Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2866/2023 05.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 1100 manat pulun və 41 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə uzun müddətdir ki, eyni yaşayış məntəqəsində, yəni Kür qəsəbəsində yaşamaqla bir-birbirlərini yaxşı tanıyırlar. Əvvəllər aralarında heç bir narazılıq və düşmənçilik olmamışdır. İki il əvvəl həyətinə iki taylı darvaza düzəldib gətirməsi üçün cavabdehǝ 1200 manat pul vermişdir. O, isə təxminən 3-4 gün müddətində iki taylı və keyfiyyətli darvazanı düzəldib gətirib evin həyətinin girişində quraşdırmasını öhdəsinə götürmüş, lakin o, öhdəliyinə tam əməl etməmişdir. Belə ki, sonra, yəni bir aydan sonra iki taylı darvazanı gətirib həyətinin girişində quraşdıranda görmüşdür ki, onunla arasında olan sövdələşməyə uyğun deyil, yəni həmin darvaza keyfiyyətsiz materialdan hazırlanmışdır. Ona görə də cavabdehdən darvazanı qaytarıb aparmasını və pulunu qaytarıb verməsini tələb etmişdir. Cavabdeh qısa müddətə pulu qaytarıb verməsinə söz vermişdir. Lakin cavabdehǝ dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq müxtəlif bəhanərlə pulunu verməkdən imtina etmişdir. Ona görə də o ona qarşı məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, bildirdi ki, özü uzun müddətdir ki, darvaza düzəltməklə məşğuldur. İddiaçını əvvəldən tanımış, 2 il əvvəl yəni 2021-ci ilin yay aylarında İddiaçı ona həyət evi üçün darvaza sifariş vermiş, o da öz növbəsində 1 ay ərzində düzəldib iddiaçının iştirakı ilə gətirib iddiaçının dediyi yerdə quraşdırmışdır. Həmin vaxt iddiaçı ona darvaza ilə bağlı hər hansı qüsur barədə irad bildirməmiş, pulunu alıb getmişdir. Qeyd edilən sifarişin pulunun bir hissəsini yəni 700 manatı darvaza sifarişi götürən zaman, qalan hissəsini isə darvazanı quraşdırdıqdan sonra vermişdir. Cəmi ona darvaza üçün 1100 manat pul verilmişdir. Darvazanın quraşdırılmasından 2 ildən artıq vaxt keçmişdir. Darvazada isə küçədə yağış və günəş altında qalmaqla müəyyən dəyişikliyin baş verməsi təbii haldır. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci ilin yay aylarında bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya darvaza düzəldib təqdim etmək üçün iddiaçı cavabdehə 1100 manat məbləğində pul vermiş, cavabdeh isə öz növbəsində darvazanı düzəldərək iddiaçı dediyi ünvanda quraşdırmışdır. Qeyd edilən halla işin iddiaçı və cavabdeh tərəfindən işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı cavabdeh tərəfindən aralarındakı razılaşmaya uyğun keyfiyyətdə darvazanın quraşdırılmamasıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə müqavilə tələbləri üzrə mülki hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 766-cı maddəsinə əsasən Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmin Məcəllənin 773-ci maddəsinə əsasən Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır. Çünkü tərəflər arasında müqavilə 2021-ci ilin yay aylarında bağlanmış, darvaza da elə həmin tarixdə təhvil verilmişdir. Bununla belə iddiaçı həmin tarixdən sonra yalnız xx.xx.2023-cü il tarixdə müqavilənin bağlanmasından və darvazanın təhvil verilməsindən 2 ildən artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə çıxış etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün birmənalı əsasdır. Məhkəmə ümumilikdə iddiaçının iddia tələbini cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq edərək rədd etdiyindən, digər əsaslarla iddianın rədd edilməsinin əsaslandırılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2866/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2866/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver