Məhkəmə qərarları › İş №2(076)-213/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-213/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-213/2024 15.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (X4) qarşı aliment məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X4 (Cavabdeh) qarşı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə doğulmuş X7 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1250/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 220 ( iki yüz iyirmi) manat məbləğində alimentin və ödədəyi 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdeh X2 (Cavabdeh) tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından 16 oktyabr 2008-ci ildə X7 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında rəsmi nikahları olmamışdır. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Ona görə də yetkinlik yaşına çatmamış qızı Sevincin atalığı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 iyun 2020ci il tarixli cavabdeh X2 (Cavabdeh) 16 oktyabr 2008-ci il təvəllüdlü Sevinc adlı uşaqlarının saxlanması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulur. Yetkinlik yaşına çatmamış uşağının maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə qətnəmasi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşağının saxlanmasına kifayət etmir. Belə ki, yetkinlik yaşına çatmamış uşağı artıq böyüyür, orta məktəbdə təhsil alır, gündəlik tələbatları və xərcləri olduqca çoxalmışdır. Cavabdeh Rusiya Federasiyasında işləyir və aylıq yüksək qazanca malikdir. O, maddi cəhətdən azyaşlı uşağının saxlanmasında çətinlik çəkir. O, alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin soyadının, adının və ata adının Cavabdeh kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin adı, soyadı əvvəllər X6 olmuşdur. Sonradan cavabdeh adını, soyadını dəyişdirərək Cavabdeh olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(076)-1250/2020 saylı qətnaməsi ilə cavabdeh X3 (Cavabdeh) Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2923/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 356255 nömrəli “atalığın müəyyən edilməsi haqqında” şəhədətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 16 oktyabr 2008-ci ildə vətəndaş İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə xx.xx.2018-c il tarixdə 709 nömrə ilə akt qeydləri kitabında qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin X6 iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqında” şəhədətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 16 oktyabr 2008-ci il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Onun atası X6, anası isə İddiaçı kimi qeyd edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 16 oktyabr 2008-ci il təvəllüdlü X1 üçün cavabdehdən məhkəmə qətnaməsi ilə hər ay 150 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş, lakin hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, 16 oktyabr 2008-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları və ehtiyacları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə qismən əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, mediasiya xərci isə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 600 manat (50 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1250/2020 saylı qətnaməsi ilə X2 (Cavabdeh) İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılsın. Cavabdeh (X2) qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2008-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh (X2) 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh (X2) 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar