Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2921/2023 03.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 15323 nömrəli, 01 oktyabr 2019-cu il tarixli Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 889.21 ABŞ dolları qalıq məbləğini ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla, 5 il (12 ay güzəşt müddəti müəyyən edilməklə) müddətinə 1511 manat 66 qəpik məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış eyni tarıxli və nömrəli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müxtəlif bəhanəlrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 950 manat 18 qəpik, faiz borcuna görə 3 manat 65 qəpik manat, dəbbə borcuna görə 10 manat, cəmi 963 manat 83 qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 28 avqust 2023-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 15323 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə illik 1 faiz olmaqla 5 il müddətinə 1511.66 manat məbləğində kredit vermişdir. İş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 15323 saylı zaminlik müqaviləsindən görünür ki, Təfərrux Fərzəliyeva xx.xx.2019-cu il tarixli, 15323 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəlikləri üzrə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə 950.18 manat, faiz borcuna görə 3.65 manat, dəbbə borcuna görə 10 manat, borcun cəmi məbləği 963.83 manat borcu qalmışdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamələrdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13 sentyabr 2023-ci il tarixdə məhkəmə bildirişini qəbul etmişlər, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmiş, göstərilənlər nəticəsində cavabdehlərin iddiaçıya cəmi 963.83 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən kredit müqaviləsinə görə yaranmış əsas borc üzrə 950.18 manat, faiz borcuna görə 3.65 manat, cərimə borcuna görə 10 manat, cəmi 963.83 manat borc alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 950.18 manat, faiz borcuna görə 3.65 manat, dəbbə borcuna görə 10 manat, cəmi 963.18 (doqquz yüz altmış üç manat on səkkiz qəpik) manat borc alınıb iddiaçı BOKT "xxxx" MMC-nə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınıb iddiaçı BOKT "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2921/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2921/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver