Məhkəmə qərarları › İş №2(076)-2283/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2283/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2283/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh borclu olduğu 75000 manat pulun və həmin pulun vaxtında qaytarılmamasına görə vurduğu zərərin əvəzində 22000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəldən aralarında xeyli müddət etibarlı münasibət olmuşdur. Aralarında əvvəllər az məbləğlərlə borc-pul münasibətləri olmuş, problem yaranmamışdır. Cavabdeh 2021-ci ildə ondan böyük məbləğdə ona borc-pul verməyini xahiş etdiyinə görə, onlar həmin borcla əlaqədar notariusda müqavilə rəsmiləşdirilməsinə razılaşmışlar. Bundan sonra onlar Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunda 11 sentyabr 2021-ci il tarixli, 3M-406 saylı reyestrlə qeydiyyatdan keçmiş kredit müqaviləsi bağlamış və o Cavabdeh 75.000 (yetmiş beş min) manat borc pul vermişdir. Ondan böyük miqdarda nağd pul olmadığına görə, münasibəti nəzərə alaraq, o bankda saxladığı vəsaitdən çıxarıb 1 il müddətinə cavabdehə verməli olmuşdur. Müqaviləyə əsasən cavabdeh həmin pulu 1 il müddətində, yəni 11 sentyabr 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürdü. Cavabdeh göstərilən müddətdə, yəni 11 sentyabr 2022-ci ildə oktyabr 2022-ci ildə onların həmin notariusa gedərək, 3M-536 saylı həmin borcu ona qaytara bilmədiyi üçün, onun təkidli xahişi ilə reyestrlə "müqaviləyə düzəlişə dair müqavilə” rəsmiləşdirərək ilkin kredit müqaviləsinin müddətini 5 noyabr 2022-ci il tarixədək uzatmışlar. Cavabdeh ikinci müqavilənin də, şərtlərinə əməl etmǝyǝrǝk həmin pulu ona vaxtında qaytarmamış və müxtəlif vədlərlə pulun məhkəməyə qaytarılmasını uzatmaqda davam etmişdir. Ona görə də, o müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, cavabdeh kredit məbləğini 2022-ci ilin noyabr ayında tam qaytarmalı olduğu halda, artıq 1 il 6 aydır ki, qaytarmamaqla ona xeyli zərər vurmuşdur. Belə ki, cavabdeh həmin pulu 2022-ci ilin noyabr ayında qaytaracağı təqdirdə, o həmin pulu depozit qaydasında banka qoymaqla, illik minimum 10% olmaqla, 1 il 6 ay ərzində 11.000 manatdan artıq gəlirdən məhrum olmuşdur. Bundan əlavə onun cavabdehdə olan həmin 75000 manat pulunu 1 il 6 ay ərzində minimum 15% inflyasiyaya məruz qalaraq dəyərdən düşmüşdür. Həmin inflyasiyaya görə, cavabdeh onun pulunu vaxtında qaytarmamaqla ona 11000 manatdan artıq zərər vurmuşdur. Ona görə də, hesab edir ki, cavabdehdən ona kredit müqaviləsi üzrə qaytarılmalı məbləğ olan 75000 manatdan əlavə, vurduğu zərər hesabına 22000 manatın alınmasına dair qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən Cavabdeh borclu olduğu 75000 manat pulun və həmin pulun vaxtında qaytarılmamasına görə vurduğu zərərin əvəzində 22000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, lakin məhkəmə iclasında sübutlar təqdim edəcəyini bildirsə də müalicədə olması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan xx.xx.2021-ci il tarixli 3M-406 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixədək ödəmək şərtilə 75000 manat məbləğində pul borc vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3M-536 nömrəli müqaviləyə düzəlişə dair müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilə aralarında olan xx.xx.2021-ci il tarixli 3M-406 nömrəli kredit müqaviləsinin 2 bəndində düzəliş edilərək Cavabdeh İddiaçı olan borcunu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanılaraq iddiaçı cavabdehə 75000 manat pulu borc vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə borcunu qaytaracağına öhdəlik götürmüşdür, lakin bu borcu qaytarmamışdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən kredit müqavilə borc üzrə 75000 manat, 5625 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən illik 5% əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 80,625 manat kredit borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 381 manat dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsinə əsasən 75000 manat əsas borc, kredit müqaviləsi müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən illik 5% əsas borca hesablanmış faiz borcu 5625 manat olmaqla, cəmi 80 625 (səksən min altı yüz iyirmi beş) manat və dövlət rüsumunun əvəzi qismində 381 (üç yüz səksən bir) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar