Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2746/2024 31.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1.700 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022–ci il tarixdə uşağının mülaicəsi üçün qısa müddətə qaytarmaq şərtilə ondan borc pul istəmiş, o da cavabdehə inanaraq müxtəlif vaxtlarda 600 manat və 500 manat olmaqla, cəmi 1.100 manat borc pul vermişdir. Həmçinin, cavabdeh "xxxx" MMC mağazasından onun adına 398 manata Samsung Galaxy A13 markalı mobil telefon almış, ödəniş cədvəli üzrə borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh telefonun pulundan heç bir ödəniş etməmişdir. Ödəniş gecikdiyi üçün 75 günə görə ona əlavə olaraq 202 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə cavabdehə müraciət edərək 1.100 manat borcu və 398 manat telefona ödədiyi pulu qaytarmasını tələb etmiş, lakin o, müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmiş, ona maddi ziyan vurmaqla əlverişsiz vəziyyətə salmışdır. Bundan sonra məcbur olub cavabdehin barəsində polisə şikayət etmişdir. Polis şöbəsində araşdırma zamanı cavabdeh izahat vermiş və ondan 1.100 manat borc pul almasını etiraf etmişdir. Cavabdeh könüllü olaraq pulu qaytarmadığına görə məcbur məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdehdən 1.700 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, əvvəllər Hərbi Hissədə işləmiş, hazırda isə təqaüdə çıxmışdır. Cavabdeh onun tabeliyində işləmiş və normal münasibətləri olmuşdur. xx.xx.2022–ci il tarixdə cavabdeh ona müraciət edərək azyaşlı uşağının xəstə olmasını, lakin onun müalicəsinə maddi imkanı olmadığını bildirmiş və ondan qısa müddətə qaytarmaq şərtilə borc pul istəmişdir. O da cavabdehə inanaraq müxtəlif vaxtlarda 600 manat və 500 manat olmaqla, cəmi 1.100 manat borc pul vermişdir. Həmçinin, cavabdeh 2022–ci ilin may ayında ona müraciət etmişdir ki, öz adına kreditlə telefon götürsün, pulunu özü ödəyəcəkdir. O yenə də cavabdehə inanmış və Şəmkir şəhərində yerləşən "xxxx" MMC mağazasından öz adına 398 manata Samsung Galaxy A13 markalı mobil telefon alaraq cavabdehə vermişdir. Lakin cavabdeh telefona görə ödəniş etməkdən imtina etmiş, bu səbəbdən məcbur olub həmin pulu özü ödəmişdir. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh nə aldığı borc pulu, nə də telefonun pulunu ona qaytarmamışdır. Nəticədə cavabdeh onun etibarından sui– istifadə edərək öhdəliyinə əməl etməmiş və bugünədək borcu qaytarmamışdır. Bundan sonra məcbur olub cavabdehin barəsində polisə şikayət etmişdir. Polis şöbəsində araşdırma zamanı cavabdeh izahat vermiş və ondan 1.100 manat borc pul almasını etiraf etmişdir. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, o, müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmiş və onu əlverişsiz vəziyyətə salmışdır. Hesab edir ki, cavabdehin niyyəti onun etibarından sui–istifadə etməklə aldığı pulu ödəməməkdən ibarət olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Əlavə olaraq qeyd edir ki, telefonun ödənişi gecikdiyi üçün 75 günə görə ona əlavə olaraq 202 manat cərimə borcu hesablanmış, həmin cəriməni də o, ödəmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Odur ki, cavabdehdən 1.700 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan və "xxxx" MMC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022–ci il tarixdə İddiaçı 398,99 manat dəyərində Samsung Galaxy A13 markalı mobil telefon nisyə satılmış, İddiaçı həmin pulu xx.xx.2022– xx.xx.2023–cü il ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, xx.xx.2022–ci il tarixli nisyə alqı–satqı müqaviləsinə əsasən 398,99 manat borc tam ödənilmişdir. İşdə olan və Şəmkir RPŞ–nin TB–də toplanmış materialda olan Cavabdeh izahatından görünür ki, o, İddiaçı 1.100 manat borc pul almasını, həmin pulun 500 manatını qaytarmasını, hazırda isə 600 manat borcu qalmasını, eləcə də mobil telefonu İddiaçı öz adına alaraq ona verməsini bildirmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024–cü il tarixli qərardan görünür ki, ilkin yoxlama zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı öz adına telefon alaraq ona vermiş, lakin maddi imkanı olmadığından telefonun pulunu qaytara bilməmişdir. Həmçinin, o, İddiaçı 1.100 manat borc pul almasını, həmin pulun 500 manatını qaytarmasını, hazırda isə 600 manat borcu qalmasını bildirmişdir. Nəticədə İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və ona tələbinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 1.100 manat məbləğində pulun verilməsini, həmin pulun qaytarılmamasını, eləcə də cavabdehə 398 manat dəyərində telefon alıb verilməsini, həmin pulun da qaytarılmamasını və telefonun ödənişinə görə 202 manat cərimə hesablanmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı cavabdehə 1.100 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin məbləği iddiaçıdan almış və qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi 1.100 manat borc tələbinə dair hissədə iddiaçının tələb etdiyi həcmdə, yəni 1.100 manat məbləğində təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Şəmkir RPŞ–nin TB– də aparılmış ilkin araşdırma zamanı İddiaçı 1.100 manat borc pul almasını etiraf etmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh ilkin yoxlama zamanı həmin pulun 500 manatını qaytarmasını, hazırda isə 600 manat borcu qalmasını iddia etsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutlar müəyyən edilməmiş, habelə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bildiriş və SMS bildirişi göndərilsə də, məhkəmə iclaslarına gəlməmiş, sübutlarını təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin “1.100 manat borc tələbi”nə dair hissəsini əsaslı hesab etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2022–ci il tarixli alqı–satqı müqaviləsinə əsasən "xxxx" MMC–dən 398,99 manat dəyərində Samsung Galaxy A13 markalı mobil telefon alaraq cavabdehə vermiş, sonuncu isə ödənişləri özünün edəcəyini bildirmişdir. Lakin cavabdeh telefonun pulunu ödəməmiş, iddiaçı isə məcbur olub həmin pulu ödəmiş və nəticədə maddi zərərə məruz qalmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 398,99 manat olmuşdur. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Belə olan halda məhkəmə hesab edir ki, telefona görə iddiaçı tərəfindən ödənilmiş 398,99 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı həmin telefona görə ona 202 manat cərimə hesablanmasını iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclası zamanı da belə sübutlarının olmadığını bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının əlavə olaraq 202 manat cərimə pulunu cavabdehin əvəzindən ödəməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki–Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 1.100 manat məbləğində borc pul alması, həmin pulu qaytarmaması, eləcə də iddiaçının 398,99 manat dəyərində Samsung Galaxy A13 markalı mobil telefon alaraq cavabdehə verməsini, həmin pulun da cavabdeh tərəfindən qaytarılmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh 1.498,99 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutulub İddiaçı verilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.498,99 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.528,99 (bir min beş yüz iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(076)-2746/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2746/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver