Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2707/2023 10.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona qaytarmalı olduğu 600 manat məbləğində pulunu, 31 manat dövlət rüsumu olaraq ödəmiş olduğu pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin sentyabr-oktyabr aylarında evinə kamera quraşdımaq qərarına gələrək, cavabdeh Elməddin Mövsümova müraciət etmişdir. Həmin vaxt etiraz etmədən kameraları quraşdırmaq üçün ona məxsus Şəmkir rayonu A.Seyfəli kəndinə gələrək beş kamera quraşdırılacağını və 680 manat məbləğində pul vəsaiti alacağını, həmçinin tam işlək və problemsiz şəklidə təhvil verəcəyini bildirmişdir. O da razılaşmışdır. Kamera Elməddin tərəfindən quraşdırılmış və əvvəl 4 ədədi normal şəkildə işləmişdir. Bir ədədi isə quraşdırıldıqdan sonra işləməmişdir. Ona bildirmişdir ki, sabah düzəldəcək, ancaq gəlməmişdir və kamera nasaz şəkildə qalmışdır. Bir aydan sonra digər kameralarda problemlər yaranmağa başlamışdır. Ona görə də o Elməddinə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır, əslində kameraları quraşdıran zaman özünü kamera şirkətinin əməkdaşı olaraq təqdim etmişdir və kameraların bir il zəmanəti olacağını bildirmişdir. O da rahat şəkildə tam işlərinin həllini tapacağını bilmişdir. Sonra problemlər artmış və ona görə evlərinə gedib valideynlərinə müraciət etmişdir ki, Elməddin gəlib kamerada yaranmış problemi həll etsin. Onlar da Elməddinə problemi həll etməsini bildirmişlər və Elməddin gələcəyini demişdir, ancaq heç bir nəticə olmamışdır. Kamera hazırda da nasaz vəziyyətdədir. Bu haqda sahə rəisinə bildirmişdir, ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək göstərdi ki, onun cavabdehdlə aralarında olan şifahi razılaşmaya əsasən yaşadığı evə kamera və avadanlığı quraşdırılması müqabilində 680 manata razılaşmışlar, cavabdeh ona bir il qarantiya vermişdir. 2022-ci ilin sentyabr ayında Şəmkir Rayonu Aşağı Seyfəli kəndində yaşadığı evə cavabdeh tərəfindən kamera quraşdırıldıqda kameranın biri, sonra isə heç biri işləməmişdir. O, görülmüş işin kefiyyətsiz olması barədə və kameraların işləməməsi barədə cavabdehə və ailə üzvlərinə bildirdikdən sonra, Cavabdeh başqa bir nəfəri onun evinə göndərmiş, həmin şəxs ona 20 manat ver dəyişək düzəlsin demiş, o razılaşmış, lakin kameralar yenə işləməmişdir. Cavabdehin göndərdiyi həmin şəxs kamera sisteminin düzgün quraşdırılmadığını və yararsız hala düşməsini, əvəz edilməli olmasını bildirmişdir. Bundan sonra da onun dəfələrlə müraciətinə cavabdeh tərəfindən əhəmiyyət verilməmiş, quraşdırılmış kameralar işləməmişdir. O, cavabdehə evinə kameraların quraşdırılması üçün bir dəfəyə 600 manat pul vermişdir. Bundan əlavə hissə-hissə xırda xərcləri olmuşdur ki, onları cavabdehdən tələb etmir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra belə cavabdeh kameraların təmiri və ya yenisi ilə əvəz edilməsi ilə bağlı heç bir hərəkət etməmiş və maraqlanmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı X1 yaşadığı Şəmkir Rayonu Aşağı Seyfəli kəndində olan evə 2022-ci ilin sentyabr ayında müşahidə kamerası quraşdırmış və 600 manat pul almışdır. Bundan sonra iddiaçı kameraların işləmədiyini bildirmiş, o özü həmin vaxt Bakı şəhərində olduğundan kameraya baxması üçün başqa usta göndərmiş, lakin kamera yenə işləməmişdir. Kameranın işləməməsinə səbəb həmin evə verilən işığın güclü olması səbəb olmuşdur. Ona məhkəmə tərəfindən vaxt verilərsə yaranmış problemi aradan qaldıracağı və kameraları düzəldəcəyini bildirmişdir. Məhkəmə, iddiaçını izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada yazılı müqavilə bağlanılmamışdır. İddiaçı ilə cavabdeh arasında müşahidə kamerasının iddiaçının evinə quraşdırılması barədə şifahi razılaşma olmuş, cavabdeh həmin razılaşma əsasında 600 manat pulu iddiaçıdan almış və kameraların çəkilməsini üzərinə götürmüşdür. Bundan sonra cavabdeh öhdəsinə götürdüyü işi lazimi keyfiyyətdə görməmiş, quraşdırılmış kameralar işləməmiş, iddiaçının görülmüş işlərin qüsurlu olması və aradan qaldırılması barədə bildirişlərinə cavabdeh tərəfindən əhəmiyyət verilməmiş, İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin kameraları qüsurlu çəkməsini bildirib, onun cavabdehə verdiyi 600 manat pulu tələb etmişdir, həmçinin məhkəmədə işə baxılarkən cavabdeh söz verməsinə baxmayaraq kameraları işlək vəziyyətə salmamışdır. Bununla da müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya beş kamera quraşdırılacağını və 600 manat məbləğində pul vəsaiti alacağını, həmçinin tam işlək və problemsiz şəklidə təhvil verəcəyini öhdəsinə götürsə də cavabdeh öhdəliyini yerinə yetirməmiş, tapşırığı qüsurlu təhvil vermişdir. Bununla da, cavabdeh öhdəliyini layiqincə yerinə yetirməmiş, 600 manat iddiaçının vəsaitini alaraq onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan tapşırıq müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 778.1-ci maddəsinə əsasən, Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəllənin 778.2-ci maddəsinə əsasən, Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən, Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 781-ci maddəsinə əsasən, Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Tapşırıq müqaviləsinin predmetini vəkalət alan tərəfindən vəkalət verən üçün hər hansı əqdin (əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı) icrası təşkil edir. Tapşırıq müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən tapşırıq müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma mahiyyət etibarı ilə tapşırıq müqaviləsidir. Belə ki, kameraların çəkilməsi üçün iddiaçı tapşırıq vermiş və razılaşdırılmış dəyəri tam olaraq cavabdehə-vəkalət alana ödəmiş, cavabdeh öz öhdəliyini layiqincə icra etməmiş və iddiaçının sifariş verdiyi işi qüsurlu görmüşdür. Vəkalət alan cavabdeh, tapşırığı qüsurlu halda təhvil vermiş, tapşırıq verənin göstərişlərinə əhəmiyyət verməyərək qüsuru aradan qaldırmamış və iddiaçıdan 600 manat pul məbləğini alaraq əsassız varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, 31 manat dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən 31 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat pul tutularaq İddiaçı verilsin. Məhkəmə xərci qismində 31 (otuz bir) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2707/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2707/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver