Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2423/2023 05.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı və onun nümayandəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1648/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinik yaşına çatana qədər saxlanması üçün hər uşağa hər ay 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması və mediasiya üçün ödənilmiş 51 manat dövlət rüsumunun cavbdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 27 may 2014-cü ildə tarixində 1304 saylı qeydlə Bakı 1 saylı ASAN xidmətdə rəsmiləşdirmişlər. Ağdam Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(013)-1079/2020 saylı Qətnaməsi ilə nikahları pozulmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1648/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından doğulmuş 26 yanvar 2016-cı il təvəllüdlü X5, 10 sentybar 2014- cü il təvəllüdlü X4 və 16 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 80 manat olmaqla cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Boşandıqdan sonra onun maddi vəziyyəti getdikcə ağırlaşmışdır. Yeyinti, icarə və səhiyyə kimi əsas xərclərin hər gün bahalaşması müqabilində həmin sahələrə aid xərcləri övladları və öz sağlamlığı zərǝrinə azaltmaq məcburiyyətində qaldı ki, bu da həyatını keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Aliment miqdarının artması ona ağlabatan həyat səviyyəsini qorumağa və əsas xərclərini ödəməyə kömək edər. Onun təklif etdiyi aliment məbləğinin ayda artırılmasını xahiş edir ki, bu da onun fikrimcə, cari maliyyə vəziyyətinə əsaslanan ədalətli və ağlabatan məbləğdir. Qeyd edilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1648/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinik yaşına çatanadək saxlanması üçün hər uşağa hər ay 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması və mediasiya üçün ödənilmiş 51 manat dövlət rüsumunun cavbdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayandəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X12 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayandəsinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 doğulmuş, şəhadətnamələrin ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ №375804 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah Ağdam rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixində pozulmuşdur. İş materiallarında olan 2(102)-6004/2021 nömrəli xx.xx.2021-ci il tarixli Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün hər ay 80 manat, cəmi 240 manat aliment müəyyən edilmiş qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-01726 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı işsizik barəda arayış təqdim etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi vəzifəsində işləyir və 613 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarıldığı vaxtdan bugünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmiş və cavabdehin əmək haqqısı 2 dəfədən çox artmışdır. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, 2021-ci il üçün bu məbləğ 175 manat həddində müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında cavabdehin əmək haqqısının 250 manat olduğu qeyd edilmiş və bu səbəbdən də aliment hər uşaq üçün 80 manat müəyyən edilmişdir. Hazırda isə cavabdehin əmək haqqısı qeyd edilən məbləğdən iki dəfədən çox artmış və hazırda əmək haqqısı 613 manatdır(Elektron məhkəmə informasiya sistemindən çıxarış işə əlavə edilmişdir). Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsi və cavabdehin əmək haqqı məbləği nəzərə alınmaqla artırılmalı və hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırkı iddianın təmin edilən hissəsinə münasibətdə iddianın qiyməti 2160 manatdır (artırılan məbləğ 60x3x12). İddia təmin edilən hissədə ödənilməli olan 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında xərc çəkilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut əlavə edilmədiyindən (mediasiya sazişində iddiaçının işsiz olması qeyd edilmiş, rüsumu ödəməsi barədə hər hansı qeyd aparılmamışdır) iddianın mediasiya xərci kimi 51 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1648/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,60 (qırx bir manat altmış qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2423/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2423/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver