Məhkəmə qərarları › İş №2(076)-285/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-285/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-285/2025 28.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış TL-EE002448102 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 35 ay müddətinə 15000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. TL-EE002448102 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 15000 AZN, faiz borcu üzrə 1023.96 AZN olmaqla, cəmi 16023.96 AZN borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 138.07 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsini məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-34320/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Odur ki, Cavabdeh "xxxx" ASC-nin xeyrinə TL- EE002448102 saylı, xx.xx.2023-cü il tarixli 15000 manat əsas, 1023.96 manat faiz, cəmi 16023.96 manat pul vəsaitinin və 138.07 manat dövlət rüsumunun, 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona qarşı iddia qaldırıb, guya onun bankdan TL-EE002448102 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 24 faizlə 35 ay müddətinə 15000 manat kredit götürdüyünü qeyd etmişdir. Lakin, o kredit verilməsi üçün heç bir kredit təşkilatına və ya banka kreditin verilməsi, bank kartının açılması üçün müraciət etməmiş və kredit verilməsi üçün heç bir sənədə imza etməmişdir. O, 29 noyabr 2023-cü il tarixdə stulları satmağı ilə əlaqədar lalafo.az saytında elan yerləşdirmiş, elanda qeyd etdiyi 050—840-49-24 mobil nömrəsinə xarici ölkəyə məxsus nömrədən zəng gələrək stulları almaq istədiyini bildirmişdir. Buna görə bank kartına məxsus məlumatları ona göndərmişdir. Bundan sonra onun adına onlayn qaydada 15000 manat kredit götürülərək, həmin məbləğ ona məlum olmayan şəxs tərəfindən ələ keçirilmişdir. O, bankdan ona kredit ayrılması barədə razılıq da verməmişdir. Onun adına ayrılmış kredit məbləğindən heç bir şəkildə istifadə etməmişdir. Ona görə də həmin tarixdə Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun müraciəti əsasında cinayət işi başlanılmış və araşdırma gedir. Qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, TL-EE002448102 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (borcalan) arasında istehlak kredit müqaviləsi (tam kart vasitəsilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən tam kart kredit kartı vasitəsilə borcalana illik 24 faizlə 35 ay müddətinə 15000 manat kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh banka xx.xx.2023-cü il tarixli, TL-EE002448102 saylı kredit müqaviləsi üzrə 15000 manat əsas kredit borcu, 1023.96 manat faiz borcu olmaqla, cəmi 16023.96 manat məbləğində borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Cavabdeh bank kartından 15000 manat məbləğində pul vəsaitinin oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1152/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh "xxxx" ASC-nə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı iş materiallarında olan sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TL-EE002448102 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən tam kart kredit kartı vasitəsilə borcalana illik 24 faizlə 35 ay müddətinə 15000 manat kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun xx.xx.2023-cü il tarixli, TL-EE002448102 saylı kredit müqaviləsi üzrə 15000 manat əsas kredit borcu, 1023.96 manat faiz borcu olmaqla, cəmi 16023.96 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, TL- EE002448102 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı bank borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəmə iclasında kredit verilməsi və bank kartının açılması üçün banka müraciət etmədiyini, kredit verilməsi üçün heç bir sənədə imza etmədiyini, onun adına onlayn qaydada 15000 manat kredit götürülərək, həmin məbləğin naməlum şəxs tərəfindən ələ keçirildiyini, onun bankdan ona kredit ayrılması barədə razılıq da vermədiyini qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin, iş materialları ilə iddiaçı Cavabdeh "xxxx" ASC-nə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1152/2024 saylı qətnaməsi ilə rədd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Beləliklə Konstitusiya Məhkəməsinin Plenumunun gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə edilmiş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. Cavabdehlə kredit müqaviləsi bağlanan zaman qanunla qorunan hüquq və maraqlarının pozulması, eləcə də elektron qaydada bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olması məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Əksinə iddiaçı bank tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən imzalanmış kredit müqaviləsindən görünür ki, Bank tərəfindən tam kart kredit kartı vasitəsilə Cavabdeh illik 24 faizlə 35 ay müddətinə 15000 manat kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında cavabdeh kredit verilməsi və bank kartının açılması üçün banka müraciət etmədiyini, kredit verilməsi üçün heç bir sənədə imza etmədiyini, onun adına onlayn qaydada 15000 manat kredit götürülərək, həmin məbləğin naməlum şəxs tərəfindən ələ keçirildiyini göstərmiş olsa da, həmin hallarla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində hazırki kredit müqaviləsini mübahisələndirmiş və kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1152/2024 saylı qətnaməsi ilə Cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TL-EE002448102 saylı kredit müqaviləsi üzrə 15000 manat əsas kredit borcu, 1023.96 manat faiz borcu olmaqla, cəmi 16023.96 (on altı min iyirmi üç manat doxsan altı qəpik) manat manat pul vəsaiti və 138.07 manat dövlət rüsumu alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, TL-EE002448102 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 15.000 manat əsas kredit borcu, 1.023,96 manat faiz borcu, cəmi 16.023.96 (on altı min iyirmi üç manat doxsan altı qəpik) manat məbləğində pul alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh 138,07 (bir yüz otuz səkkiz manat yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar