Məhkəmə qərarları › İş №2(076)-26/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-26/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-26/2023 15.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı QSC-nin nümayəndəsi X1 və cavabdeh X3 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2 və Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, birgə borclular Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh3 13 dekabr 2013-cü il tarixli 483/670 saylı birgə borclularla kredit müqaviləsi üzrə 3374,04 manat əsas borc, 490, 42 manat faiz borcunun, cəmi 3864,46 manat (üç min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat borcun və 20 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Gəncə filialı ilə birgə borclular Cavabdeh1, X6, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli 483/670 saylı kredit müqaviləsinə əsasən birgə borclulara “Şimal-Qərb İnkişaf Layihəsi “ çərçivəsində 12 ay müddətinə qaytarılması şərtilə illik 15 faizlə, hər birinə 1000 manat olmaqla cəmi 4000,0 ( dörd min) manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 12 ay müddətində 4000,0 manat əsas borc və ona hesablanmış faiz borcu ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmiş, əsas borcdan 625.96 manat, faiz borcundan 96.12 manat ödəniş olmuşdur. Birgə borcluların xx.xx.2014-cü il tarixə Kredit Təşkilatına olan əsas borcu 3374.04 manat, faiz borcu 490.42 manat, cəmi borcu 3864.46 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə həmin birgə borclulara dəfələrlə müraciət olunmasına, kredit təşkilatı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli əmri ilə xx.xx.1993-cü ildə Şəmkir rayonunun Düyərli kəndində doğulmuş, Şəmkir rayonunun Düyərli kəndində yaşayan borclu Cavabdeh1, xx.xx.1965-ci ildə Şəmkir rayonunun Düyərli kəndində doğulmuş Şəmkir rayonunun Düyərli kəndində yaşayan borclu X2, xx.xx.1970-ci ildə Saatlı rayonunda doğulmuş Şəmkir rayonunun Düyərli kəndində yaşayan borclu Cavabdeh2 və xx.xx.1986-cı ildə Şəmkir rayonunun Düyərli kəndində doğulmuş, Şəmkir rayonunun Düyərli kəndində yaşayan borclu Cavabdeh3 xx.xx.2013-cü il tarixli 483/670 saylı birgə borclularla kredit müqaviləsi üzrə müştərək qaydada 3374,04 manat əsas borc, 490,42 manat faiz borcu, cəmi 3864,46 (üç min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat pul və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq BOKT İddiaçı QSC -yə ödənilməsi əmr edilmişdir. Mülki iş üzrə borclu X6 xx.xx.2022-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli əmrinin ləğv edilib işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 ərizəsi təmin edilmiş, Məhkəməsinin xx.xx.2014-cü il tarixli əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlərdən bağlanmış kredit müqaviləsi üzrə yaranmış 3374,04 manat məbləğində kredit borcu, 490,42 manat faiz borcu olmaqla, cəmi 3864,46 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 izahatında göstərdi ki, digər borclular ödəməlidi, bu kreditin ona aiddiyatı yoxdur. Əmək haqqısından tutma dərhal dayandırılmalıdır. Məhkəmədən iddianın onun barəsində olan hissəsinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş BOKT İddiaçı QSC (borcverən) ilə Cavabdeh1, X6, Cavabdeh2 və Cavabdeh3 (borcalanlar) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 483/670 saylı müqavilədən görünür ki, borcverən borcalanlara kənd təsərrüfatı sahəsində xırda biznesin inkişafı məqsədi ilə 12 ay müddətinə 4000 manat məbləğində kredit vermişdir. Müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda məsuliyyət daşıyırlar, onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, birgə borcluların xx.xx.2013-cü il tarixli 483/670 saylı müqavilə üzrə borcu xx.xx.2014-cü il tarixə əsas məbləğ üzrə 3374,04 manat, faiz borcu 490,42 manat, cərimə borcu üzrə 0 manat olmaqla, ümumilikdə 3864,46 manat təşkil edir. İş materiallarından görünür ki, BOKT İddiaçı QSC tərəfindən borclu Cavabdeh1, X4, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2013-cü il tarixli 483/670 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 500.1-ci maddəsinin tələbinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinin tələbinə görə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 501-ci maddəsinin tələblərinə görə Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdehlər isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdehlər kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmalarına dair vəzifələrini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 3864,46 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Birgə borclular Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2013-cü il tarixli 483/670 saylı birgə borclularla kredit müqaviləsi üzrə yaranmış 3374,04 manat əsas borc, 490,42 manat faiz borcu, cəmi 3864,46 (üç min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat pul və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq BOKT İddiaçı QSC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar