Məhkəmə qərarları › İş №2(076)-247/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-247/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-247/2025 24.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Məhəmməd qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhəmməd qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində borc pulun və ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 2021-ci ilin aprel ayında 3800 (üç min səkkiz yüz) manat borc pul almışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh almış olduğu borcunu 2022-ci ilin aprel ayında qaytarmalı olmuşdur. Lakin cavabdeh razılaşmanın şərtlərini pozaraq borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən ona olan borcunu ödəməsini tələb etsə də, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Hətta cavabdehdən borcunu qaytarmasını tələb etdikdə onu qəsdən vurmuş, bu səbəbdən də o cavabdeh barəsində Şəmkir RPŞ-nə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin borcunu ödəməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Məhəmməd qızı məkəməyə ərizə ünvanlayaraq bildirir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyicəyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı 7-9 il bundan qabaq ümumilikdə 1500 manat borc pul almışdır. Lakin bankdan kredit götürüb bütün borcunu bağlamışdır. Hal-hazırda İddiaçı borcu yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh Şəmkir RPŞ-nə verdiyi ərizənin surətindən görünür ki, İddiaçı aldığı borca görə onu yaşadığı evdə M. Namazova narahat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-13-110/2-M-157xx/xx/2023 nömrəli Şəmkir RPŞ-nin Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, Münəvvər adlı şəxsə borcunun olduğu üçün onu mütəmadi olaraq narahat etməsi barədə müraciətinə baxılmış, məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığını və aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan ümumilikdə 1500 manat borc pul almasını təsdiq etmişdir. Lakin, cavabdeh almış olduğu borcun qaytarılmasını bildirsə də, cavabdeh borc kimi alınmış həmin pul məbləğinin və ya onun bir hissəsinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında qanuvericiliyə uyğun olaraq şifahi borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 1500 manat pulu borc kimi vermiş, cavabdehin ifadəsi ilə təsdiq olunur ki, həmin pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh iddiaçıdan şifahi borc müqaviləsi əsasında aldığı 1500 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh borc kimi aldığı pul məbləğini və ya onun bir hissəsini iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı qeyd edilən şifahi borc müqaviləsi əsasında cavabdehə verdiyi pul məbləğini ondan tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1500 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 58 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul və iddianın təmin olunmuş hisssəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat tutularaq İddiaçı Məhəmməd qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar