Məhkəmə qərarları › İş №2(076)-263/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-263/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-263/2024 08.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşaqların saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2018/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin hər ay hər uşağa görə 140 manat aliment pulu məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin və mediasiya prosesi üçün ödənilmiş 55 manat məbləğində vəsaitin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Cavabdeh ilə ailə münasibətləri pozulmasına görə ayrılmışlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Elnur və xx.xx.2012-ci il təvəllüdlü Zirəddin a-cı ilin avqust ayında faktiki olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur. Ailə münasibətləri əvvəllər yaxşı olmuşdur. Lakin sonradan cavabdeh ilə ayrılmışlar və Zeynəb adlı uşaq onun himayəsində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci ildə anadan olmuş Zeynəb adlı uşağın atalığı və həmin uşağın saxlanılması üçün cavabdehdən 130 manat sabit pul formasında aliment müəyyən olunmuşdur. Sonradan cavabdeh onunla barışmış və onlar təkrar bir ailədə yaşamışlar və ikinci uşaqları doğulmuşdur. Cavabdehlə barışandan sonra cavabdeh onu əmin etmişdir ki, uşağa yaxşı baxacaq və bu səbəbdən cavabdehdən alimentlə bağlı məhkəmə qətnaməsinin icrasını tələb etməməyini xahiş etmişdir. O, da ailə olduğları üçün, bir evdə yaşadığları üçün cavabdehin xahişinə əməl etmişdir. Lakin ikinci uşaq doğulandan sonra cavabdeh onunla yola getmədi və onu evdən qovmuşdur. Hətta azyaşlı uşağı onun əlindən almışdır. O, məcbur qalıb yenidən məhkəməyə müraciət etmişdir.Məhkəmə qətnaməsi ilə Ömür adlı uşağa atalıq müəyyən olunmuş və cavabdehdən onun xeyrinə Ömür adlı uşağın saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Zeynəb adlı uşağa münasibətdə isə o, icraatı dayandırılmış qətnamənin təkrar icraya yönəldilməsini istəmiş və məhkəmə ərizəni təmin etmişdir. Qətnamə təkrar icraya yönəldilmiş, lakin həmin qərardaddan apelyasiya şikayəti verilmişdir. Apelyasiya Məhkəməsi şikayəti təmin etmişdir. Bu səbəbdən o, müstəqil qaydada hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Zeynəb adlı uşağın saxlanılması üçün 220 manat sabit pul formasında aliment ödənilməsini istəyir. Eyni zamanda Ömür adlı uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğini artırıb hər ay 220 manat sabit pul formasına müəyyən edilməsi istəyir. Cavabdeh uşaqların saxlanılmasına köməklik etmir, fərdi əməklə məşğul olur və maddi imkanı kifayət qədər yaxşıdır. Cavabdeh avtomobil ustasıdır və bu səbəbdən də qazancı qeyri müəyyəndir. Eyni zamanda Zeynəb adlı uşağın alimentinin tutulmasının başlanğıcı 2023-cü ilin yanvar ayından hesablanmalıdır. Çünki o, həmin vaxtdfan zeynəb adlı uşağa aliment ödəməsi üçün tədbirlər görmüşdür. Cavabdeh isə müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsini məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırki məsələyə cavabdehin iştrakı olmadan baxılmasını mümükün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı iki uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2170/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Zeynəb adlı uşağın atası hesab edilmiş və xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəlldülü Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2018/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı, 22 fevral 2020-ci ildə doğulmuş X9 adlı uşağın atası hesab edilmiş, xx.xx.2020-ci ildə doğulmuş X9 adlı uşaq cavabdehlər Cavabdeh, X3 və X2 alınaraq İddiaçı himayəsinə verilmiş, Cavabdeh 22 fevral 2020-ci il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi və qətnamə alimentə dair hissədə xx.xx.2020-ci ildə doğulmuş X9 adlı uşaq Cavabdeh alınıb İddiaçı verildiyi tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 8(076)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2170/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra edilməsi üçün yenidən icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(104)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-83/2023 saylı qərardadı və onun əsasında verilmiş 17 mart 2023-cü il tarixli, 8(076)-83/2023 nömrəli qərardadı ləğv edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə evliliklərindən anadan olmuş Zeynəbin saxlanması üçün 130 manat müəyyən edilsə də sonradan barışdıqlarına görə alimentin icrasına xitam verilmiş, Ömürün saxlanması üçün isə cavabdehdən məhkəmə qətnaməsi ilə hər ay 140 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı Zeynəb üçün aliment, Ömür üçün isə məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları və ehtiyacları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə qismən əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 190 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti Zeynəbə münasibətdə məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2023-cü ildən, Ömürə münasibətdə isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, Zeynəbə dair hissədə qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, mediasiya xərci isə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 4320 manat (360 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 63.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 190 manat tutularaq İddiaçı verislin. X1 üçün alimentə dair qətnamənin bu hissəsi dərhal icra olunsun. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2018/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılsın. Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 63.20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 55 (əlli beş) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar