Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2112/2023 26.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi X1 Cavabdeh: Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə uzun illərdir bir-biirlərini tanıyırlar və normal münasibətləri olmuşdur. Belə ki, cavabdeh Şəmkir şəhəri, 20 Yanvar küçəsində puldəyişmə məntəqəsində işləyir. 2022-ci ilin avqust ayında cavabdeh ona müraciət edərək borc pul isətmiş, o da cavabdehə 150.000 manat vermişdir. Belə ki, həmin ərəfədə evini satmış və əlində pul olmuşdur. Cavabdeh aldığı pulu bir neçə aya qaytaracağını bildirmişdir. Lakin sonradan cavabdeh həbs edilmiş, onun pulunu isə qaytarmamışdır. Dəfələrlə cavabdehin evinə getmiş, vəkili ilə əlaqə saxlamış, onlar borcu etiraf etsələr də, pulu verməkdən boyun qaçırmışlar. Hazırda o, evini satmış, valideynləri xəstədir, himayəsində azyaşlı və tələbə uşaqları vardır. Cavabdeh isə pulu qaytarmadığına görə məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdehdən 150.000 manat pulun və 440 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəməyə “iddia həcminin azaldılması” barədə əlavə ərizə təqdim edərək, cavabdehdən 149.100 manat pulun və 440 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh uzun illərdir Şəmkir şəhəri, 20 Yanvar küçəsində puldəyişmə məntəqəsində işləyir və normal münasibətləri olmuşdur. 2022-ci ilin avqust ayında cavabdeh ona müraciət edərək borc pul isətmiş, o da cavabdehə 23.000 ABŞ dolları və 125.000 manat məbləğində vermişdir. Belə ki, həmin ərəfədə evini satmış və əlində pul olmuşdur. Cavabdeh isə ondan aldığı pulu dövriyyə edib pul qazanacağını, ona isə faizini verəcəyini bildirmişdir. Lakin sonradan cavabdeh törətdiyi cinayət əməlinə görə həbs edilmiş, onun pulunu isə qaytarmamışdır. Dəfələrlə cavabdehin evinə getmiş, vəkili ilə əlaqə saxlamış, onlar borcu etiraf etsələr də, pulu verməkdən boyun qaçırmışlar. Cavabdehin qanunsuz hərəkəti nəticəsində o, əlverişsiz vəziyyətə düşmüşdür. Hazırda cavabdeh əsassız olaraq onun hesabına varlanmışdır. Cavabdeh vurduğu ziyanı könüllü olaraq ödəməmiş, hazırda da ödəməkdən imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan ona məxsus pul qaytarılmalıdır. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclası zamanı əsasən nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, 2022-ci ilin avqust ayında iddiaçı təmsil etdiyi şəxsə müraciət edərək əlində pulunun olmasını və həmin pulu dövriyyə edib pul qazanmağı təklif etmişdir. İddiaçı cavabdehə 23.000 ABŞ dolları və 125.000 manat pulunun olmasını bildirmiş və dövriyyə nəticəsində ona hər gün üçün 150 manat verməsini demişdir. Bundan sonra tərəflər razılaşmış və cavabdeh pulu götürərək iddiaçı ilə birlikdə valyuta dəyişmə məntəqəsinə gedərək pulları kassaya yerləşdirmişdir. Bundan sonra cavabdeh hər gün üçün iddiaçıya 150 manat pul vermişdir. 2022-ci ilin sentyabr ayında iddiaçı cavabdehə müraciət edərək, oğlunun universitetə qəbul olunmasını bildirmiş və 10.000 manat pul istəmişdir. Bundan sonra təmsil etdiyi şəxs həmin pulun üstündən 10.000 manat götürüb iddiaçıya vermiş, daha sonra isə cavabdehin bacısı oğlu iddiaçıya 5.000 manat pul vermişdir. Sonradan təmsil etdiyi şəxs pulu dövriyyə etdirərək həftənin altı günü 150 manat, bazar günü isə 100 manat pulu iddiaçıya vermiş, eləcə də, cavabdeh daha sonra iddiaçıya əlavə olaraq 17.000 manat pul qaytarmışdır. Hazırda iddiaçı heç bir əsası olmadan təmsil etdiyi şəxsə qarşı əsassız iddia qaldırmışdır. Həmçinin, qeyd edir ki, iddiaçı özü iş qurmaq məqsədilə cavabdehə həmin pulu vermiş, iş alınmadığından pulunu geri almışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı onun doğma oğludur. Təxminən 2022-ci ilin avqust ayında oğlu iş qurmaq məqsədilə Nəsibə pul vermək istədiyini bildirmişdir. Bundan sonra həmin vaxt İbadət cavabdehə 23.000 ABŞ dolları və 125.000 manat məbləğində pul vermişdir. Sonradan cavabdeh törətmiş olduğu cinayət əməlinə görə həbs edilmişdir. Həmçinin, qeyd edir ki, həmin puldan 10.000 manat və 5.000 manat olmaqla, cəmi 15.000 manat pul oğluna qaytarılmış, qalan borc isə hazırki vaxta qədər qaytarılmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçını və cavabdehi uzun müddətdir ki, tanıyır, hər ikisi ilə normal münasibəti olmuşdur. Təxminən 2022-ci ilin avqust ayında İbadət ona zəng edərək bazarın yanına çağırmış və Nəsiblə iş qurmaq istədiyini bildirmişdir. Bundan sonra Şəmkir rayon Mərkəzi bazarın yanına gedərək İbadətlə görüşmüş, orada İbadət Nəsibə vermək üçün 23.000 ABŞ dolları və 125.000 manat pul gətirməsini demişdir. Daha sonra İbadət Nəsibin işlədiyi yerə gedərək pulu vermişdir. İşdə olan və Cavabdeh ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, cavabdeh iddiaçıdan 23.000 ABŞ dolları və 125.000 manat məbləğində pul almasını, həmin puldan 10.000 manat özü, 5.000 manatı isə bacısı oğlu tərəfindən qaytarılmasını etiraf etmiş, qalan borcu isə tezliklə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 149.100 manat məbləğində pulun verilməsini və həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahid ifadələrinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, cavabdehin iddiaçıdan pul almasını konkret şəkildə göstərmişdir. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Beləliklə, məhkəmə tərəflərin izahatının və iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı cavabdehə 23.000 ABŞ dolları və 125.000 manat məbləğində pul vermiş, cavabdeh isə həmin məbləği iddiaçıdan almış və qaytaracağına dair öhdəlik götürmüşdür. Məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin məhkəmə borcun qaytarılması barədə olan halı işin mübahisə edilən faktiki halı kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qanun normasında borc müqaviləsin predmetinin məbləğinin üç min manatdan çox olması halında borc müqaviləsinin yazılı formada bağlanması qeyd edilsə də, eləcə də, iddiaçı cavabdehə 23.000 ABŞ dolları və 125.000 manat məbləğində pul verməsini iddia etsə də, işin hallarından, o cümlədən cavabdehin ibtidai araşdırma zamanı verdiyi izahatından görünür ki, o, iddiaçıdan pul almasını etiraf etmişdir. Ona görə də məhkəmə bu halı cavabdehin iddiaçıdan borc pul almasını etiraf etdiyinə görə tərəflər arasında borc müqaviləsinin bağlanması kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1–ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1–ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, məhkəmə müəyyən etdi ki, iddiaçı 2022–ci ilin avqust ayında cavabdehə 23.000 ABŞ dolları və 125.000 manat məbləğində borc pul vermiş, cavabdeh isə pulu qaytaracğını öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 149.100 manat məbləğində təmin edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçıya 17.000 manat pulun qaytarılmasını iddia etsə də, həmin halı təsdiq edəcək sübutları məhkəməyə tədim etməmiş, yalnız formal mülahizə şəklində 17.000 manat pulun iddiaçıya verilməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 23.000 ABŞ dolları və 125.000 manat məbləğində pul alması, həmin puldan 149.100 manatı qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 149.100 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 149.100 (bir yüz qırx doqquz min yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh 440 (dörd yüz qırx) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2112/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2112/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver