Məhkəmə qərarları › İş №2(076)-26/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-26/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-26/2024 21.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8708.44 manat əsas, 1370.40 manat faiz, cəmi 10078.84 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3275018A147 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 8708.44 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2021-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2020-ci il tarixli, RGTK3275018A147 saylı kredit müqaviləsinə əsasən 8708.44 manat əsas, 1370.40 manat faiz, cəmi 10078.84 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8708.44 manat əsas, 1370.40 manat faiz, cəmi 10078.84 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 20 faiz olmaqla 60 (altmış) ay müddətinə 8708.44 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi hər ay 230.72 manat, sonuncu ay isə 237.54 manat olmaqla ödənilməsinə razı olmuşlar. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəzinə məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı ASC–nin Şəmkir filialından 8708.44 manat məbləğində pul almışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2021ci Cavabdeh banka xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsi üzrə 8708.44 manat əsas kredit borcu, 1370.40 manat faiz borcu olmaqla, cəmi 10078.84 manat məbləğində borcu yaranmışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/4684 saylı rəyindən görünür ki, iş materiallarında olah hesabdan çıxarış məlumatlarından və xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC–yə iddia qaldırılan tarixə, yəni xx.xx.2021-ci il tarixə olan borcu əsas borc üzrə 8708.44 manat, faiz borcu üzrə 1388.51 manat olmaqla, ümumilikdə 10096.95 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 60 ay müddətinə illik 20 faiz olmaqla 8708.44 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsi üzrə 8708.44 manat əsas kredit borcu, 1370.40 manat faiz borcu olmaqla, cəmi 10078.84 (on min yetmiş səkkiz manat səksən dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə iddianın əsas və faiz borcu hissəsinə qiymət verərək, qeyd edir ki, iddia tələbi həm əsas borc, həm də faiz borcu hissəsində əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/4684 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC–yə 8708.44 manat əsas kredit borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə iddianın faiz borcu hissəsinə qiymət verərək, qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/4684 saylı ekspert rəyində xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC–yə 1388.51 manat məbləğində müəyyən edilmiş olsa da, iddiaçı Bankın tələbi faiz borcuna aid hissədə ekspert rəyində müəyyən edilmiş məbləğdən aşağı məbləğdə, yəni 1370.40 manat olduğundan faiz borcuna iddia tələbi həcmində qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsi üzrə 8708.44 manat əsas kredit borcu, 1370.40 manat faiz borcu olmaqla, cəmi 10078.84 (on min yetmiş səkkiz manat səksən dörd qəpik) manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı banka verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə– mühasibatşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli RGTK3275018A147 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 8708.44 (səkkiz min yeddi yüz səkkiz manat qırx dörd qəpik) manat, faiz borcu üzrə 1370.40 (bir min üç yüz yetmiş manat qırx qəpik) manat olmaqla, cəmi 10078.84 (on min yetmiş səkkiz manat səksən dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar