Məhkəmə qərarları › İş №2(076)-295/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-295/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-295/2025 05.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 7375 (yeddi min üç yüz yetmiş beş) manat pulun alınaraq ona ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «KİA» markalı, Cedd minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin sentyabr ayında Cavabdeh taksi kimi istifadə etmək üçün vermişdir. Cavabdeh «KİA» markalı, Cedd minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etdiyi müddət ərzində avtomobillə qəza törətmiş və bununla da avtomobilə 4000 (dörd min) manatlıq zərər vurmuşdur. Avtomobili təmir etməyə pulu olmadığına görə, ona öz adına KontaktHome-dan 1700 (bir min yeddi yüz) manat dəyərində hər ay 535 (beş yüz otuz beş) manat şərti ilə televizoru kredit götürmüş, televizoru satıb pul edib avtomobilin təmirinə xərcləməsini, Cavabdeh aylığını ödəyəcəyi barədə razılaşmışlar. Cavabdeh aylıq 535 (beş yüz otuz beş) manatı ödəmədiyinə görə, 1700 (bir min yeddi yüz) manat pulun üstünə faiz pul gəlmiş, ümumilikdə 2500 (iki min beş yüz) manat pul təşkil etmişdir. Bundan başqa, «KİA» markalı, Cedd minik markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilinin təmirinə pul çatmadığı üçün, Cavabdeh ondan xahiş etdi ki, o öz şəxsi maşınını lombarddan kredit pul götürüb avtomobilini girov qoysun, ordan 2500 (iki min beş yüz) manat pul götürərək, sözügedən əzilmiş avtomobilin təmirinə xərclənsin. O da, ǝlacsız qalaraq cavabdehlə razılaşaraq, öz şəxsi Hyundai avtomobilini girov qoyaraq, 15 aylıq hər ay 375 (üç yüz yetmiş beş) manat olmaqla, 2500 (iki min beş yüz) manat pul götürmüşdür. Həmin krediti iki ayını ödədi, sonra isə kreditin ödəməsindən yayınmışdır. 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat ona borcu yaranmışdır. Beləliklə, Cavabdeh ona ümumilikdə 7375 (yeddi min üç yüz yetmiş beş) manat borcu yaranmışdır. O dəfələrlə Cavabdeh zəng vurub yaranmış borclarının ödənilməsini xahiş etmişdir. Lakin, Cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir, bundan sonra hətta onu telefonda söyüb təhqir etmişdir. Bir sözlə pulu qaytarmaqdan konkret olaraq boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh 7375 (yeddi min üç yüz yetmiş beş) manat pulun alınaraq ona ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Sabunçu RPİ-nə verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tanıdığını, ona məxsus olan KİA Cedd markalı avtomobilini günlük 60 manata icrarəyə götürmüşdür. Həmin avtomobili qəza etdikdə, avtomobilə dəymiş ziyan 4000 manat təşkil etmişdir. Avtomobilin təmiri üçün X2 Vəliyevin adına 1700 manat dəyərində aylıq ödənişi 535 manat olan televizoru kreditə götürmüşlər. Sonra həmin televizoru 1200 manata sataraq avtomobilin təmirinə xərclənmişdir. Televizorun kreditindən bir ay ödəmiş lakin daha sonra televizorun kreditini ödəmədiyinə görə 2500 manat borc yaranmışdır. İddiaçı avtomobilin təmiri üçün lombarddan 2500 manat pul götürmüşdür. Həmin puldan iki ay 375 manat ödəniş etmişdir. Ödənişləri edə bilmədiyi üçün borc həmin lombarda 4875 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı məxsus avtomobilə maddi ziyan vurmuşdur. Vurulmuş zərərin qarşılanması üçün kredit götürülmüş, lakin kredit məbləği də ödənilmədiyindən kredit üçün müəyyənləşdirilmiş faiz məbləği ilə birlikdə Cavabdeh İddiaçı ümumilikdə 7375 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiasının təsdiqi kimi Cavabdeh Sabunçu RPİ-də verdiyi izahatını mötəbər sübut kimi qəbul edilməlidir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş ziyana görə 7375 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh vurulmuş ziyana görə 7357 (yeddi min üç əlli yeddi) manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7375 (yeddi min üç yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar