Məhkəmə qərarları › İş №2(076)-2405/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2405/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2405/2023 10.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 56.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini 7 il 1 ay müddətində gecikdirməsi nəticəsində vurduğu 33.320 manat məbləğində zərərin və 190,36 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı qətnaməsi ilə Cavabdeh 56.000 (əlli altı min) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi qət edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən boyun qaçırmış, bununla bağlı icra məmurunun çağırışlarına gəlməmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 3(076)-279/2016 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin, məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə cavabdehin ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Cavabdeh yenə də öhdəliyini yerinə yetirmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 3(076)-485/2021 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cavabdeh barəsində görülmüş qanuni tədbirlərdən nəticə çıxarmayaraq bugünədək 56.000 ABŞ dolları borcunu ödəməmişdir. Cavabdeh 7 il ərzində ona olan borcunu ödəmədiyindən ona maddi ziyan vurmuşdur. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və cavabdeh onun borcunu vaxtında qaytarmış olsaydı, öz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmış olar, nəticədə yüksək məbləğdə gəlir əldə etmiş olardı. Hesab edir ki, bu səbəbdən cavabdeh gecikdirilmiş vaxt üçün ona illik beş faiz hesabı ilə pul ödəməlidir. Nəzərə alınsa ki, cavabdeh Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı qətnaməsini 30 aprel 2022-ci il tarixədək icra etməmiş, bu müddətin 7 il 1 ay təşkil etməsi, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, həmin məbləğin 19.600 ABŞ dolları (məzənnə: 1 dollar-1,70 manat olmaqla) Azərbaycan manatına nisbətdə 33.320 manat olması müəyyən edilmişdir. Odur ki, cavabdehdən 56.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini 7 il 1 ay müddətində gecikdirməsi nəticəsində vurduğu 33.320 manat məbləğində zərərin və 190,36 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı qətnaməsi ilə Cavabdeh 56.000 (əlli altı min) ABŞ dolları məbləğində pulun alınıb təmsil etdiyi şəxsə verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2015-ci il tarixdə icra məmuru tərəfindən həmin icra sənədi üzrə icraat başlanılmışdır. Lakin cavabdeh qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmış, icra məmurunun tələblərinə tabe olmamışdır. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında təqsirli bilinərək Şəmkir Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 3(076)-279/2016 saylı qərarı ilə 25 gün müddətinə, həmin məhkəmənin 06 oktyabr 2021-ci il tarixli 3(076)-485/2021 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin cavabdeh barəsində görülmüş qanuni tədbirlərdən nəticə çıxarmayaraq bugünədək 56.000 ABŞ dolları borcunu ödəməmişdir. Belə ki, cavabdeh Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı qətnaməsini 30 aprel 2022-ci il tarixədək icra etməmiş, bu müddətin 7 il 1 ay təşkil etmişdir. Belə olan halda cavabdeh təmsil etdiyi şəxsə illik 5 faiz hesabı ilə 33.320 manat pul ödəməlidir. Çünki cavabdehin borcunu qaytarmaması səbəbindən iddiaçı əlverişsiz vəziyyətə düşmüş, əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, iddiaçı sahibarklıq fəaliyyəti ilə məşğul olur və 56.000 (əlli altı min) ABŞ dolları kifayət qədər yüksək məbləğdir ki, iddiaçı həmin pul vasitəsilə öz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmış və qazanc əldə etmiş ola bilərdi. Odur ki, cavabdehdən 56.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini 7 il 1 ay müddətində gecikdirməsi nəticəsində vurduğu 33.320 manat məbləğində zərərin və 190,36 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı qətnaməsi ilə ondan 56.000 (əlli altı min) ABŞ dolları məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığından həmin pulu ödəyə bilməmişdir. Belə ki, 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi əsasında təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbs olunmamışdan əvvəl işləsə də, həbs olunduqdan sonra işdən çıxmışdır. Bu səbəbdən də iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Hazırda iddianı qəbul etmir. Belə ki, borclu olduğu məbləğdən əlavə illik 5 faiz hesabı ilə iddiaçıya pul ödəməsini əsaslı hesab etmir. Hesab edir ki, iddiaçı əsassız varlanmaq niyyətinə düşmüşdür. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh 56.000 (əlli altı min) ABŞ dolları məbləğində pulun, ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə alınaraq İddiaçı verilməsi, həmçinin Cavabdeh hüquqi yardıma görə 1000 (bir min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli “İcraata başlamaq haqqında qərar”dan görünür ki, həmin tarixdə Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı icra sənədi üzrə icraat başlanılmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 3(076)- 485/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi əsasında təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5333 saylı ekspert rəyindən görünür ki, 56.000 (əlli altı min) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini 7 il 1 ay müdətində gecikdirilməsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya ödənilməli pul vəsaitinin məbləği 19.483,33 ABŞ dolları və ya 33.121,66 manat təşkil edir. (56.000 x 5% / 360 x 2505 (gün sayı) = 19.483,33 ABŞ dolları və ya 33.121,66 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı qətnaməsinin tədqiqi nəticəsində müəyyən olunur ki, Cavabdeh 56.000 (əlli altı min) ABŞ dolları məbləğində pulun, ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə alınaraq İddiaçı verilməsi, həmçinin Cavabdeh hüquqi yardıma görə 1000 (bir min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş, həmin icra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlanılmışdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, cavabdeh borclu olduğu məbləği 7 il 1 ay müddət keçməsinə baxmayaraq, iddiaçıya ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə subyektiv hüququnu həyata keçirməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ondan almış olduğu borc məbləğlərinə görə illik beş faiz tələb etməkdə haqlıdır. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından da müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli 2(076)-306/2015 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, 25 may 2015-ci il tarixdə icra sənədi üzrə icraat başlanmış və cavabdehə 10 gün vaxt müəyyən edilməklə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin cavabdeh 25 may 2015-ci il tarixdə icra sənədi üzrə icraat başlandıqdan sonrakı dövrdə borcun qaytarılması ilə bağlı heç bir real hərəkət etməmiş və ya bu cür hərəkətlərin edilməsinə cəhd göstərməmişdir. Ona görə də məhkəmə iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə bağlı iddiasını qanuni və əsaslı hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 56.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini 7 il 1 ay müddətində gecikdirməsi nəticəsində vurduğu 33.320 manat məbləğində zərərin alınmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5333 saylı ekspert rəyində müəyyən edildiyi və işin hallarına uyğun gəldiyi miqdarda, yəni 33.121,66 manat miqdarında qismən əsaslıdır. Belə ki, həmin eksper rəyi ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi üzrə icraata başlanıldığı 25 may 2015-ci il tarixdən məhkəmədə iddia qaldırıldığı günədək 56.000 ABŞ dolları məbləğində pul vəsaitinə tətbiq edilmiş faiz borcunun uçot dərəcəsi 19.483,33 ABŞ dolları və ya 33.121,66 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, 56.000 (əlli altı min) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini 7 il 1 ay müdətində gecikdirilməsi nəticəsində 33.121,66 manat məbləğində pulun cavabdehdən alınmasını əsaslı hesab edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 33.121,66 (otuz üç min yüz iyirmi bir manat altmış altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 190,36 (bir yüz doxsan manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar