Məhkəmə qərarları › İş №2(076)-267/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-267/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-267/2024 16.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndələri (anası) X1 və (vəkil) X2, Cavabdehlər Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus "VAZ-21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etmək üçün Şəmkir şəhəri H.Cavid küçəsində yerləşən avtotəmir Sexində usta işləyən Elşən Vəliyevə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə Elşən Vəliyev avtomobildə ona məxsus işləri bitirdyi üçün həmin təmir sexində usta-rəngsaz işləyən Cavabdeh2 təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxmış, yanğınsöndürmə xidmətinin yerləşdiyi ünvandan keçərkən yanğınsöndürən avtomobillərin haradansa gəldiyini görmüş və nəyin yandığını soruşduqda əməkdaşlar Şəmkir şəhəri Natəvan küçəsində yerləşən avtotəmir sexində yanğın hadisəsi baş verdiyi barədə məlumat vermişlər. Dərhal avtotəmir sexlərinin yerləşdiyi ünvana getmiş, çatdıqda yanğının söndürüldüyünü Cavabdeh2 işlədiyi sexin daxilinə baxış keçirdikdə ona məxsus "VAZ-21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşdüyünü görmüşdür. Hadisə nəticəsində ona 9649 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsində araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olaraq sexlərin sahibi Cavabdeh1 göstərilmişdir. Bundan sonra o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş ziyanın qaytarılması üçün müraciət etmişdir. Cavabdeh1 ona dəymiş ziyanı qaytaracağı barədə yanğın hadisəsi baş verdikdən sonra öhdəlik götürsə də lakin bir müddətdən sonra Cavabdeh1 verdiyi sözə əməl etməmişdir. Hesab edir ki, ona dəymiş ziyana görə təqsirkar şəxslər cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Belə ki, Cavabdeh1 avtotəmir sexində yanğın təhlükəsizliyini təmin etsə idi, həmçinin avtotəmir sexinin sığortalasaydı və digər Cavabdeh2 da Cavabdeh1 yanğın təhlükəsizliyinin təmin olunmasını tələb etsəydi qeyd olunan hadisə baş verməz və ona maddi zərər dəyməzdi. Hesab edir ki, iddiası qanuni və əsaslıdır. Buna görə də cavabdehlərdən pulun alınıb verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri (anası) X3 və (vəkil) X6 iddia ərizəsinin məzmununa izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, sözü gedən sex ona məxsusdur. Cavabdeh2 isə onun sexinin bir hissəsini aylıq kirayəyə götürüb usta kimi işləyir. İddiaçı özünə məxsus maşını rənglətmək üçün usta işləyən Cavabdeh2 təhvil vermişdir. Onunla İddiaçı arasında maşının düzəldilməsi barədə heç bir danışıq olmamamış və iddiaçını tanımamışdır. Sadəcə olaraq sex ona məxsus olduğuna görə iddiaçı onu cavabdeh qismində məhkəməyə vermişdir. Bundan başqa iddiaçının ona məxsus avtomobilə dəymiş ziyana görə tələb etdiyi pulun məbləği şişirdilmiş məbləğdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD seriyalı 721696 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “”VAZ-21114 minik” markalı, 90NA914 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011, Ban nömrəsi XTA2114410B5058605 olan avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ziyan aktından görünün ki, VAZ-21014 markalı avtomaşinin dəymiş ziyanı 9649 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, həmin qərarla 20 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, avtotəmir sexlərində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla həmçinin qeyd olunmuşdur ki, alınmış izahatlardan, hadisə yerinə keçirilmiş baxış protokolundan, materiala əlavə olunmuş digər sənədlərdən göründüyü kimi Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, Cavabdeh1 məxsus avtotəmir sexləri icarəyə verilərkən sexlərin sahibi Cavabdeh1 icarəçilərlə yazılı və rəsmi müqavilə bağlamamış, sexləri icarəçilərin istifadəsinə şifahi razılaşma əsasında vermiş, icarəyə verdiyi sexlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etməmişdir. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2-ci bəndində göstərilmişdir ki, "Yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər”. Odur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, avtotəmir sexlərində yanğın təhlükəsizliyinə cavabdeh şəxs sexlərin sahibi Cavabdeh1dur. Beləliklə, Əliyev X5 şəhəri Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexlərinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2,-ci və 7/14-cü bəndinin tələblərini pozaraq avtotəmir sexlərində yanğın təhlükəsizliyini təmin etməmişdir. Bu səbəbdən də, 20 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexlərindən X4 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lakboya qatının alışmasından yanğın baş vermişdir. Şəmkir rayonu İcra Hakimiyyəti başçısının 18 iyul 2013-cü il tarixli 120 nömrəli sərancamından çıxarışdan görünür ki, şəhərin ərazisində yerləşən Cavabdeh1 məxsus 2012-ci ildə tikilmiş ümumi sahəsi 466,04 kv.m olan qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. İş materiallarında olan 549 nömrəli xx.xx.2023-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, hüquq yardım göstərilən İddiaçı ilə vəkil X6 müqavilə bağlamışlar. Müqavilənin 2.1 bəndində hüquq yardıma görə məbləğ 400 manat müəyyən edilmişdir. İş materialında olan 3-16-16/2-9/2340/2024 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2011-ci il buraxılışı mühərrik iş həcmi 1596 sm3, "VAZ-21144" markalı (**-NA-*** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 8000,00 (səkkiz min) manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki bazar qiyməti 8000,00 manat olmuş avtomobili, qüsur aktına müvafiq olaraq 9649,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilməmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə özünə məxsus "VAZ-21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etmək üçün Şəmkir şəhəri H.Cavid küçəsində yerləşən və Cavabdeh1 məxsus avtomobil təmir sexinə aparmışdır. İddiaçı avtomobilini avtotəmir sexində usta işləyən Elşən Vəliyevə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə Elşən Vəliyev avtomobildə ona məxsus işləri bitirdyi üçün həmin təmir sexində usta-rəngsaz işləyən Cavabdeh2 təhvil vermişdir. Avtomobil həmin təmir sexində olduğu zaman yəni 20 aprel 2023-cü il tarixdə elektrik cərayanlarında qısa qapanma yarandığından təmir sexində yanğın hadisəsi baş vermişdir və yanğın nəticəsində İddiaçı məxsus "VAZ-21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsasən Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən həmin avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verilmişdir. İddiaçı bildirir ki, cavabdehə məxsus təmir sexində baş vermiş yanğın hadisəsi nəticəsində avtomobili yanaraq yararsız hala düşmüş və cavabdeh ona dəymiş ziyanın əvəzini ödəməlidir. Cavabdeh isə bildirir ki, iddiaçıya məxsus avtomobili, o, təhvil almamışdır, habelə təmir sexi ona məxsus olsa da, faktiki olaraq sexi icarəyə vermişdir və yanğın hadisəsinin baş verməsində onun təqsiri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexində yanğın hadisəsi baş vermişdir və yanğın zamanı İddiaçı məxsus "VAZ-21114" markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. İşin qeyd olunan halları tərəflərin izahatları, habelə iş materiallarındakı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 0560 saylı material üzrə qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə sübuta yetirilir. Həmin qərardan müəyyən olunur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus ümumi sahəsi 430 kv.m olan 5 boksdan ibarət avtotəmir sexində və sexə bitişik olan ümumi sahəsi 50 kv.metr olan avtomobil ehtiyyat hissələrinin satışı mağazasında baş vermiş yanğının mənbəyi, X4 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin yerləşdiyi zonada olmuşdur. Yanğın, mənbə zonasında yerləşən havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.14-cü bəndinin tələbləri pozulmuşdur. Sexin daxilində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin olunmadığına görə, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.14-cü bəndinin tələbləri avtotəmir sexinin daxilində yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, Cavabdeh1 məxsus avtotəmir sexləri icarəyə verilərkən sexlərin sahibi Cavabdeh1 icarəçilərlə yazılı və rəsmi müqavilə bağlamamış, sexləri icarəçilərin istifadəsinə şifahi razılaşma əsasında vermiş, icarəyə verdiyi sexlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etməmişdir. Beləliklə, Əliyev X5 şəhəri Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexlərinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2,-ci və 7/14-cü bəndinin tələblərini pozaraq avtotəmir sexlərində yanğın təhlükəsizliyini təmin etməmişdir. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.5-ci bəndinə əsasən, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən, hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə X7 orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər. Həmin Qaydaların 7.14-cü bəndinə əsasən, ventilyasiya kameraları, siklonlar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir. Yanğın və yanğın partlayış təhlükəli otaqların ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli X7 Orqanı ilə razılaşdırılmalıdır. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh1 məxsus avtomobil təmiri sexinin yerləşdiyi torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiya aktına əsasən qeyd olunan avtomobil təmiri sexi Cavabdeh1 istismarına verilmişdir. Məhkəmə kollegiyası bu kontekstdə qeyd edir ki, Şəmkir şəhəri Hüseyn Cavid küçəsində yerləşən və yanğın hadisəsi baş vermiş avtomobil təmir sexi obyekt kimi Cavabdeh1 istismarına verildiyindən, habelə sonuncu tərəfindən həmin sexə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmədiyindən Cavabdeh1 müəssisənin rəhbəri kimi X7 orqanlarının yanğın təhlükəsizliyi ilə bağlı tələblərinə riayət etmək vəzifəsi daşıyır. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 04 avqust 2023-cü il tarixli 10/3817 nömrəli məhkəmə yanğın-texniki ekspertizası rəyindən göründüyü kimi Cavabdeh1 avtomobil təmir sexində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin etməmiş və beləliklə yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur. İddiaçı Cavabdeh1 vurulmuş real zərərin əvəzini tələb etmişdir. İddiaçı tərəfindən həmin zərərin miqdarının müəyyən edilməsi üçün mütəxəssis tərəfindən tərtib edilmiş ziyan aktı təqdim edilmiş, cavabdeh həmin aktda göstərilən zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert isə zərərin miqdarını 8000.00 manat müəyyən etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan, eyni zamanda 8000 manat məbləğ həmin vəziyyətdə (istehsal ili, istifadə müddəti və s. Nəzərə alınmaqla qoyulmuş qiymət) avtomobilin qiyməti kimi qeyd edildiyindən, həmin məbləğ təmir xərcindən az olduğundan və ekspert tərəfindən də zədələnməmişdən əvvəlki bazar qiyməti 8000,00 manat olmuş avtomobili, qüsur aktına müvafiq olaraq 9649,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmədiyindən vurulmuş ziyana görə 8000.00 manat məbləğində (avtomobilin dəyəri) pul Cavabdeh1 alınaraq İddiaçı xeyrinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 vurulmuş ziyana görə 8000.00 manat (səkkiz min) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə, həmçinin iddianın "400 manat vəkil xidmət haqqının cavabdehdən alınması" hissəsini əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 549 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X6 arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 hesabına 400 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 400 manat pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 117 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə, 50 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş ziyana görə 8000.00 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 (bir yüz on yeddi) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Cavabdeh1 vəkil xidmət haqqının əvəzi kimi 400 (dörd yüz) manat pul alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar