Məhkəmə qərarları › İş №2(076)-2876/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2876/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2876/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(076)-3240/2018 saylı qətnaməsi ilə hər ay hər uşağa görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə ödədiyi 50 manat pulun Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 24 yanvar 2012-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2014-cü il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsində nigahı rəsmiləşdirmişlər. Cavabdehlə 2017-ci ilə kimi birgə yaşamış, birgə yaşayış dövründə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Cavabdeh ayrılandan sonra uşaqları Fatimə və Mədinə onun himayəsində qalmışlar. Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3240/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehdən, iki azyaşlı uşağıın saxlanması üçün hər ay hər bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət olunmuşdur. Lakin hazırda həmin vaxtdan onun maddi vəziyyəti pisləşmiş, heç yerdə işləmir, bütün ərzaq və geyim əşyalarının qiyməti bahalaşmış, uşaqlarına məktəbli ləvazimatı ala bilmir, buna görə də uşağı məktəbə, hazırlığa gedə bilmir. Əksinə, məhkəmə qətnaməsi verildikdən sonra cavabdehin maddi vəziyyəti daha da yaxşılaşmışdır. O, Rusiya Federasiyasnda sahibkarlıqla, ev təmiri tikintisi ilə məşğul olur, yaxşı qazanc əldə edir, onun yüksək aliment vermək imkanı vardır. Qeyd olunanlara əsasən xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(076)-3240/2018 saylı qətnaməsi ilə hər ay hər uşağa görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə ödədiyi 50 manat pulun Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh onun oğludur. Oğlu hazırda Rusiya Federasiyasında yaşayır. Oğlu Cavabdeh İddiaçı ilə boşandıqdan sonra Çinarə Quliyeva ilə ailə qurmuş, həmin nikahdan xx.xx.2017-ci il tarixdə Ayla adlı uşağı doğulmuşdur. Daha sonra Ç. Quliyeva ilə boşanmış, həmin nikahdan doğulmuş Ayla adlı uşağın saxlanması üçün 150 manat aliment müəyyən edilmişdir. Hazırda oğlu Aslan həmin uşağa da aliment ödədiyindən, eyni zamanda oğlu heç bir yerdə işləmədiyindən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqların ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-944/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 avqust 2014-cü il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində bağlanmış və 370 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş 29 dekabr 2012-ci il təvəllüdlü Fatimə və 27 iyul 2014-cü il təvəllüdlü Mədinə adlı uşaqların İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-3240/2018 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)- 3347/2018 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Ayla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞQ/1-00448 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 5 ildən artıq müddət keçmiş, həmin müddətdə minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin ailə və maddi vəziyyətində hər hansı əsaslı dəyişiklik baş verməsə də, həmin vaxtdan bugünə kimi olan müddətdə cavabdeh yenidən ailə qurmuş və həmin nikahdan olan uşağına da aliment müəyyən edilmiş, eyni zamanda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda 2018-ci il üçün bu məbləğ 154 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-3240/2018 saylı qətnaməsinin müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar