Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2612/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 389.4 manat əsas 58.4 manat cərimə ümumilikdə 447.8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı. Müqavilənin məbləği: 389.40 manat. Müqavilənin aylıq ödənişi, müddəti:33.00 manat 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı mobil telefon. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği:389.40 manat.Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği:584.00 manat. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir)% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir.Cərimə məbləğinə tətbiq edilmiş güzəşt:90%.Cavabdeh tərəfindən ödənilməli cərimə: 58.40 manat.Tutulmalı olan cəmi məbləğ: 447.80 manat. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, 19.11.22-ci il tarixdə İddiaçı MMC-dən alqı-satqı müqaviləsi əsasında 12 ay müddətinə, ayda 33 manat ödəniş etməklə, bir ədəd "Samsunq" markalı mobil telefon almışdır. Telefon cəmi 3 gün onda qalmış, işlətmək istədikdə danışıq sensorunun düzgün işləmədiyini, ekranın danışıq zamanı qaralıb açılmadığını, yəni qüsurlu olduğunu görüb işlətməmiş və 22.11.22-ci il tarixdə onu geri iddiaçıya qaytarmışdır ki, telefonu dəyişsinlər. "İrşad" Elektronics"də ona bildirmişlər ki, telefonu təmir etdirib verə bilərik. O, telefonun təmirinə razı olmamış, telefonu iddiaçıya təhvil verib mağazadan getmiş, yəni telefon iddiaçıda qalmışdır, bu səbəbdən borcunu ödəməmişdir. Hazırki iddia tələbinə məhkəmədə baxılarkən telefonu götürmüşdür. Hazırda telefonu işlədir və bu səbəbdən borcunu ödəməyə hazırdır. Lakin o, iddia tələbinin cərimə məbləği ilə razı deyil, çünki borcun bu müddət ərzində ödənilməməsində iddiaçının özüdə təqsirli olmuşdur. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin etiraz etməməsini nəzərə alaraq iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Samsung" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 389.40 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi “Alıcı” tərəfindən “Satıcı” firmaya bütün xərclər eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. İşin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh "Samsung" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla, sonuncu ay isə 26.49 manat olmaqla cəmi 389.49 manat pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə olunmuş, xx.xx.2023-ci il tarixli İddiaçı MMC tərəfindən Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuş Cavabdeh Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 389.4 manat əsas 58.4 manat cərimə ümumilikdə 447.8 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iş üzrə tərəflər arasında müqavilə bağlanmış və bununla da cavabdehin müqavilə üzrə öhdəliyi yaranmışdır. Cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı əsas borc məbləğinə müqavilənin şərtinə uyğun olaraq cərimə pulu hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə cərimə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər əsas borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə eyni zamanda iddianın cərimə pulunu ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə (cərimə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, cavabdehin aldığı əşyada olan qüsurun aradan qaldırılması üçün təhvil verməsini və uzun müddət iddiaçının sahibliyində olmasını, bununla yanaşı əlavə olaraq dəbbənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 58.4 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 389.4 (üç yüz səksən doqquz manat qırx qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 394.4 (üç yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində vəsait tutularaq İddiaçı MMC -yə ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 389.4 (üç yüz səksən doqquz manat qırx qəpik) manat əsas borc, 05 (beş) manat cərimə borcu olmaqla ümumilikdə 394.4 (üç yüz doxsan dörd manat qırx qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2612/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2612/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver