Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-242/2023 20.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı və Cavabdeh Alməmməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Alməmməd oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Alməmməd oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona qaytarmalı olduğu 1250 (bir min iki yüz əlli) manat məbləğində pulunu, 34 manat dövlət rüsumu olaraq ödəmiş olduğu pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, Dəllər qəsəbəsi üzrə Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində uzun müddətdir ki, işləyir. O onun oğlu Şahid Dəllər qəsəbəsindəki evinə içməli su xəttini çəkməsini görmüşdür. O, oğlu Arzu Məmmədovun da ünvan 1 ünvanda yerləşən, yəni Şahid evinə paralel küçədə yerləşən evinə də içməli su xəttinin çəkilməsini arzulayırdı. Bu məqsədlə cavabdehə müraciət edərək onun çəkdirmək istədiyi su xətti ilə şərikli o da oğluna su xətti çəkdirmək istədiyini bildirdi. Cavabdeh şərikli su xəttinin çəkilməsi üçün ondan 1400 (bir min dörd yüz) manat məbləğində pul ödəməsini bildirmişdir. O isə ona hələlik həmin məbləğdə pulunun olmamasını, hissə ilə ödəyə biləcəyini bildirdi. Nəticədə ilkin olaraq cavabdehə 100 (bir yüz) manat pulu cavabdehin yaşadığı öz evində verdi. 3 gün ərzində 400 (dörd yüz) manat sonra da 600 (altı yüz) manat, 150 (bir yüz əlli) manatı isə sonra olmaqla cavabdehə cəmisi 1250 (bir min iki yüz əlli) manat məbləğində pul ödəmişdir. Nəticədə cavabdeh subartezian quyusundan su xəttini oğlu Eyyubun evinə çəkdirmişdir, orada «nəhrə» formalı su bakı düzəldilmişdir ki, həmin bakdan oğlunun evinə 20-lik turba ilə su xətti çəkilmişdir. Cavabdehin oğlu Eyyubun evinə gələn su xətti 32-lik turba ilə çəkildi, onun oğlunun evinə gedən su xətti isə 20-lik turba ilə çəkilmişdir. Eyni zamanda qeyd edir ki, Eyyubun evinə qədər gələn xəttə şərik olmağına baxmayaraq oğlunun evinə çəkilən su xətti yalnız onun vəsaitilə çəkilmişdir. Cavabdeh şəxsiyyət və veteranlıq vəsiqələrinin surətlərini ondan tələb etdi ki, Su İdarəsində onunda abunəçi olmağı qeyd olunmalı və aylıq su pulu ödəməyi barədə qeydiyyat aparılmalıdır. O da həmin vəsiqələrinin surətlərini cavabdehə verdi, cavabdeh də həmin vəsiqələri əsasında onun abunəçi olmağını Su İdarəsində qeyd etdirməsini bildirdi. Ancaq, təxminən 1 ay sonra su xətti çəkdirdikləri artezian quyusuna xidmət edən əməkdaş ona bildirdi ki, çəkdirdiyi su xəttinə görə Su İdarəsində abunəçi kimi qeydiyyatdan keçməlidir. O bu məqsədlə Su İdarəsinə müraciət etdikdə həmin İdarənin rəisi Rasim müəllim adlı əməkdaş ona bildirdi ki, cavabdehin onunla şərikli çəkdirdiyi içməli su xətti əslində veteran olaraq onun adına qeyd edilmiş, yəni həmin su xətti veteran olaraq ona görə çəkilməsinə icazə verilmişdir. Bundan sonra başa düşdü ki, cavabdeh onun veteran vəsiqəsindən istifadə edərək onun adı ilə su xəttini çəkdirib, sonra da yüksək qiymətə ona satmışdır. Bu vəziyyət ona həddən artıq pis təsir etməsinə, veteran olaraq adından sui-istifadə edilməklə çəkilmiş su xəttinin cavabdeh tərəfindən ona satılmasına görə cavabdehin ondan əsassız olaraq aldığı 1250 manat məbləğində pulunu özünə qaytarmasını tələb etdi. Cavabdeh isə nəinki pulunu qaytarmadı, əksinə onun şəxsiyyətini alçaldan ifadələrlə onu təhqir etdi. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o pulu hissə-hissə vermişdir. Belə ki cavabdehin oğlu ilə onun oğlu Şəmkir rayonu Dəllər qəsəbəsi, Cavadxan küçəsi və Aşıq Ələsgər küçəsində qonşudurlar. O eşitmişdir ki, Məzahir oğlunun evi üçün su çəkir. Ona zəng vurub soğruşmuş, sonra axşam Məzahirin yaşadığı evə getmişdir. Məzahir ona ilk olaraq 2000 manat şərikli pul çəkilməsi üçün demiş, sonra 1400 manatda razılaşmışlar. O, həmin gün 100 manatı evdən götürüb aparıb Məzahirə vermiş, 2-3 gün sonra ona yenə 100 manat vermişdir. Daha sonra o 600 manat borc alıb Məzahirə vermişdir. Daha sonra 400 manat maaşını və sonra isə 50 manatı iş yerində vermişdir. O, ümumilikdə şərikli su çəkilməsi üçün Məzahirə 1250 manat pul vermişdir. Geri qalan pulu isə Məzahir ondan tələb etdikdə o verməmişdir. Məzarhir oğlunun evinin hasarının dibinə kimi su xəttini çəkmiş və həmin yerə su tərəzisi qoyulmuş, o da həmin hissədən öz oğlunun həyətinə su durbasını çəkmişdir. Onlar sudan bir ay istifadə etdikdən sonra sudan istifadənin sənədləşdirilməsi üçün onun adını qeydiyyata saldıracağı adı ilə Məzahir ondan vəsiqəsini və veteranlıq vəsiqəsini almışdır. İki gündən sonra Məzahir vəsiqəni qaytarmış və ona demişdir ki, narahat olmasın qeydiyyata aldırmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, onun adına kod açılmayıb. O su idarəsinə gedərək 170 manat ödəmiş öz oğlunun və Məzahirin oğlunun adına abonent kodu alınmışdır. Məzahir onun adından və veteran olmasından istifadə edərək su çəkdirib. Onların şərikli su xətti 180 metr məsafədən, yəni N.Nərimanov (Zaur Abbasov) adına olan küçədə yerləşən artızandan çəkilmiş və 2 top kapron boru istifadə edilib, bir günlük prefarator gətiriblər, 4 gün fəhlə işləyib 180 manat fəhləyə veriblər, 100 manat ustaya veriblər, 50 manat saçoklara, 20 manat isə şirinlik veriblər. Lakin cavabdeh ondan 1250 manat pul alsada şərikli su çəkilişinə 500 manat pul xərcləyib. Ekspertiza rəyi ilə razı deyil, düşünür ki, su borusunun çəkilməsinə o qədər xərc çəkilməyib. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Alməmməd oğlu ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, O, Şəmkir rayonu, Dəllər qəsəbəsi mənzil istismar komitəsinin rəisi vəzifəsində işləyir. 2021-ci ilin yaz aylarında o oğluna məxsus evə su çəkdirərkən, Nizaməddin onun yanına gələrək, o da oğlunun evinə su çəkdirmək istədiyini və şərikli su çəkdirməyi ona təklif etmiş, o da razılaşmışdır. O, suyun çəkilməsinə görə hər birinə 2000 manat xərc tutduğunu iddiaçıya bildirmiş və iddiaçı da onunla razılaşmışdır. Bundan sonra iddiaçı ona 1400 manat pulu olduğunu bildirmişdir, o da etiraz etməmişdir. Lakin iddiaçı ona 1250 manat şərikli su çəkilməsi üçün pul vermişdir və geri qalan pulun verilməsi üçün razılaşmışlar. İddiaçının ona verdiyi məlbəğdən çox o özü pul xərcləmişdir. Belə ki, onların şərikli su xətti 250-280 metr məsafədən, yəni N.Nərimanov (Zaur Abbasov) adına olan küçədə yerləşən artezyandan çəkilmiş və suyun çəkilməsi üçün yer qazan fəhlələrə 190 manat, yerin qazılması üçün prefarator icarəsi üçün 80 manat, suyu çəkən usta üçün 250 manat, ustanın və 7 günlük yeməkləri və siqaretləri üçün 125 manat, suyun çəkilməsi üçün istifadə olunan 3 top kapron boru üçün hər bir topu 140 manat olmaqla cəmi 420 manat, suyun çəkilməsi üçün istifadə olunan kapron boru xəttinin üzərinin basdırılması üçün 60 manat, suyun çəkilməsi üçün istifadə olunan kapron boru xəttinin yola düşən hissəsini ötürmək üçün istifadə olunan 9 metr 50-lik turba üçün 85 manat, suyun çəkilməsi üçün istifadə olunan kapron boru xəttinin bir-birinə ütülənib birləşdirilməsi üçün 55 manat, suyun çəkilməsi üçün istifadə olunan kapron boru xəttində istifadə olunan kalen, zadvişqa, krant və əyrilər üçün 95 manat, su çəkilən artızanın işçisi üçün 80 manat olmaqla cəmi 1440 manat pul xərcləmişdir və həmçinin digər razılıqlar üçün pullar verilmiş və xatırlamdağı digər xərclər olmuşdur. O qeyd olunan məbləği su çəkmək üçün istifadə etmişdir. O söhbət olan zaman Nizaməddinə suyun pulunun hər birinə 2000 manata başa gəlməsini demiş, iddiaçı isə bununla razılaşmış və onlar su çəkdirmişlər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, iddiaçı Nizaməddin onları qonşusudur, iddiaçı atası Cavabdeh şərikli su çəkdirmək üçün dəflərlə gəlib təklif etmiş, atası razılaşmışdır. Onlar təxmini suyun çəkilmə xərclərini hesablamışlar və razılaşmışlar. O və atası soyun çəkilməsinin təşkil etmişlər. İddiaçı bir dəfə olsun belə suyun çəkilməsi ilə maraqlanmamış və iştirak etməmişdir. Onlar suyu çəkdirmiş, hər birinin payına 2000 manatdan artıq pul düşmüşdür, lakin iddiaçı onlara 1250 manat pul vermişdir. Bir ay keçdikdən sonra iddiaçı suyun çəkilməsi üçün icazəni ona görə verildiyini bəhanə edərək, birgə xərclədikləri pulun geri qaytarmasını, həmçinin də çəkdikləri su şlankının da ancaq özünə verilməsini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu, Dəllər qəsəbəsi, A.Ələsgər küçəsi, ev-5 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında yaşayır. İşdə olan əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, Cavabdeh Alməmməd oğlu xəstə olması ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. İşə başlama müddəti xx.xx.2022-ci il. İşdə olan 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2021-ci il tarixdən Şəmkir Sukanal sahəsinin bazasında abonent kimi qeydiyyatdadır. İşdə olan 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şahid xx.xx.2021-ci il tarixdən Şəmkir Sukanal sahəsinin bazasında abonent kimi qeydiyyatdadır. İşdə olan 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Şəmkir Sukanal sahəsinin bazasında abonent kimi qeydiyyatdadır və onun içməli su xətti qonşusu Şahid həyətindən keçir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/193 saylı ekspertiza rəyindən görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Cavadxan küçəsində yerləşən ümumi artezan quyusundan 46 saylı fərdi yaşayış evinə su xəttinin çəkilməsi zamanı görülmüş işlərin və alınmış materialların orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 721,0 manat məbləğində olduğu müəyyən edilir. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada yazılı müqavilə bağlanılmamışdır. İddiaçı ilə cavabdeh arasında şərikli su xəttinin çəkilməsi barədə şifahi razılaşma olmuş, cavabdeh həmin razılaşmanın əsasında 1250 manat pulu iddiaçıdan almış və su xəttinin çəkilməsini üzərinə götürmüşdür. Bundan sonra cavabdeh öhdəsinə götürdüyü su xəttini çəkmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq şərikli su xəttinin çəkilməsi üçün icazəni ona görə verildiyini, ondan cavabdeh su xətdinin çəkilməsi üçün artıq vəsait aldığını bildirib, onun cavabdehə verdiyi 1250 manat pulu tələb etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, şərikli su xəttinin çəkilməsi üçün iddiaçının payına 1250 manat məbləğindən artıq vəsait düşdüyünü, lakin iddiaçıdan 1250 manat pul aldığını və həmin pulları su xəttinin çəkilməsinə xərclədiyini bildirib, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin rəyində iş üzrə tərəflərin şərikli su xəttinin çəkilməsi zamanı görülmüş işlərin və alınmış materialların orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 721,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Bununla da müəyyən edilmişdir ki, iş üzrə tərəflərin şərikli su xəttinin çəkilməsi zamanı görülmüş işlərin və alınmış materialların orta bazar qiymətlərinə uyğun 721,0 manat olmaqla, hər birinin payına düşən məbləğ 360.5 manat olduğu halda, cavabdeh 889.5 manat iddiaçının artıq vəsaitini alaraq onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan tapşırıq müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 778.1-ci maddəsinə əsasən, Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəllənin 778.2-ci maddəsinə əsasən, Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən, Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 781-ci maddəsinə əsasən, Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Tapşırıq müqaviləsinin predmetini vəkalət alan tərəfindən vəkalət verən üçün hər hansı əqdin (əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı) icrası təşkil edir. Tapşırıq müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən tapşırıq müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma mahiyyət etibarı ilə tapşırıq müqaviləsidir. Belə ki, şərikli su xəttinin çəkilməsi üçün iddiaçı tapşırıq vermiş və razılaşdırılmış dəyəri tam olaraq cavabdehə vəkalət alana ödəmiş, cavabdeh öz öhdəliyini icra etmiş və iddiaçının sifariş verdiyi işi təhvil vermişdir. Lakin vəkalət alan cavabdeh, sifarişin icra edilməsi üçün tapşırığı vermiş iddiaçından çəkilmiş xərclərdən artıq pul məbləğini almış və geri qaytarmamış, nəticədə əsassız varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Alməmməd oğluna qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh Alməmməd oğlundan 889.5 (səkkiz yüz səksən doqquz manat əlli qəpik) manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, 34 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu Cavabdeh Alməmməd oğlundan tutulub iddiaçıya verilməli və 4 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan əlavə 50 (əlli) manat məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin Cavabdeh Alməmməd oğlundan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Alməmməd oğlundan 889.5 (səkkiz yüz səksən doqquz manat əlli qəpik) manat pul tutularaq İddiaçı verilsin. Məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Alməmməd oğlundan tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin Cavabdeh Alməmməd oğlundan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Ödənilmiş 4 (dörd) manat dövlət rüsumu iddiaçının özünüə aid edilsin və iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-242/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-242/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver