Məhkəmə qərarları › İş №2(076)-2600/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2600/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2600/2024 09.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat pulun və dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında 31 may 2022-ci ildə kredit müqaviləsi bağlanmışdır. Cavabdehlə arasında bağlanan borc müqaviləsi Tovuz Regional ASAN xidmət mərkəzinin notariat ofisində bağlanmış, müqaviləni şəxsən o və cavadeh imzalamış, notarius tərəfindən müqavilə təsdiq olunmuşdur. Müqavilənin birinci bəndinə əsasən o, 7800 manat cavabdehə borc pul vermişdir. Həmin müqavilənin ikinci bəndinə əsasən Cavabdeh borcunu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Aralarında müqavilə yazılı formada tərtib olunmuş onula cavadeh arasında müqavilə əsasında öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, razılaşdığı borc pulu vaxtında qaytarmamışdır. Dəfələrlə borcun qaytarılmasını tələb etsə də Cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmamışdır. Ona görə də müqavilədə nəzərdə tutulan 7800 manat cavabdehdən məcburi qaydada alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, dəfələrlə mübahisənin məhkəmədən kənar həll edilməsini tələb etsə də, cavabdeh iddiaçının pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, İddiaçı 5000 manat borc pul götürmüş, lakin müqavilədə 7800 manat qeyd edilmişdir. İddiaçıya olan borca görə ona avtomobil vermişdir. Ona görə iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixədək ödəmək şərtilə 7800 manat mələğində pul borc vermişdir. Məhkəmə tərəflərin izahatları və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinin tələbinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.2-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh borc vermişdir. Cavabdeh iddiaçıya olan borcunu xx.xx.2022-ci il tarixə kimi qaytaracağına öhdəlik götürmüş, lakin borcunu qaytarmamışdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 98 (doxsan səkkiz) manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 98 (doxsan səkkiz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar