Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2548/2023 10.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakimi Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində tətbiq etdiyi 5184 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o Şəmkir rayonu Yeni Həyat kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. Onlar hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri etmişlər. 15 mart 2023-cü il tarixdə Qaz İstismar İdarəsinin əməkdaşları ona məxsus evdə sayğacdan kənar xətt aşkar edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Bundan sonra onlar ona akt üzrə 5184.00 manat borc hesablamışlar. Həmin akt onun tərəfindən imzalanmamışdır. O həmin aktla razı deyil. Belə ki, Qaz İstismar İdarəsinin əməkdaşları həmin aktda onun evində olan bütün qaz işlədici avadanlıqları qeyd etmişlər. Halbuki, onun evində isitmə sisteminə qaz sayğac vasitəsilə gedir. Bundan başqa kənar xəttdən istifadə edilməsinə görə ona yazılmış cərimənin miqdarı olduqca çox hesablanmışdır. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən hər ay onların evində yerləşən qaz sayğacına baxış keçirilir, necə olar ki, həmin əlavə xətt onlar tərəfindən aşkar olunamış olardı. Buna baxmayaraq, kənar xəttə görə ona bir neçə ay əvvələ cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə ona 5184 manat borc hesablamışlar. Hesab edir ki, həmin cərimə düzgün hesablanmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən həmin aktı əsassız və qanunsuz hesab edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun tərəfindən yaşadığı fərdi yaşayış evinə sayğacdan kənar əlavə xətt çəkilməmiş və istifadə edilməmişdir. Onun evində yerləşən qaz işlədici avadanlıqlara qaz sayğac vasitəsilə gedir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman torpağın altında aşkar olunmuş köhnə truba və ona birləşdirilmiş rezin şlanq barədə heç bir məlumatı olmamışdır. Həmin truba və ucunda olan qaz krantı kim tərəfindən və nə vaxt istifadə olunması barədə heç bir məlumatı yoxdur. Onun əvvəllər yaşadığı köhnə evdən kənarda yeni ev inşa etdirmiş, bundan sonra köhnə evi sökülmüş və həmin köhnə evə gələn qaz xətti istifadəsiz olaraq torpağın altında qalmış, həmin ərazi betonlanmışdır. Məhkəmə tərəfindən işə baxılarkən Azərqazın əməkdaşlarının iştirakı ilə əlavə qaz xəttinə torpaq qazılaraq baxış keçirilmiş, həmin xəttin cəmi uzunluğunun təxminən bir metrdən az olması, torpağın altında olması, yaşadığı evə qoşulmaması müəyyən edilmişdir. Ona görə də xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 5184 manat borcu əsassız hesab edir. Odur ki, məhkəmədən iddiasının təmin edilərək, əsassız hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X10 iddianı qismən qəbul edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Şəmkir rayonu Yeni Həyat kəndində yaşayan İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan fərdi yaşayış evində sayğaca baxış keçirilərkən sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyi aşkarlanmışdır. Qanunsuz istifadə barədə Şəmkir Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (aktda müvafiq qaydada imza qeydi aparılmaqla) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən İddiaçı tərəfindən sayğacdankənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyi üçün 43200 m3 təbii qaz sərfi, yəni 5184,00 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə prosesi gedişində İddiaçı məxsus Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən evə baxış keçirilərkən trubada sasok olduğu, lakin metal hissədə qaynaq izləri olmadığı aşkarlanmışdır. İddiaçı hazırki vaxtda olmasa da təxminən 3-5 ay əvvəl qazdan istifadə etmişdir. Hesab edir ki, trubada olan həmin sasok düşünülmüş şəkildə qazdan istifadə edilməsi üçün saxlanılmışdır. Buna baxmayaraq iddiaçıya hesablanmış 5184.00 manat maddi ziyandan 2000-3000 manat silinməsinə etirazları yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini, şahidi dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşulma aşkar olunmuşdur. İşdə olan abonentin (**********00270) saldosundan görünür ki, İddiaçı 2023-cü ilin mart ayında 5184 manat borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* №-li Aktına əsasən Şəmkir rayonu yeni Həyat kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evində qeyri-qanuni qaz xətti aşkar edilməsinə görə qaz işlədicilərindən Qaz plitəsi PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Dəmir sobasının (2 ədəd) maksimal saatlıq qaz sərfi 1,4 m3/saat tş rejimi 24 saat və hesabat müddəti 180 gün, Qənaətli su qızdırıcı QSQ maksimal saatlıq qaz sərfi 1,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Kombinin (24 kw) maksimal saatlıq qaz sərfi 2,6 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, 0,8x24x360=6912m3. 1,4x2x24x180=12096m3. 1,5x24x360=12960m3. 2,6x24x180=11232 m3, cəmi 43200 m3 qaz itkisi hesablanmış, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən İddiaçı, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X7, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşı X6 iştirakı ilə İddiaçı yaşadığı Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin həyətinə giriş darvazasının küncündə yer örtüyü əlavə qaz xəttinə qoşulduğu iddia edilən əraziyə “Azəriqaz” İB-nin əməkdaşı X6 iştirakı ilə qazılmış, üzərində olan beton dağıdılmış və həmin betonun içərisində üzərində rezin şlanq olan paslanmış və çürümüş vəziyyətdə içərisi torpaqla dolu kiçik truba, paslamış qaz krantı aşkar edilmişdir. Daha sonra darvazanın çöl tərəfindən həyətə doğru gələn və torpağın içərisində qalan trubanın ətrafındakı beton dağıdılmış, eyni zamanda həmin trubanın həyət tərəfdən hansısa xəttə qoşulub-qoşulmaması müəyyən etmək üçün darvazanın çöl və həyət tərəfdən qazıntı işləri davam etdirilmiş və aşkar edilmiş həmin trubanın uc hissəsinin darvazanın çöl tərəfindən həyətə doğru təxminən bir metr uzunluqda torpağın altında içərisi paslanmış, çürümüş və torpaqla dolu vəziyyətdə olması, üzərində paslanmış qaz krantı olması, turbanın uzunluğunun təxminən bir metrə yaxın olması və istifadəsiz olması müəyyən edilmişdir. Qazıntı zamanı iddiaçı X4 darvazanın altında olan həmin trubanın köhnə qaz xəttinin yeri olduğunu və həmin xəttin sonradan digər yerdən qaz çəkildidkən və yeni ev inşa edildikdən, köhnə ev söküldükdən sonra ləğv edildiyini və istifadəsiz torpağın altında qalmasını bildirmişdir. Darvazanın içəri tərəfindən çıxarılmış betonun içərisində olan trubanın ətrafındakı beton dağıdıldıqda həmin trubanın ucunda olan şlanqın qatlanmış vəziyyətdə, qaz krantının və trubanın isə paslanmış vəziyyətdə olduğu, istifadə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən yerli baxışı keçirilərkən iştirak etmiş və qazıntı işlərini aparmış “Azəriqaz” İB-nin əməkdaşı X8 verdiyi ifadəsində göstərdi ki, o, iddiaçıya məxsus həyətə gəlməmişdən əvvəl orada heç bir qazıntı işləri aparılmamış, o özü qazıntının əvvəlindən sonunadək iştirak etmişdir. Qazıntı zamanı mübahisəli xəttin torpağın altında olmaqla ətrafının botonlandığını, evə doğru hansısa xəttə qoşulu olmadığını müəyyən etdiyini, hətta həmin xəttin qoşulduğu köhnə truba olub-olmamasını müəyyən etmək üçün evə doğru əlavə 0.5 metr qazıntı apardığını, lakin, heç bir əlavə xətt aşkar etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, “Azəriqaz” X5 X13 İdarəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evinə qaz sayğacının yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən İddiaçı sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşulmadan istifadə etdiyi qeyd olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən Şəmkir rayonu yeni Həyat kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evində qeyri-qanuni qaz xətti aşkar edilməsinə görə qaz işlədicilərindən Qaz plitəsi PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Dəmir sobasının (2 ədəd) maksimal saatlıq qaz sərfi 1,4 m3/saat tş rejimi 24 saat və hesabat müddəti 180 gün, Qənaətli su qızdırıcı QSQ maksimal saatlıq qaz sərfi 1,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Kombinin (24 kw) maksimal saatlıq qaz sərfi 2,6 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, 0,8x24x360=6912m3. 1,4x2x24x180=12096m3. 1,5x24x360=12960m3. 2,6x24x180=11232 m3, cəmi 43200 m3 qaz itkisi hesablanmış, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İddiaçı ona məxsus fərdi yaşayış evində qaz sayğacından kənar hər hansı əlavə qoşulma aparmadığını qeyd edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ona hesablanmış 5184 manat borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən isə iddiaçının qaz sayğacından kənar qeyri-qanuni qoşulma aparmasını təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Ona görə də, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşulma etməsi və nəticədə onun borcunun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, 15 mart 2023-cü il tarixdə Şəmkir rayonu Yeni Həyat kəndində İddiaçı sayğacdan kənar əlavə dəmir boru vasitəsilə qazdan istifadə etməsi barədə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilsə də, cavabdeh iddiaçı tərəfindən kənar xəttin qoşulmasını sübut edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmiş, mübahisə ilə bağlı məhkəmə tərəfindən iddiaçıya məxsus evə iddiaçının və cavabdehin nümayəndələri tərəfindən keçirilən yerli baxış zamanı isə İddiaçı fərdi yaşayış evinin həyətinə giriş darvazasının küncündə qazıntı aparılarkən yerin altında ucunda rezin şlanq və paslamış qaz krantı olan təxminən uzunuğu bir metr ölküdə kiçik truba aşkarlanaraq çıxarılsa da, həmin trubanın nə darvazanın içəri tərəfindən evə doğru hansısa xəttə qoşulması, nə də ki, darvazanın çöl tərəfindən hansısa xəttə qoşulması müəyyən edilməmiş, əksinə darvazanın iç tərəfindən çıxarılmış trubanın uc hissəsinin paslanmış və çürümüş vəziyyətdə ucunda isə qatlanmış içərisi torpaqla dolu şlanq və pas atmış qaz krantı olması, həmin trubanın uc hissəsinin darvazanın çöl tərəfində torpağın altında içərisi paslanmış, çürümüş və torpaqla dolu vəziyyətdə olması müəyyən edilmiş, həmçinin yerli baxış keçirilərək qazıntı işlərində iştirak etmiş “Azəriqaz” İB-nin əməkdaşı X8 da verdiyi ifadəsində məhkəmə tərəfindən onların iştirakı ilə yerli baxış zamanı müəyyən edilmiş halları bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının qaz sayğacından kənar qeyri-qanuni qoşulma aparması müəyyən edilməmiş, cavabdeh tərəfindən isə iddiaçının qaz sayğacından kənar qeyri-qanuni qoşulma aparmasını təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş və bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Məhkəmə, hesab edir ki, məhkəmə baxışında araşdırılmış sübutlarla iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusu (delikt) törədilməsi, qeyri qanuni kənar xəttə qoşularaq qazdan istifadə etməsi müəyyən edilmədiyindən və bu baxımdan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən iddiaçının cavabdehə ziyan vurmasının hesablanması qanuni və əsaslı deyildir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla belə nəticəyə gəlir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair müəyyən edilmiş sübutlara əsasən iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» X5 X12 İdarəsinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, ******* №-li aktı üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 5184 manat ziyan məbləği İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı qızı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Odur ki, iddianın qiyməti 5184 manat olması nəzərə alındıqda, 71.84 (yetmiş bir manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 5184 (beş min bir yüz səksən dörd) manat ziyan məbləği abonent İddiaçı (**********00270) abonent `hesabından silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 71.84 (yetmiş bir manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2548/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2548/2023
10.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver