Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3038/2023 16.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə el adəti ilə xx.xx.2010-cu ildə ailə həyatı qurmuşlar. Nikahları xx.xx.2010-cu ildə rəsmi qeydiyyata alınmışdır. Birgə nikahlarından xx.xx.2011-ci ildə X3 adlı bir övladları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-122/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(076)- 1130/2014 saylı qətnaməsi ilə bir uşağa görə 80 manat sabit pul məbləğində müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2241/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aliment miqdarı onun ərizəsinə əsasən artırılaraq bir uşağa görə 100 manat sabit pul məbləğində müəyyən edilmişdir. Daha sonra isə Şəmkir Rayon Məhkəməsinin 2(076)-976/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aliment miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. Hazırda uşağın ehtiyaclarını 100 manat ilə ödəməkdə çətinliklər çəkir, uşağı xəstədir və davamlı müalicəyə ehtiyacı vardır. O, heç bir yerdə işləmir, başqa gəliri yoxdur və maddi vəziyyəti ağırdır. Cavabdehin maddi imkanı yaxşıdır, yaxşı gəliri var özü üçün biznes qurub ticarətlə məşğuldur. İddiaçı məhkəməyə teleqram vuraraq bildirmişdir ki, himayəsində azyaşlı uşağının olduğuna görə məhkəmə iclasına gələ bilmədiyini və işə onun iştrakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun rəsmi iş yeri yoxdur və heç bir yerdə işləmir. İddia ərizəsində göstərilən miqdarda aliment ödəmək imkanı yoxdur. Ona görə də iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 manat sabit pul məbləği həddində aliment Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə X2 doğulmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə evliliklərindən anadan olmuş uşağın saxlanması üçün cavabdehdən məhkəmə qətnaməsi ilə hər ay 140 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş, cavabdeh həmin məbləği vaxtlı-vaxtında ödəyir, lakin hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları və ehtiyacları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə qismən əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, mediasiya xərci isə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 240 manat (20 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 12 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-3038/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3038/2023
16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver