Məhkəmə qərarları › İş №2(076)-249/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-249/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-249/2024 02.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli SRNPU-03706 saylı kredit müqaviləsi üzrə 5918.23 manat əsas, 222.04 manat faiz, dəbbə borcuna görə 558.24 manat, cəmi 6698.51 manat borcun və dövlət rüsumu olaraq 87 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 28 Dekabr 2021-ci il tarixli, SRNPU-03706 saylı kredit müqaviləsinə əsasən illik 15,44 % (on beş) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir.( kredit müqaviləsinin 2.1; 2.3.; 2.4 bəndləri). 28 Dekabr 2021-ci il tarixli, SRNPU-03706 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tamamilə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 28 Dekabr 2021-ci il tarixli, SRNPU-03706 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 28-dan gec olmayaraq hər ay 348,82 (üç yüz qırx səkkiz manat 82 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini axtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 28 dekabr 2021-ci il tarixli, SRNPU- 03706 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5918,23 (beş min doqquz yüz on səkkiz manat 23 qəpik) manat, faiz borcuna görə 222,04 (iki yüz iyirmi iki manat 04 qəpik) manat, dəbbə borcuna görə 558,24 (beş yüz əlli səkkiz manat 24 qəpik) manat, borcun cəmi məbləği 6698,51 altı min altı yüz doxsan səkkiz manat 51 qəpik) manat təşkil edir. Tərəflərin izahatları: İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiuşdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli SRNPU-03706 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 15.44 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli SRNPU-03706 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5918.23 manat əsas, 222.04 manat faiz və 558.24 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 6698.51 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 4.79 manat dövlət rüsumu ödəmişdir, xidmət haqqı isə 0.40 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 82.21 manat dövlət rüsumu ödəmişdir, xidmət haqqı isə 0.40 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 5918.23 mant əsas borc və 222.04 manat faiz borcu məbləğində pulun tutulması barədə tələb əsaslıdır. Lakin məhkəmə iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 5918.23 mant əsas borc və 222.04 manat faiz borca münasibətdə cavabdehdən 558.24 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 250 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5918.23 manat əsas, 222.04 manat faiz, 250 manat cərimə,0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6390.27 manat borc tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81.90 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5918.23 (beş min doqquz yüz on səkkiz manat iyirmi üç qəpik) manat əsas, 222.04 (iki yüz iyirmi iki manat dörd qəpik) manat faiz, 250 (iki yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 6390.27 (altı min üç yüz doxsan manat iyirmi yeddi qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81.90 (səksən bir manat doxsan qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı ASC Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar