Məhkəmə qərarları › İş №2(076)-237/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-237/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-237/2024 01.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyirnə 2655.62AZN əsas, 32.12 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2655.62 AZN borcun 0.40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 46.56 AZN vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum Cəfərova Dursun Əli qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək, illik 20% ödəmək şərtilə 2900 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-ci il tarixli məktubu ilə Cəfərova Dursun Əli qızının vərəsəsinin Cavabdeh1. Cavabdeh2. Cavabdeh3 və Cavabdeh4 olduğu müəyyən edilmişdir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclası barədə məlumat verilsə də məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli 1029nkSMKR/21 saylı kredit müqaviləsinə əsasən Cəfərova Dursun Əli qızına illik 20 faiz hesablanması şərti ilə, xx.xx.2025-ci il tarixinədək 2900 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəfərova Dursun Əli qızının 1029nkSMKR/21 saylı kredit müqaviləsinə əsasən 2655.62AZN manat əsas, 32.12 manat faiz və 0 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 2655.62 AZN borcu yaranmışdır. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, Cəfərova Dursun Əli qızı xx.xx.2022-ci ildə Şəmkir şəhərində vəfat etmişdir. İş materiallarında olan Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğl və Cavabdeh4 mərhum Cəfərova Dursun Əli qızından qalan mirası qəbul etmişdirlər. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 46.96 manat dövlət rüsumu ödəmişdir, xidmət haqqı isə 0.40 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cəfərova Dursun Əli qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cəfərova Dursun Əli qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə öldüyündən icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında yazılmışdır ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsəlik haqqında şəhadətnamə əldə edərək, dövlət reyestrindən verilmiş çıxarış əsasında Cəfərova Dursun Əli qızına məxsus Şəmkir rayonu Düyərli kəndi 0,603 ha torpaq sahəsi miras əmlakı qəbul etmişdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vərəsələrin qəbul etdiyi miras əmlakın həcmi iddia ərizəsində tələb olunan kredit borcundan çox olduğundan iddia təmin edilməli, cavabdehlərdən kredit borcuna görə 2623.manat əsas və 32.12 faiz borcu olmaqla, cəmi. 2655.62 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən kredit borcuna görə 2623.manat əsas və 32.12 faiz borcu olmaqla, cəmi. 2655.62 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.56 manat və xidmət haqqı olaraq ödənilmiş 0.40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2623.5 (iki min altı yüz iyirmi üç manat beş qəpik) AZN əsas, 32.12 (otuz iki manat on iki qəpik ) AZN, 0 (sıfır) AZN cərimə borcu olmaqla, cəmi. 2655.62 (iki min altı yüz əlli beş manat altmış iki qəpik) AZN pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.56 (qırx altı manat əlli altı qəpik) manat və 0.40 (qırx qəpik) manat xidmət haqqı məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" ASC Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar