır. Lakin qısa müddət sonra o da ərinin yanına getmişdir. Bir neçə il Rusiya Federasiyasında yaşadıqdan sonra, yəni 1979–cu il tarixdə yenidən Azərbaycana–qayınatasına məxsus evə qayıtmışlar. 1981–ci ildə isə özlərinə torpaq sahəsi alaraq ev inşa etmiş və həmin evə köçmüşlər. Hazırda qayınatasına məxsus ev cavabdehin adına qeydə alınmış, evdə isə İsmayıl adlı qayını yaşayır. Əri vəfat edən zaman ata yurduna 20.000 manat pul xərcləməsini və həmin pulu qardaşı Cavabdeh tələb etməsini ona vəsiyyət etmişdir. Belə ki, əri Məhərrəm Qasımov sağlığında ata yurdunda yerləşən evə 20.000 manat xərc çəkmiş, qayınlarına toy etmiş, onların bütün tələbatlarını qarşılamışdır. Əri sağ olan vaxtı evə çəkilmiş xərci cavabdehdən tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmiş, əksinə ərinin vəsaiti ilə tikilmiş evi öz adına keçirmişdir. Ərinin vəsiyyətindən sonra o da cavabdehdən pulu tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin, səhhətində problemlər olduğuna görə vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Hazırda ərinin vəsaiti ilə inşa edilmiş evdə qayınları yaşayır, o həm evdən, həm də əri tərəfindən evə çəkilmiş xərcdən məhrum olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün xərclənmiş 20.000 manat məbləğində pulun cavabdehdən alınması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə İddiaçı arasında xx.xx.1975–ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X3 və X4 xx.xx.1979–cu il tarixdə, X2 xx.xx.2017–ci il tarixdə vəfat etmişlər. İşdə olan Şəmkir rayon 1 saylı Notariat Ofisinin 1610 saylı məktubundan görünür ki, xx.xx.1979–cu il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka dair xx.xx.2023–cü il tarixdə 746 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi İddiaçı müəyyənləşmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli arayışdan görünür ki, 1948–ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün mərhum əri tərəfindən 20.000 manat vəsait xərclənməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997–ci il tarixli qərarının 50– ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı mərhum əri tərəfindən Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evə 20.000 manat xərc çəkilməsini, həmin evin cavabdehin adına qeydə alınmasını iddia etmişdir. Bu səbəbdən məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim olunmuş sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddiaçı iddia tələbini mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmiş, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün mərhum əri tərəfindən 20.000 manat vəsait xərclənməsini, dolasıyı ilə həmin pulun cavabdehə çatması barədə əsaslı mənbədən əldə edilmiş təsdiqedici sübutları məhkəməyə təqdim etməmiş, heç bir sübuta dayanmayan formal mülahizə əsasında iddianı əsaslandırmağa çalışmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Həmin Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(076)-2020/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2020/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver