Məhkəmə qərarları › İş №2(076)-2829/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2829/2024

06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2829/2024 06.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin və uşağın müalicəsi üçün əlavə xərclərin məbləğinin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və uşağın müalicəsi üçün əlavə xərc tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-3275/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Mələk adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və Zəhra adlı uşağın müalicəsi üçün əlavə xərc olaraq 200 (iki yüz) manat pulun və həmçinin ödənilmiş 51 (ǝlli bir) manat mediasiya xidmət haqqının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2012-ci ildə Zəhra və xx.xx.2014-cü ildə Mələk adlı uşaqları olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3275/2022 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150(bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulur. Azyaşlı uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Azyaşlı uşaqları böyüdükcə maddi tələbatları artır, orta məktəbdə təhsil alırlar, getdikcə xərcləri çoxalır. O hazırda azyaşlı övladları ilə birlkdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində çox ağır şəraitdə yaşayır. Belə ki, yaşadıqları ev demək olar ki, tam şəraitsiz vəziyyətdədir. O iki azyaşlı qız uşağı ilə orada çox çətinliklə yaşayır. Azyaşlı uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Həmçinin, azyaşlı övladlarından Zəhra adlı qızı bullyoz epidermpliz, yayılmış xroniki bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkir. Övladının səhhəti çox ağırdır. Hər ay onun müalicəsi üçün xərc çəkir. O hər dəfə uşağın müalicəsi üçün bütün xərcləri anasının köməkliyi ilə özü tək qarşılayır. Cavabdeh azyaşlı uşağın müalicəsinə heç bir köməklik göstərmir. Azyaşlı uşaq isə daim müalicə olunmalıdır. Hətta məhkəmə qətnaməsilə müəyyən edilmiş alimentin məbləği azyaşlı uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Özü hazırda heç bir yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və aylıq yüksək qazanca malikdir. Azyaşlı uşaqlar böyüyür və xərcləri olduqca çoxalmışdır. O alimentin məbləğinin artırılması və uşağın müailəcəsi üçün əlavə xərclərə cəlb edilmə tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verildi. Ona görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-3275/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Mələk adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(076)–2584/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsin və Cavabdeh alınıb İddiaçı verilməsinə qət etmişdir. İş materiallarında olan AZ-İİİ 687976 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X1 xx.xx.2012-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 662910 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X2 xx.xx.2014-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2024-01123 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Mələk adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, uşaqlar ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay 150 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq–aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşaqların mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə iddianın “uşağının xəstəliyinin müalicəsi ilə əlaqələr ayda 200 (iki yüz) manat sabit pulun məbləğində maddi yardımın” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin maddəyə əsasən valideyn alimentdən əlavə, uşağın saxlanılması üçün yaranan əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin bunun üçün əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmalıdır. Maddənin dispozisiyasında belə müstəsna halların bir qismi sadalanmışdır: uşağın ağır xəstəliyi, şikəstliyi, uşağa kənar xidmətin göstərilməsi zəruriliyi. Lakin eyni zamanda qanunla digər hallarda da, valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi imkanı müəyyən olunmuşdur. Lakin həmin tələbin təmini üçün uşağın xəstə olması, xəstəliyi ilə əlaqədar əlavə xərclərin yaranması və Ailə Məcəlləsinin 81.3-cü maddəsinə uyğun gələcək üçün də bu tələb irəli sürüldüyü halda, xərclərin gələcəkdə də çəkilməsinin zəruriliyi sübut olunmalıdır. İş materiallarında azyaşlı uşağın daimi (gələcəkdə) müalicəyə ehtiyacı olan xəstəlikdən əziyyət çəkməsini təsdiq edən hər hansı tibbi sənəd mövcud deyildir. Qeyd olunanlara əsasən “uşağının xəstəliyinin müalicəsi ilə əlaqələr ayda 200 (iki yüz) manat sabit pulun məbləğində maddi yardımın“ tələbi ilə bağlı hissəsində iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiaysında üzrsüz səbəbdən isştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t etdi̇ : İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)–3275/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Mələk adlı uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Mələk adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar