Məhkəmə qərarları › İş №2(076)-2599/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2599/2025

11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2599/2025 11.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qərəzli əmmələri nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 6200 manat məbləğində pulun və 83 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qayadada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, cavabdehlərdən, Cavabdeh2 və X3, qonşuları olmaqla ər-arvaddırlar. 3-cü cavabdeh- Cavabdeh3 da həmkəndlidir. Onlardan, X2 Rabitəbankdan götürdüyü kredit üzrə zamini olmuşdu. Ancaq, əsas borclu olaraq Gülpara Fətullayeva banka olan kredit borcunu qəsdən ödəməməsinə görə zamin olaraq onun əlillik üzrə pensiyandan tutulmuşdur. Nəticədə o cavabdehdən onun əvəzinə banka ödədiyi pulunu tələb etsə də verməmiş, ona görə həmin cavabdehə qarşı Şəmkir rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etməyinə görə həmin vaxtdan onunla münaqişəli vəziyyətdədir. Əri, 2-ci cavabdeh də əsassız bəhanələrlə onu və ailə üzvlərini evinin qarşısına küçə söyüşləri ilə söyüb təhqir edərək şərəf və ləyaqətini alçaldır. 3-cü cavabdeh isǝ sudan istifadə Birliyinin əməkdaşı olaraq 5 ədəd subartezian quyularına nəzərətçi kimi kənd sakinlərinə su verməklə məşğuldur. Onun həyətyanı torpağına və içməli suyunu da onun verməli olmasına baxmayaraq min bir əziyyətlə ona su vermir. Cavabdehlər Cavabdeh2 və X1 Polad Sabir oğlu birləşərək onun Gülpara Fətuüllayevadan kredit pulunu tələb etməyinə görə onun 2022-ci ildən xəstəliyi ilə əlaqədar təyin edilmiş 2ci qrup əlilliyinə görə ayda 220 (iki yüz iyirmi) manat pensiyanın kəsilməsinə səbəb olmuşlar. Yəni, həmin cavabdehlər onun barəsində DSMF-na rəsmi şikayətlər etməklə bərabər həmin idarənin rəhbərliyinin də qəbulunda olaraq onun xəstə olmamağını, əsassız pensiya almağını bildirmişlər. Nəticədə 2024-cü ilin sentyabr ayından pensiya kəsilmişdir. Bununla da onunun xx.xx.2027- ci ilədək almalı olduğu pensiya kəsildiyindən, 6200 (altı min iki yüz) manat məbləğində ona maddi ziyan vuruldu. O, ağır maddi çətinlik şəraitində yaşayır, himayəsində 3 azyaşlı uşaqları olmaqla bir qızı da əlildir. Cavabdehlərin qərəzli əməlləri nəticəsində ona vurulan maddi ziyanın ödənilməsini onlardan tələb etsə də nəticəsi olmamışdır. Ona görə cavabdehlərə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2017-ci ildə cavabdehlərin götürdüyü kreditə zamin durmuşdur. Lakin cavabdehlər kredit borcunu ödəmədiyindən, banka olan ödənişlər onun pensiya kartından tutulmuşdur. Sonradan həmin məbləğin geri qaytarılması üçün məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə ödədiyi pul geri qaytarılmışdır. Lakin cavabdehlər qisas almaq məqsədilə onun barəsində müxtəlif orqanlara şikayətlər etmiş, nəticə etibarilə onun əlillik dərəcəsi də ləğv edilmişdir. Buna görə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, 2017ci ildə kredit götürmüş və qonşusu İddiaçı həmin kreditə zamin durmuşdur. O, müəyyən müddət ərzində kredit ödənişlərini etmiş, lakin sonradan məlum olmuşdur ki, iddiaçı ona aylıq ödəniş məbləğini olduğundan artıq göstərmiş və əlavə pul almışdır. Bu səbəbdən də o, İddiaçı hansı məbləğdə pensiyasında tutulma aparılması öyrənmək üçün müraciətlər etmişdir. Əlillik dərəcəsindən məhrum etmək onun səlahiyyətində olmadığından, hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək öz izahatında bildirdi ki, İddiaçı iddiası əsassızdır. Belə ki, onun əlillik dərəcəsindən məhrum edilməsi ilə bağlı müraciətlər etməmişdir. Eyni zamanda həmin məsələ onların səlahiyyətində deyil, bu barədə qərarı yalnız müvafiq tibbi-sosial ekspert komissiyası qəbul etmişdir. Cavabdehə Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materialında olan xx.xx.2025-ci il tarixli, 3-17-4/2-H-11687/2025 nömrəli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş müayinəsi əsasında barəsində “Əlillik əlaməti təyin edilməməsi” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişi və S. M. Həsənovun müraciəti əsasında xx.xx.2025-ci il tarixdə aparılmış müayinə nəticəsində əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2025-ci il tarixindən “Əlillik əlaməti təyin edilməməsi” barədə qərar qəbul edilmişdir. İş materialında olan arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 2 dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim olunmuş sübutları hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı 2022-ci ildə İİ dərəcəli əlillik təyin edilmiş, lakin 2024-cü ildə aparılmış təkrar müayinə nəticəsində onun əlillik dərəcəsi ləğv edilmişdir. İddiaçı öz izahatında əlillik dərəcəsindən məhrum edilməsini cavabdehlərin hərəkətləri ilə əlaqələndirmiş, lakin məhkəmə araşdırması gedişində bu faktı təsdiq edən heç bir inandırıcı sübut təqdim etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən şübhə doğuran əlilli təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanıldığından İddiaçı barəsində də araşdırılma aparılmışdır. Əlillik dərəcəsinin ləğvi yalnız müvafiq səlahiyyətli orqanın qərarı əsasında mümkündür və bu qərar inzibati akt xarakteri daşıyır. Belə olduğu halda, həmin qərardan narazı qalan şəxs qanunvericilikdə nəzərdə tutulmuş inzibati qaydada şikayət vermək hüququna malik idi. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş cavabdehə məxsus atların ona məxsus torpaq sahəsində olan yoncalara ziyan verməsini bildirsə də, həmin halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla cavabdehlərə münasibətdə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar