Məhkəmə qərarları › İş №2(076)-2130/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2130/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2130/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 15.000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə “iddia həcminin artırılması barədə” əlavə ərizə təqdim edərək, cavabdehdən 15.000 manat məbləğində pulun, ödənilmiş 135 manat dövlət rüsumunun və hüquqi yardımın əvəzi olaraq 400 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022–ci il tarixdə Şəmkir Rayon 1 saylı Notariat ofisində cavabdehlə aralarında 3M–419 reyestr nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icra müqaviləsinə əsasən mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023–cü il tarixədək cavabdehə icarəyə vermişdir. Həmin müqavilənin 5–ci bəndinə əsasən icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Həmçinin, müqavilənin 3–cü bəndində icarə müddəti xx.xx.2023–cü il tarixədək müəyyən edilmiş, onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətində uzadılmış sayılması qeyd olunmuşdur. Lakin cavabdeh müqaviləyə əsasən öhdəliyini tam olaraq icarə etməmiş, 35.000 manatdan hazırki vaxtadək 20.000 manat ödəmiş, qalan 15.000 manat pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən xx.xx.2023–cü il tarixdə cavabdehə icarə müqaviləsinin ləğvi və pulun ödənilməsi üçün bildiriş ünvanlanmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icarə etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2022–ci il tarixdə Şəmkir Rayon 1 saylı Notariat ofisində cavabdehlə aralarında 3M–419 reyestr nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icra müqaviləsinə əsasən mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023–cü il tarixədək cavabdehə icarəyə vermişdir. Həmin müqavilənin 5–ci bəndinə əsasən icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Həmçinin, müqavilənin 3–cü bəndində icarə müddəti xx.xx.2023–cü il tarixədək müəyyən edilmiş, onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətində uzadılmış sayılması qeyd olunmuşdur. Cavabdeh müqavilədə nəzərdə tutulmuş 35.000 manat icarə haqqının 20.000 manatını ödəsə də, qalan 15.000 manatı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub Şəmkir Rayon 1 saylı Notariat ofisinə müraciət etmiş və 31 may 2023–cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir. Bundan sonra da dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, o, müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmiş və onu əlverişsiz vəziyyətə salmışdır. Hesab edir ki, cavabdehin niyyəti onun etibarından sui–istifadə etməklə aldığı pulu ödəməmək və bununla da əsassız varlanmaqdan ibarət olmuşdur. Odur ki, cavabdehdən 15.000 manat məbləğində pulun, ödənilmiş 135 manat dövlət rüsumunun və hüquqi yardımın əvəzi olaraq 400 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclası zamanı nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə arasında bağlanmış xx.xx.2022–ci il tarixli, 3M–419 reyestr nömrəli icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023–cü il tarixədək ona icarəyə vermişdir. Həmin müqavilənin 5–ci bəndinə əsasən icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra o, icarə haqqı olan 35.000 manat pulu tam şəkildə iddiaçıya ödəmişdir. Buna baxmayaraq, iddiaçı əsassız şəkildə təkrar ondan pul tələb edir. Həmçinin, qeyd edir ki, iddiaçı müqavilənin müddətini uzatmaq istəmədiyindən notariat orqanına müraciət etmiş və 31 may 2023–cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli, 3M–419 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər– Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023–cü il tarixədək Cavabdeh icarəyə vermiş, icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3–cü bəndindən görünür ki, icarə müddəti xx.xx.2023–cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 5–ci bəndindən görünür ki, icarəyə verilən sahənin istifadəsinə görə “icarəyə götürən” Cavabdeh “icarəyə verən” İddiaçı illik 35.000 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8–ci bəndindən görünür ki, müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İşdə olan Şəmkir Rayon 1 saylı Notariat ofisinin xx.xx.2023–cü il tarixli məktubundan və ona əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı notariat orqanına müraciət edərək xx.xx.2022–ci il tarixli, 3M–419 reyestr nömrəli icarə müqaviləsinin 3–cü bəndinə əsasən müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirmiş və 31 may 2023–cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin 15.000 manat icarə haqqını ödəməməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2022–ci il tarixli, 3M–419 reyestr nömrəli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023–cü il tarixədək Cavabdeh icarəyə vermiş, icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Sonradan iddiaçı notariat orqanına müraciət edərək xx.xx.2022–ci il tarixli, 3M–419 reyestr nömrəli icarə müqaviləsinin 3–cü bəndinə əsasən müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirmiş və 31 may 2023– cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir. Hazırda iddiaçı müqavilə əsasında nəzərdə tutulmuş icarə haqqından 15.000 manat pulun cavabdeh tərəfindən ödənilməməsini iddia edir. Bu səbəbdən məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim olunmuş sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11–ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51–ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 55–ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biri hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələrdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1–ci maddəsində də torpaq icarəsinin anlayışı müəyyən edilərək göstərilir ki, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 10–cu maddəsində torpaqların icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilərək deyilir ki, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1–ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.1–ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3–cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 719.1–ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddiaçı cavabdeh tərəfindən icra haqqının tam şəkildə ödənilməməsini, bu səbəbdən notariat orqanına müraciət edərək müqaviləni ləğv etdirməsinə bildirsə də, iş materialları ilə həmin hal təkzib edilmişdir. Belə ki, iddiaçı notariat orqanına müraciət edərək xx.xx.2022–ci il tarixli, 3M– 419 reyestr nömrəli icarə müqaviləsinin 3–cü bəndinə əsasən müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirmiş və bu səbəbdən 31 may 2023–cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmiş, lakin həmin vaxt müqavilənin xitam verilməsinə səbəb kimi icarə haqqının ödənilməməsi olmasına dair heç bir məlumat verməmişdir. Göründüyü kimi müqavilənin ləğvi ilə bağlı iddiaçının notariat orqanına müraciət etməsinə səbəb cavabdeh tərəfindən icarə haqqının ödənilməməsi deyil, iddiaçının müqavilənin müddətini uzatmaq niyyətinin olmaması olmuşdur. Eləcə də, məhkəmə qeyd edir ki, müqavilənin 5–ci bəndində 35.000 manat icarə haqqının ödənilməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən müqaviləyə xitam verilənədək icarə haqqının ödənilməsinə dair cavabdehə pretenziya bildirişi göndərməsi müəyyən edilməmişdir. Həmçinin, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş 35.000 manat icarə haqqının 15.000 manatının cavabdeh tərəfindən ödənilməməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş və müqavilə bağlandıqdan sonra icarə haqqı olan 35.000 manat pulu tam şəkildə iddiaçıya ödəməsini bildirmişdir. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da cavabdehin 15.000 manat icarə haqqını iddiaçıya ödəməməsi iş materialları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu və hüquqi yardım xidməti iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Həmin Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və hüquqi yardım xidməti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar