Məhkəmə qərarları › İş №2(076)-2037/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2037/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2037/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 (bir min altı yüz) manat dəymiş maddi ziyanın və ödənilmiş 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində "Toyota" markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil var. xx.xx.2024-cü il tarixdə avtomobillə Gəncə şəhərindən Qazax rayonu istiqamətinə hərəkət edərkən Bakı-Qazax yolunun 398 km-də cavabdehə maxsus "VAZ-2107" markalı **-BN-*** dövlət qeydiyyat nişalı avtomobil yolun ehtiyyat hissəsindən qəflətən qarşısına çıxmış və hadisənin qarşısını ala bilməyib cavabdehin avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı heç bir tǝrǝf xəsarət almasa da onun avtomobilinə maddi ziyan dəymişdir. Hadisənin törədilməsində təqsirkar cavabdeh olduğu üçün Cavabdeh ona avtomobili düzəldəcəyini bildirdi. O da cavabdehin telefon nömrəsini götürüb hadisə yerindən getdi. Lakin cavabdeh verdiyi sözə əməl etmədi. Buna görə də xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Cavabdeh törətdiyi əməli etiraf etsə də, lakin dəymiş ziyanı ödəməyəcəyini bildirmişdir. Cavabdehin barəsində İXM-nin müvafiq maddələri ilə protokol tərtib olundu. Həmçinin o xx.xx.2024-cü il tarixdə avtomobilinə dəymiş ziyanın hesablanması üçün "xxxx" ASC-də ziyan aktı tərtib etdirmiş, hesablama aparıldıqda avtomobilinə 1600 (bir min altı yüz) manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Cavabdehǝ dəymiş ziyanın ödənilməsini tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehdən ona məxsus avtomobilə dəymiş zərəri könüllü ödəməsini tələb etsə də, o pulu könüllü ödəməkdən boyun qaçırmışdır. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota” markalı, “LAND-CRUİSER-PRADO minik” modelli, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cavabdeh izahatının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə özünün idarə etdiyi “VAZ 21074 minik” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Gəncə şəhərindən Qazax rayon istiqamətində dayanmış və hərəkətə başlayan zaman Toyota markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoluna çıxaraq toqquşma hadisəsi baş vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP seryalı ******* nömrəli inzibati tənbeh vermə qərarının surətindən görünür ki, Cavabdeh “VAZ 21074 minik” markalı **- GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi Azərbaycan Respublikasının İnzibati-Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzrdə tutulan inzibati xətanı törətmiş və ona görə də 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan ziyan aktından görünür ki, “Prado Toyota” markalı **-BM-*** nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 1600 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 800 manat, təmir-bərpa işlərinin qiyməti-800 manat təşkil edir. İş materialında olan 9/5737 nömrəli xx.xx.2024-cü il tarixli Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ziyan aktında baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2007-ci il buraxışlı, qara rəngli “Toyota Land-Cruiser-Prado minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1450 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 800,00 manat, təmir-bərpa işlərinin qiyməti-650 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı cavabdehlərdən vurulmuş real zərərin əvəzini tələb etmişdir. İddiaçı tərəfindən həmin zərərin miqdarının müəyyən edilməsi üçün mütəxəssis tərəfindən tərtib edilmiş ziyan aktı təqdim edilmiş, cavabdeh həmin aktda göstərilən zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert isə zərərin miqdarını 1450 manat müəyyən etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş ziyana görə 1450.00 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh vurulmuş ziyana görə 1450.00 manat (bir min dörd yüz əlli) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə, 50 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 1450.00 manat (bir min dörd yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar