Məhkəmə qərarları › İş №2(076)-2761/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2761/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2761/2023 03.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları Fatimə, Rəvan və Dənizin saxlanılması üçün tutulan alimentin artırılaraq hər ay sabit pul məbləğində hər uşağa 250 (iki yüz əlli) manat olmaqla cəmi 750 (yeddi yüz əlli) manat müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(020)-946/2020 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü Fatimə, xx.xx.2016-cı il təvəllüdlü Rəvan və xx.xx.2018-ci təvəllüdlü Dəniz adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat aliment tutulması qət edilmişdir. Hazırda həmin vəsaitlə uşaqların maddi ehtiyaclarını ödəyə bilmir. Uşaqları məktəblidirlər. Geyimlərini qidalarını ödəməyə çətinlik çəkir. Cavabdeh zabitdir və yüksək əmək haqqı alır. Ona görə də hazırkı iddiası ilə məhkəməyə müraciət edib alimentin artırılmasını istəyir. Cavabdeh fərdi əməklə məşğuldur və kifayət qədər imkana malikdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək ifadəsində göstərdi ki, anası şəkər xəstəsidir, o, özü 44 günlük müharibədə iştirak etmiş, gözündən xəsarət almışdır və hazırda müalicəsi davam edir. O, hazırda 967.62 manat əmək haqqı alır, təyin edilmiş alimenti güclə ödəyir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan arayışdan görünür ki, İddiaçı 18.05.213-cü il təvəllüdlü Fatimə, xx.xx.2016-cı il təvəllüdlü Rəvan və xx.xx.2018-ci il təvəllüdlü Dəniz adlı uşaqları ilə birlikdə Xırdalan şəhəri, 28-ci məhlə, ev-28, mənzil-5 də yaşayır. İşdə olan AZ-İİİ 771471 saylı, AZ-İV 221706 saylı, AZ-İİİ 661799 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından 18.05.213-cü il təvəllüdlü Fatimə, xx.xx.2016-cı il təvəllüdlü Rəvan və xx.xx.2018-ci il təvəllüdlü Dəniz adlı uşaqları doğulmuşdur. Valideynləri- atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)- 946/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 12 oktyabr 2012-ci il tarixdə Tovuz rayon Azaflı kənd icra nümayəndəliyində bağlanmış nikah pozulması, Beyləqan rayonu, Bolsulu kəndi ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən Cavabdeh bir uşaq üçün 150 manat üç uşaq üçün cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq onun xx.xx.2013-cü ildə anadan olmuş Fatimə, xx.xx.2016-cı ildə Rəvan və xx.xx.2018-ci ildə Dəniz adlı uşaqların saxlanılması üçün Beyləqan şəhəri, Avtosovxoz qəsəbəsi, 5-ci məhəllədə yaşayan uşağların anası İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 049 saylı Hərbi Hissə tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh aylıq pul məvacibi 967.62 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Beyləqan Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(020)-946/2020 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü Fatimə, xx.xx.2016-cı il təvəllüdlü Rəvan və xx.xx.2018-ci təvəllüdlü Dəniz adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat aliment tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş 150 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 150 manat məbləğində aliment xx.xx.2020-cı il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 03 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onların tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 18.05.213-cü il təvəllüdlü Fatimə, xx.xx.2016-cı il təvəllüdlü Rəvan və xx.xx.2018-ci il təvəllüdlü Dəniz adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-946/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş, hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və artırılmış hissədə alimentin illik məbləği, həmçinin iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 (əlli) manat məbləğində mediasiya dair xərci ödəməsi nəzərə alınmalı, cavabdehdən 50 (əlli) manat məbləğində mediasiya dair xərc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-946/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 18.05.213-cü il təvəllüdlü Fatimə, xx.xx.2016-cı il təvəllüdlü Rəvan və xx.xx.2018-ci il təvəllüdlü Dəniz adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün atası Cavabdeh hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq, ana İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat məhkəmə xərci tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar