Məhkəmə qərarları › İş №2(076)-2478/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2478/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2478/2023 17.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 1.929 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" MMC ilə cavabdeh arasında 20 iyun 2019–cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cəmiyyət cavabdehə 24 ay müddətinə qaytarmaq şərtilə 10.000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi onunla "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Cavabdeh götürdüyü krediti hər ay 569,47 manat olmaqla qaytarmağı öhdəsinə götümüşdür. Lakin borclu Cavabdeh öhdəliyinə lazımınca əməl etməmiş, borcundan qismən ödənişlər etsə də, sonradan borcunu tam şəkildə ödəməmişdir. Nəticədə "xxxx" MMC onlara qarşı borc tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə ondan, cavabdehdən və digər zaminlərdən cəmi 9.370,13 manat pulun və 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC– yə verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ləğv edilmiş, onlardan cəmi 6.787,77 manat pulun alınıb "xxxx" MMC–yə verilməsi qət edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini almış və iş üzrə müvafiq icra vərəqəsi verilmişdir. Lakin cavabdeh borcunu ödəməmiş, bu səbəbdən onun əmək haqqısından cəmi 1.929 manat pul "xxxx" MMC–nin xeyrinə tutulmuşdur. Hazırda həmin məbləği cavabdehdən tələb edir. Belə ki, o, kredit götürməmiş, sadəcə zamin durmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək pulunu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən Cavabdeh 1.929 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2019–cu il tarixli kredit müqaviləsindən görünür ki, cəmiyyət cavabdehə 24 ay müddətinə qaytarmaq şərtilə 10.000 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" MMC ilə İddiaçı və qeyriləri arasında bağlanmış 20 iyun 2019–cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı və qeyriləri "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh kredit məbləğinin xx.xx.2019–xx.xx.2021–ci il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh hər ay 569,47 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli icra vərəqindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh, İddiaçı və qeyrilərindən cəmi 6.787,77 manat pulun alınıb "xxxx" MMC–yə verilməsi qət edilmişdir. İşdə olan "xxxx" MMC QRF–nın Tovuz Şöbəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, məhkəmə qərarı əsasında QRF–nın Tovuz Şöbəsinin sahə rəisi İddiaçı əmək haqqısından 2022–2023–cü illər ərzində cəmi 1.929 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında 20 iyun 2019–cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cəmiyyət cavabdehə 24 ay müddətinə qaytarmaq şərtilə 10.000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Lakin borclu Cavabdeh öhdəliyinə lazımınca əməl etməmiş və cəmiyyətə olan borcunu tam şəkildə ödəməmişdir. Nəticədə "xxxx" MMC borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə iddiaçıdan, cavabdehdən və digər zaminlərdən cəmi 9.370,13 manat pulun və 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC–yə verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçıdan, cavabdehdən və digər zaminlərdən cəmi 6.787,77 manat pulun alınıb "xxxx" MMC–yə verilməsi qət edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi verilmişdir. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı zamin kimi "xxxx" MMC–yə 1.929 manat pul ödəmişdir. Nəticədə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1–ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 1.929 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı, "xxxx" MMC ilə Cavabdeh arasında 20 iyun 2019– cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə cavabdehin yaranmış 1.929 manat borcunu zamin qismində ödəməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 1.929 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1.929 (bir min doqquz yüz iyirmi doqquz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 40 (qırx) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar