Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2226/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı Qocayeva (Ələkbərova) Çiçək Bayram qızının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qocayeva (Ələkbərova) Çiçək Bayram qızının cavabdehlər Cavabdeh1 və X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qocayeva (Ələkbərova) Çiçək Bayram qızı cavabdehlər Cavabdeh1 və X3 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 8869 manat dəyərində maddi zərərin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 onun keçmiş həyat yoldaşı və X5 isə keçmiş baldızıdır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə onlara ailə olraq pay torpaq sahəsi verilmişdir, Sonradan o, Ceyhun İsmayıl oğlundan ayrılmışdır. Paylı mülkiyyətlərində olan torpaq sahəsini ayırıb ona təhvil vermələrini istəmişdir. Lakin cavabdehlər buna könüllü olaraq razılıq verməmiş və bu səbəbdən də o, məcbur olub məhkəmədə iddia qaldırmalı olmuşdur. Şəmkir rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076) - 372/2022 saylı qətnaməsi ilə onun iddia tələbi tam təmin edilmişdir. İddia tələbi ilə bağlı olaraq o, cavabdehlərin təqsiri ucbatından maddi ziyan çəkmişdir. Dövlət rüsumları, vəkil xidmət haqqı və ekspertiza xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlər həmin maddi ziyanı ona ödəməlidirlər. Eyni zamanda cavabdehlər 2008-ci ildən 2023-cü ilin mart ayına kimi onun mülkiyyətində olan 0.2095 hektar torpaq sahəsini onun razılığımız olmadan əkib-becərmiş, bu hərəkətləri ilə mülkiyyətində olan əmlakdan onu mərhum etmişlər. Cavabdehlərin təqsirindən o, öz torpaq sahəsindən gəlir əldə edə bilməmişdir. Cavabdehlər mənə mülkiyyət hüququ ilə ona məxsus olan 0.2095 hektar dövlət pay torpaq sahəsindən hər il orta hesabla 500 (beş yüz) manat gəlir əldə ediblər. Cavabdehlər onun torpaq sahəsində 2008-ci ildən 2023-cü ilin mart ayına kimi kartof, kələm, taxıl və digər kənd təsərrüfatı məhsulları əkiblər becərmişlər. 15 il ərzində cavabvdehlərin əldə etmiş olduğu gəlir 7500 (yeddi min beş yüz) manat təşkil etmişdir. Cavabdehlər həmin pulu ona qaytarmır. Nəzərdə tutulduğu kimi bir qayda olaraq vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Cavabdehlərin təqsiri ucbatından ona ekspertiza xərci olaraq 311 (üç yüz on bir) manat + 51 manat, məhkəməyə 100 manat dövlət rüsumu, Şəmkir 11 saylı Əraz İdarəsinə ölçmə işləri üçün 240 manat rüsum, vəkilə verilən etibarnamə üçün 17 manat 25 qəpik, vəkil xidmət haqqı olaraq 350 manat, hazırkı iddia ilə bağlı 120 manat dövlət rüsumu ödəmiş, poçt ödənişləri, nəqliyyat xərci olaraq 200 manat ödəmişdir. Cavabdehlərin ona vurmuş olduqları maddi ziyanı 8869 (səkkiz min səkkiz yüz atmış doqquz) manat dəyərində qiymətləndirir. Buraya cavabdehlərin mənə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsini əkib-becərməklə əldə etdikləri 7500 manat gəlir də daxildir. Ona görə də, cavabdehlər Cavabdeh1 və X1 vurulmuş maddi ziyana görə cəmi 8869 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı Qocayeva (Ələkbərova) Çiçək Bayram qızının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, əvvala Çiçəyin payı müəyyən olunana qədər bir yerdə yaşamışlar, ikincisi də 2008-ci ildən 2023-cü ilə qədər necə ola bilər ki, torpaq istifadə olunub, amma Çiçək indi iddia qaldırır?! Niyə o vaxt qaldırmırdı?! Deyilənlər və iddia ərizəsində göstərilənlər hamısı yalandır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərərflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışından görünür ki, iddiaçı Qocayeva (Ələkbərova) Çiçək Bayram qızına qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023 olan və qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023 olan çıxarışlarla Şəmkir rayonu, Keçili kəndində 0,2095 ha torpaq sahəsi verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-372/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, JN-863 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı Dövlət Aktının JN-863/0.56 ha hissəsində 0,112 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru və JN-863Z/1.06 ha hissəsində 0.21 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru ayrılmış hissələr natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində onlara maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçıların üzərinə düşür. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh1 iddiaçının keçmiş əri, X5 isə keçmiş baldızıdır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə onlara ailə olaraq pay torpaq sahəsi verilmişdir. Sonradan iddiaçı Cavabdeh1 ayrılmışdır. Paylı mülkiyyətlərində olan torpaq sahəsini ayırıb ona təhvil vermələrini istəmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-372/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, JN-863 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı Dövlət Aktının JN-863/0.56 ha hissəsində 0,112 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru və JN-863Z/1.06 ha hissəsində 0.21 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru ayrılmış hissələr natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. İddiaçı həmin iddia tələbi ilə bağlı olaraq ekspertiza xərci 311 (üç yüz on bir) manat + 51 manat, məhkəməyə 100 manat dövlət rüsumu, Şəmkir 11 saylı Əraz İdarəsinə ölçmə işləri üçün 240 manat rüsum, vəkilə verilən etibarnamə üçün 17 manat 25 qəpik, vəkil xidmət haqqı olaraq 350 manatın, eyni zamanda cavabdehlərin 2008-ci ildən 2023-cü ilin mart ayına kimi onun mülkiyyətində olan 0.2095 hektar torpaq sahəsini onun razılığı olmadan əkib-becərməsi nəticəsində hər il orta hesabla 500 (beş yüz) manat gəlir əldə etdiklərindən 7500 (yeddi min beş yüz) manatın və hazırkı iddia ilə bağlı 120 manat dövlət rüsumunun, poçt ödənişləri, nəqliyyat xərci olaraq 200 manatın, cəmi cavabdehlərin ona vurmuş olduqları maddi ziyanı 8869 (səkkiz min səkkiz yüz atmış doqquz) manat dəyərində qiymətləndirərərk, cavabdehlər Cavabdeh1 və X1 vurulmuş maddi ziyana görə cəmi 8869 manat məbləğində pul müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin -əvvəlki məhkəmə qətnaməsi üzrə çəkmiş xərclərin cavabdehlərdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin iş üzrə iddiaçının çəkmiş olduğu xərclər məhkəmə xərcləridir və həmin iş üzrə işə baxılarkən iddiaçı onu tələb etmək imkanı olmuş, hətta belə imkan əlavə qətnamə ilə də mümkün ola bilərdi. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Bundan başqa, iddianın - cavabdehlərin 2008-ci ildən 2023-cü ilin mart ayına kimi onun mülkiyyətində olan 0.2095 hektar torpaq sahəsini onun razılığı olmadan əkibbecərməsi nəticəsində hər il orta hesabla 500 (beş yüz) manat gəlir əldə etdiklərindən 7500 (yeddi min beş yüz) manatın tələb edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün cavabdehlər tərəfindən ona maddi ziyan vurulması təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Eləcə də, vurulmuş maddi ziyanla cavabdehlərin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Yalnız o halda iddiaçıların onlara vurulmuş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur. Torpaq sahəsinin əkib becərməsi, gəlir əldə etməsi və nə qədər zərərə məruz qalmasını sübut edə bilmədi. Bu hissədə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən vəkil xidmət haqqı təmin edilməməldir. Ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin hüquqazidd hərəkəti nəticəsində iddiaçının maddi ziyana məruz qalması mötəbər sübutlarla təsdiq olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehlərə qarşı vurulmuş maddi zərər tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qocayeva (Ələkbərova) Çiçək Bayram qızının cavabdehlər Cavabdeh1 və X3 qarşı maddi ziyan tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 120 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2226/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2226/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver