Məhkəmə qərarları › İş №2(076)-27/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-27/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-27/2023 07.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 dekabr 2014-cü il tarixli, LD/14359/00242 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 763.40 ABŞ dolları, 25 dekabr 2015-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 79,13 ABŞ dolları, cərimə üzrə 76 ABŞ dolları olmaqla, ümumilikdə 918,53 (doqquz yüz on səkkiz dollar 53 sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə etiraz vermiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək işə iddia icraatında baxılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə verərək iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hüquqi varisi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli qərardadı ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hüquqi varisi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli, LD/14359/00242 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 25 dekabr 2015-ci il tarixə qədər illik 33% dərəcəsini tətbiq etməklə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hazırda Cavabdeh xx.xx.2023-cü il tarixə 918.53 ABŞ dolları borcu qalmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 25 dekabr 2014-cü il tarixli, LD/14359/00242 saylı kredit müqaviləsinə əsasən 763.40 ABŞ dolları əsas borc, 25 dekabr 2015-ci il tarixə qədər hesablanmış 79,13 ABŞ dolları faiz borcu, 76 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 918,53 (doqquz yüz on səkkiz dollar 53 sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək bildirmişdir ki, həqiqətən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Şəmkir filialı ilə onun arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli, LD/14359/00242 kredit müqaviləsinə əsasən ona 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. Maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. Hazırda iddiaçı banka 918,53 ABŞ dolları məbləğində borcu hesablanmışdır. Hesab edir ki, onun kredit borcu düzgün hesablanmamışdır. Qeyd edilənlərlə əlaqədar olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli, LD/14359/00242 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə istehlak məqsədi ilə kreditor tərəfindən illik borcun 33 faiz dərəcəsini tətbiq etməklə 12 ay müddətinə 1600 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin krediti və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 25 dekabr 2014-cü il tarixli, LD/14359/00242 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, cavabdeh xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər ödənişlər etməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 25 dekabr 2014-cü il tarixli, LD/14359/00242 saylı kredit müqaviləsi üzrə 763.40 ABŞ dolları əsas borc, 25 dekabr 2015-ci il tarixə qədər hesablanmış 74,13 ABŞ dolları faiz borcu, 76 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 918,53 (doqquz yüz on səkkiz dollar 53 sent) ABŞ dolları təşkil edir. İşdə olan xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini iki dəfədən çox pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə isnad edərək, verdiyi kreditin, ona hesablanmış faizlərin ödənilməmiş hissəsini və cərimə borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilədən irəli gələn əsas və faiz borcu yaranmışdır. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 13 iyun 2023-cü il tarixli 9/4055 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış LD/14359/00242 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun banka olan borcu 822,69 ABŞ dolları əsas, 88,99 ABŞ dolları faiz, müqavilə müddətindən sonra illik 5%-lə xx.xx.2018-ci il tarixə borcu 99,41ABŞ dolları olmaqla, cəmi iddia qaldırılan tarixə cəmi 1011,08 ABŞ dolları təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin məhkəmə hesab edir ki, ekspertiza rəyinə əsasən cavabdehin LD/14359/00242 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu iddia ərizəsində tələb olunan borcdan çox hesablandığından, iddiaçı tərəf isə iddia tələbinin artırılmasına dair ərizə təqdim etmədiyindən, həmin müqavilə üzrə borc iddia tələbi həcmində təmin edilməli, Cavabdeh LD/14359/00242 saylı, xx.xx.2014-cü il tarixli redit müqaviləsi üzrə əsas borc üzrə 763.40 ABŞ dolları, faiz borcu üzrə 74,13 ABŞ dolları iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə 76 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 8 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia qismən təmin edilməli, LD/14359/00242 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 763.40 ABŞ dolları əsas borc, 25 dekabr 2015-ci il tarixə qədər hesablanmış 74,13 ABŞ dolları faiz borcu, 8 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 845,53 (səkkiz yüz qırx beş dollar 53 sent) ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Bununla yanaşı, cavabdehdən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul isə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 dekabr 2014-cü il tarixli, LD/14359/00242 saylı kredit müqaviləsinə əsasən 763.40 ABŞ dolları əsas borc, 25 dekabr 2015-ci il tarixə qədər hesablanmış 74,13 ABŞ dolları faiz borcu, 8 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 845,53 (səkkiz yüz qırx beş dollar 53 sent) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar