Məhkəmə qərarları › İş №2(076)-2970/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2970/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2970/2024 21.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı 1040 manat məbləğində borc pulun, vurulmuş maddi ziyana görə 500 manat pulun və 36 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəldən tanıyır, yaxşı ünsiyyətdə olmuşlar. Cavabdeh təxminən 8 ay əvvəl, xeyir iş üçün xeyli quzu almalı olduğunu bildirərək quzularını satıb-satmadığını ondan soruşmuş, o isə satacağını bildirmişdir. Sonra cavabdeh həyətinə daxil olaraq quzularını bəyənmiş və 11 başını alacağını bildirmişdir. O isə razılaşmışdır. Sonra cavabdeh demiş ki, pulunu hazırda verməyə imkanı yoxdur bir müddət sonra verəcək. Ona inandığından aralarında 2024-cü ilin oktyabr ayında bağladıqları şifahi müqaviləyə əsasən pulunun 600 manatını səhəri gününə və 500 manatını isə həmin ayın 20-də verəcəyi şərti ilə 11 (on bir) baş quzunun hər birini 100 (yüz) manatdan, yəni cəmi 1100 (min yüz) manata cavabdehə satmışdır. 2 ay əvvəl cavabdeh borclu olduğu puldan 60 mantını vermişdir. Qalan hissəsini, yəni 1040 manatını verməmişdir. Bundan başqa cavabdehdən pulunu almaq üçün dəfələrlə onun yaşadığı ünvana getməyinə görə itirdiyi vaxta görə 500 manat məbləğdə ziyana düşmüşdür. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə pulu verməmişdir. Ona görə o bu barədə şikayət ərizəsi yazaraq Şəmki rayon polis şöbəsinə müraciət etmişdir. Araşdırmadan sonra polis şöbəsindən bildirildi ki, o, X1 qarşı mülki qaydada məhkəmədə iddia qaldırmalıdır. Ona görə də ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olub. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh ilə əvvəldən münasibətləri yaxşı olmuşdur. Lakin, heyvan alqı-satqısı məsələsindən sonra cavabdeh onun borcunu qaytarmamış, dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, o, müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmiş və onu əlverişsiz vəziyyətə salmışdır. Cavabdeh ona ümumi borcundan 60 manat ödəməklə, hesab edir ki, cavabdehin niyyəti onun etibarından sui–istifadə etməklə aldığı pulu ödəməməkdən ibarət olmuşdur. Bununla da iddiaçının əlavə maddi zərər çəkməsinə səbəb olmuşdur. Habelə, cavabdehin borclu olduğu pulu qaytarmamasına görə o, 500 manat məbləğində ziyana düşmüşdür. Ona görə də iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən məhkəmənin hazırlıq iclasında verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, İddiaçı həqiqətən xırdabuynuzlu heyvanlar aldığını və iddiaçıya 1040 manat borcu olduğunu etiraf etmiş və lakin maddi imkanı olmadığından borcnun ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 1040 manat məbləğində pulun verilməsini və həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatının və iş materiallarını tədqiq edərək müəyyən etdi ki, iddiaçı cavabdehə 1100 manat dəyərində xırdabuynuzlu heyvan vermişdir. Cavabdeh isə həmin məbləğin 60 manat hissəsini iddiaçıya qaytarmış və ödənilməmiş 1040 manat borcu qalmışdır. Cavabdeh qeyd olunan borcunu qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qanun normasında borc müqaviləsin predmetinin məbləğinin yalnız üç min manatdan çox olması halında borc müqaviləsinin yazılı formada bağlanmasını qeyd etmişdir. Hazırkı iş üzrə məhkəmə tərəflər arasında olan bu halı cavabdehin iddiaçıdan borc pul almasını kifayət qədər əsaslar olduğuna görə tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması kimi qiymətləndirir. Həmçinin, Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından, eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 1040 manat borc hissəsində təmin edilməlidir. İddianın digər 500 manat maddi zərər hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddianın həmin hissəsi ilə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 1040 manat məbləğində borclu olması, həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası həmin hissədə əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh 1.040 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbinin digər 500 manat maddi zərər hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1040 (bir min qırx) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh 36 (otuz altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar