Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2741/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2023-cü il tarixdə 00649 nömrəli barışıq sazişi ilə təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat müəyyən edilməsi və Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi ailə həyatı qurub evlənmişlər. Həmin nikahdan xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2017-ci il tarixdə X2 adlı uşaqları doğulmuşdur. 2014-cü ilin avqust ayınadək birlikdə yaşamışlar. Əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar, bundan sonra bir ailə kimi yaşamağı mümkün olmadığından 21 noyabr 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulub ayrılmışlar. Bundan başqa, xx.xx.2023-cü il tarixdə 00649 nömrəli barışıq sazişi başlayaraq iki uşaq üçün cavabdehdən 240 manat məbləğində alimentin ona verilməsi barədə razılıq əldə etmişlər. Lakin, həmin məbləğ az olduğundan uşaqlarının təminatını ödəmədiyindən, heç yerdə işləyə bilmədiyindən uşaqların ehtiyaclarını ödəyə bilmir. Ona görə də, qanun tələbi üzrə mediasiya təşkilatına müraciət edib alimentin məbləğini qaldırmaq istəsə də, ikinci tərəf gəlmədiyi üçün tam mediasiya sessiyası baş tutmamışdır. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaqların qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşaqlarını tək başına saxlaya bilmir. Odur ki, iddianın təmin edilərək, 04 iyul 2014–cü il tarixdə doğulmuş Mübariz və 26 noyabr 2017–ci il tarixdə doğulmuş Gülbəniz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə 12 oktyabr 2014cü ildə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(076)-2228/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Aralarındakı barışıq sazişi əsasında təyin edilmiş aliment miqdarı azyaşlı uşaqları saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Azyaşlı uşaqları orta məktəbdə təhsil alır. Onların təhsil və geyim xərlcəri günü-gündən çoxalır. Alimentin məbləği azyaşlı uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh isə fərdi əməklə məşğuldur. Mövcud vəziyyətdə uşaqlarını tək başına saxlaya bilmir. Odur ki iddianın təmin edilərək xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdə 00649 nömrəli barışıq sazişi ilə təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclası zamanı izahatında bildirdi ki, iddianı qəbul etmirlər, belə ki, cavabdehin hazırki maddi vəziyyəti alimentin miqdarının artırılması ilə uzlaşmır, hesab edir ki, barışıq sazişi ilə təyin edilmiş aliment iddiaçının xərclərini qarşılamağa kifayət edir. Odur ki iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh ilə, İddiaçı birgə nikahda olduqları zaman, xx.xx.2014cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 olmaqla iki uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, 00649 nömrəli barışıq sazişindən görünür ki, xx.xx.2023–cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin, İddiaçı verməsi barədə öhdəlik götürmüşdür. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(076)- 2228/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə, İddiaçı arasında xx.xx.2014-cü il tarixdə qeydə alınmış 11 nömrəli nikah qeydi pozulmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2014–cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahda olduqları zaman, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 olmaqla iki uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. xx.xx.2023-cü il tarixli, 00649 nömrəli barışıq sazişinə əsasən xx.xx.2023–cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin İddiaçı verməsi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 190 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, uşaqlar ananın yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün 190 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq– aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay, hər uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşaqların mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay, hər uşaq üçün 190 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 04 iyul 2014–cü il tarixdə doğulmuş Mübariz və 26 noyabr 2017–ci il tarixdə doğulmuş Gülbəniz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər xx.xx.2023-cü il tarixli, 00649 nömrəli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 65.60 (altmış beş manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2741/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2741/2024
07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver