Məhkəmə qərarları › İş №2(076)-2589/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2589/2024

29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2589/2024 29.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 250 ( iki yüz əlli) manat alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(076)-1435/2023 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Aygün və xx.xx.2011-ci il təvəllüdlü Svetlana adlı uşaqlarının saxlanması üçün hər hər uşağa 150 (yüz əlli) manat aliment tutulması qət edilmişdir. Hazırda həmin vəsaitlə uşaqlarının maddi ehtiyaclarını ödəyə bilmir. Geyimlərini, qidalarını ödəməyə çətinlik çəkir. Uşaqları məktəblidirlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib alimentin artırılmasını istəyir. Cavabdeh fərdi əməklə məşğuldur, bir neçə yerdə işləyir və kifayət qədər imkana malikdir. Qeyd edilənlərə əsasən xx.xx.2008-ci il tarixdə təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1435/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay hər uşağa 150 manat aliment tutularaq ödənilməsi qət edilmişdir. Qeyd edilən məbləği ödəməkdə çətinlik çəkir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 121580 nömrəli xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixində doğulmuşdur. Şəhadətnamədə valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ 712964 nömrəli xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixində doğulmuşdur. Şəhadətnamədə valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1435/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, 17 may 2008-ci il təvəllüdlü Aygün və 10 avqust 2011-ci il təvəllüdlü Svetlana adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Firodvsi qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 00510-2024 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur, 2024-cü il üçün bu məbləğ 235 manat həddində müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (150 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 1 ildən artıq müddət keçmiş, həmin müddətdə minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin ailə və maddi vəziyyətində hər hansı əsaslı dəyişiklik baş verməsə də, həmin vaxtdan bugünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, 2024-cü il üçün bu məbləğ 235 manat həddində müəyyən edilmişdir. (15 manat artmışdır) Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği artırılmalı və hər ay üçün 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəmkir rayon Məhkəməsinin 2(076)-1435/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 17 may 2008-ci il təvəllüdlü X4 və 10 avqust 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 17 may 2008-ci il təvəllüdlü X4 və 10 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar